Azərbaycan və Türkiyə arasında viza rejimi gələn il ləğv oluna bilər. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov mətbuata verdiyi müsahibəsində bildirib. Səfir qeyd edib ki, viza rejiminin ləğv olunması istiqamətində işlər davam edir. Artıq viza məsələləri ilə bağlı azərbaycanlı mütəxəssislərdən ibarət böyük bir nümayəndə heyəti Ankaraya gəlib. Yaxın zamanda Türkiyədən də nümayəndə heyətinin Azərbaycana gəlməsi gözlənilir. Politoloq Razi Nurullayev ümumiyyətlə Azərbaycanla-Türkiyə arasında viza rejiminin olmasını absurd sayır və deyir ki, məsələnin tezliklə öz həllini tapması qardaş ölkə ilə əlaqələrimizi daha da gücləndirəcək: "Hansısa səbəblərdən, ziyanlardan və müəyyən nəticələrdən asılı olmayaraq, viza rejimi birmənalı şəkildə Azərbaycan tərəfindən də tətbiq edilməli idi. Ola bilər ki, hökumətin kifayət qədər ciddi əsasları var və onlar bu səbəbdən Türkiyə ilə viza rejimini ləğv etmək istəmirlər. Bunu istisna etmirəm. Hətta ola bilsin, bizim rəsmilər vəziyyəti bu və ya digər şəkildə Türkiyənin hökumət nümayəndələrinə də izah ediblər. Amma onların açıqlamalarından və göstərdikləri təpkilərdən aydın olub ki, türk siyasi dairələri irəli sürülən əsaslandırmalarla tam razılaşmırlar. Eyni zamanda türk ictimaiyyəti də Azərbaycanın bu mövqeyini təpki ilə qarşılayır və narazılıq edirlər. Əlbəttə, hökumətimiz bunu bilir. Əgər artıq viza rejimi ilə bağlı ikitərəfli görüşlər başlayıbsa, deməli, bizim tərəfdən də viza rejiminin ləğv olunması ilə bağlı müəyyən irəliləyişlər var. Düşünürəm ki, hazırda tələb olunan şey siyasi razılıqdır”. Politoloq indiyə kimi viza rejiminin ləğv edilməməsinin səbəblərini bu amillərlə izah edib: "Azərbaycan əhalisi cəmi 9 milyondur, amma Türkiyənin əhalisi bizdən dəfələrlə çoxdur. Yəni Türkiyədən Azərbaycana gələn insanların çoxluğunu nəzərə alsaq, dövlətimiz bununla bağlı müəyyən xərcləri öz üzərinə götürməli və yeni sərhəd məntəqələri yaratmaq məcburiyyətində qalacaq ki, bu da dövlətimiz üçün əlavə iş və məsuliyyət deməkdir. İkinci səbəb isə İranla bağlıdır. Əgər Türkiyə-Azərbaycan arasında viza rejimi ləğv olunarsa, eynilə İran da bizdən vizasız rejim tələb edəcək. Təbii ki, məsələnin bu şəkildə siyasiləşməsinin əleyhinəyəm. Ancaq istənilən halda çalışmalıyıq ki, Azərbaycan-Türkiyə qardaşlığına xələl gəlməsin. Yəni hər hansı məsələ ilə bağlı kiminsə narazı düşməsindən ehtiyatlanaraq gecikmiş addım atmaq yolverilməzdir”.