"25-30 il əvvəl saxta diplomların verilməsi inandırıcı deyil. Həmin illərə aid bir-neçə nadir saxta diplom alınıbsa, onları bu gün aktuallaşdırmağa dəyməz”.
Bu sözləri Sherg.az-a 30 il bundan qabaq alınan və saxta olması müəyyənləşdirilməyən diplomlardan danışarkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
O bildirib ki, həmin vaxt ciddi qeydiyyat, nəzarət və yoxlama tədbirləri həyata keçirildiyinə görə, saxta diplom verilməsi mümkün deyil:
"30 il əvvəl həqiqi təhsil alan şəxslərə diplom verilirdi. Saxta diplomlar ictimai qarışıqlıqdan sonra, müəyyən problemlərlə bərabər yayılıb. Bunlar əsasən xaricdən - Dağıstan, Rusiya, Ukrayna və Gürcüstandan əldə edilirdi. Özəlləşmə ilə bağlı yaranan problemlər bu məsələni də gündəmə gətirdi. Sırf bu məsələ ilə məşğul olan müxtəlif təşkilatlar yaradılırdı. Son 10-15 ilin saxta diplomları daha kütləvidir. Hüquqi baxımdan saxta olduğu üçün işləmək imkanı vermir. Digər tərəfdən isə bu diplomlar müasir təlim-tədris texnologiyalarına da uyğun gəlmir. Çünki o şəxslər təhsil almayıb və təhsil prosesinə də daxil ola bilmirlər. Düşünürəm ki, saxta diplomun ayaq açmaması üçün işə götürənin sənədlərə diqqət etməsi vacibdir. İnsan ağzını açan kimi bilinir ki, bu sahənin bilicisidir yoxsa yox. Hətta bəziləri yaxın sərhəddən kənar bölgələrdən saxta diplomları alıb deyə, onların xarici dil qabiliyyətinin yoxlamaq da olar. Məsələn, rusca bilmir, amma Dağıstanda universitet oxuyub, ukraynaca tək kəlmə danışmır, orada ali təhsil alıb, eynilə digər ölkələrdə. Axı bu mümkün deyil”.
Ekspertin sözlərinə görə, saxta diplom alan və ya verən şəxslər buna görə məsuliyyətə cəlb edilməlidir:
"Bundan əlavə, səhvən saxta diplom almış şəxs işə götürülübsə, onun tədris prosesində peşəkar olmamağı özünü göstərəcək. Bu zaman artıq kollektiv, həmçinin müəllimdirsə, valideynlər, şagirdlər özləri müəyyənləşdirəcək ki, işə bələd deyil, təhsil səviyyəsi aşağıdır. O zaman yenə araşdırma aparıb, sənədin saxtalığı üzə çıxarıla bilər.
İndiki zamanda, əsasən, müəllimlərin saxta diplom almasına diqqət etsək, diaqnostik qiymətləndirilmə ilə onların savadsızlığının üzə çıxacağına inana bilərik. Saxta diplomlu müəllimlər üçün bu şərtlər altında daha çox çətinliklər yaranacaq. Bu insanlar əvvəl özləri üçün hesabat verməlidirlər ki, nahaq yerə bunu alıb, sonra əziyyətini çəkməyin nə mənası var? Bu gün təhsil almaq imkanları kifayət qədər yüksəkdir, özünü təkmilləşdirmə üçün kurslar var, oxumaq, bilik öyrənmək istəyən şəxslər şərt deyil ki, ali təhsil alsın. Sertifikat verən etibarlı kurslarla da bacarığı olan şəxslər normal iş tapa bilər”.
Qeyd edək ki, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev saxta diplomlarla bağlı şikayətlərin tendensiyasının azalmaq üzrə olduğunu deyib. K.Əliyevin sözlərinə görə, elə diplomlar var ki, 30 il bundan qabaq alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir.
Aysel Aslan