Leyla Əliyeva: "Boş vaxt tapan kimi onlar Azərbaycana səfər edir”
Aydın Ağayev: "Həmsədrlər tərəflərlə danışdıqlarını müzakirə edib, sonra da bir bəyanat yaydıqdan sonra çıxıb gedəcək”
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti dəfə noyabrın əvvəllərində səfər edəcəklər. Diplomatik mənbədən verilən məlumata görə, vasitəçilər regiona noyabrın ilk həftəsində gələcəklər. Həmsədrlər səfərlərinə Bakıdan başlayacaq, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər.
Bakıdan sonra onlar İrəvana yollanacaqlar. Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir: "Vasitəçilər prezidentlərə görüş təklifi etmək niyyətindədirlər. Lakin hər şey tərəflərdən asılıdır. Tərəflər razılıq verəcəyi təqdirdə, görüş noyabrın sonlarında baş tuta bilər”.
Azərbaycanlı politoloqlar isə bildirirlər ki, həmsədrlərin növbəti səfəri də əvvəlkilərdən fərqlənməyəcək.
Politoloq Leyla Əliyeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi artıq dalana çatıb. Madrid prinsipinin 4 qərarından ikisini artıq Azərbaycan qəbul edib. Digər ikisini isə Ermənistan. Bu da münaqişənin həllinə mane olur. Həmsədrlər də bundan çıxış yolu axtarır. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıya münaqişənin həllinə təkan vermək üçün gəlirlər. L.Əliyevanın sözlərinə görə, həmsədrlərin bu səfəri də onlara inamsızlığın fonunda baş tutacaq. Politoloqun sözlərinə görə, həmsədrlərin bu səfərindən də müsbət irəliləyiş gözləməyə dəyməz: "Artıq həmsədrlərin bölgəyə səfəri bir adət halını alıb. Boş vaxt tapan kimi onlar Azərbaycana səfər edir. Bu səfər çərçivəsində də monitorinqlər aparırlar. Odur ki, bu səfərdən bir şey gözləmirəm”.
Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev isə belə deyib: "Həmsədrlərin bölgəyə səfərindən gözləntilərim əvəzinə standart cavablardan istədiyinizi yaza bilərsiniz”. A.Ağayevin sözlərinə görə, hazırda Minsk Qrupunun fəaliyyəti ondan ibarətdir ki, heç bir fayda verməyən, nəticəsi ümumi sözlərdən ibarət bəyanatlar şəklində olan nizamlama prosesi davam etdirilsin: "Bəzi mütəxəssislərin pauza mərhələsi adlandırdığı indiki şəraiti dəyişmək, get-gəllərin sayını artırmaq, kütləvi informasiya vasitələrinin gündəmində olmaq vasitəçilərin əsas prinsipinə çevrilib. Son zamanlar həmsədrlərin bölgəyə səfərində fasilə vardı. Yəni müntəzəm get-gəl yox idi. Biz də ayrı məsələlərdən danışırdıq. Həmsədrlərin gəlişinin bizim üçün yeganə təsiri odur ki, mövzumuz dəyişdi. Yəni bir müddət onların səfərindən, görüşlərindən danışacağıq. Bir sözlə, əvvəlki səfərlər necə, bu da elə”.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün çox ciddi məsələ olduğunu vurğulayan millət vəkili deyib ki, görüşün baş tutması üçün çox ciddi əsaslar olmalıdır. Azərbaycanın öz haqlı mövqeyini müdafiə etmək üçün hər şeyi etdiyini deyən Aydın Ağayev bildirib ki, dünya birliyinin məsələyə ədalətli yanaşmaması səbəbindən münaqişənin düyünü açılmır. Görüş xatirinə keçirilən görüşlərin heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayan şöbə müdirinin sözlərinə görə, bu problemin ədalətli məcraya düşməsi üçün Ermənistana mütləq təzyiq olmalıdır: "Ötən illər ərzində biz münaqişənin həlli istiqamətinə keçirilən müxtəlif formatlı görüşləri də, onların necə nəticəsiz qaldığını da görmüşük. Nəticəsizliyin isə yeganə səbəbi Ermənistanın mövqesizliyidir. "Ermənistanın mövqeyi niyə məlum deyil” sualını isə ermənilərin havadarlarına vermək lazımdır. Biz bu suala cavab almadıqca nə görüşlərə, nə də onların nəticələrinə ümid etməliyik. Hesab edirəm ki, Ermənistan, prinsipial mənada ona xəbərdarlıq olunduğunu gördükdə konstruktiv mövqe tuta bilər. Hələ ki, ona bu xəbərdarlığı heç kim etmir. Həmsədrlər tərəflərlə danışdıqlarını müzakirə edib, sonra da bir bəyanat yaydıqdan sonra çıxıb gedəcək. Mən bu səfərdən artıq heç nə gözləmirəm”.