"Azərbaycanlı deputatların Rusiya Dumasında, rusiyalı deputatların isə Azərbaycan Milli Məclisində çıxış etmələrinə ehtiyac var. Çünki iki ölkə arasındakı münasibətlərdə parlamentlərin rolu böyükdür. Odur ki, süni yaradılmış bu problemin həlli üçün parlamentlərin ciddi fəaliyyətə keçməsini zəruri sayıram”.
Bunu Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, son günlər yaranmış gərginliyi azaltmaq üçün iki ölkənin parlamentarilərinin təcili olaraq qarşılıqlı səfərlərinin təşkilinə ehtiyac var. Qeyd edək ki, Rusiya vətəndaşı Yeqor Şerbakovun qətli və onun ölümündə təqsirli bilinərək həbs olunan həmyerlimiz Orxan Zeynalovun milis qüvvələri tərəfindən təhqirlərə məruz qalması iki ölkə arasındakı münasibətlərin yenidən soyuqlaşmasına səbəb olub. Məsələnin bilərəkdən şişirdildiyini vurğulayan deputat gecikmədən ciddi önləmlərin alınmasını təklif edib və bildirib ki, yaranmış problem Rusiyadakı azərbaycanlılar üçün yaxşı heç nə vəd etmir.
Deputat həmkarları da V.Əhmədovun təklifini dəstəkləyiblər. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Elmira Axundova O.Zeynalov məsələsinin və bundan sonra baş verən hadisələrin arxasında siyasi, maliyyə və əmlak məsələlərinin olduğunu qeyd edib. Millət vəkili bildirib ki, hadisələri şişirtməkdənsə, onların səbəblərini araşdırmaq və çıxış yolları tapmaq lazımdır: "Həm Rusiya, həm də Azərbaycan vətəndaşları tərəfindən düşünülməmiş addımlar atıla bilər. Ancaq buna dövlət səviyyəsində münasibət bildirilməli və kompleks tədbirlər görülməlidir”. E.Axundova bildirib ki, Rusiyaya gedən miqrantların çoxu hüquqi əsaslarla orada işləmir. Ona görə sabah Rusiya hökumətinin ixtiyarı var ki, onları ölkədən deportasiya etsin: "Bəs sonra bu insanların aqibəti necə olacaq? Məsələni dərhal səhmana salmaq lazımdır. Qrup şəklində, millət vəkilləri olaraq gedib Rusiyada danışıqlar aparsaydıq, pis olmazdı”.
Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə də sözügedən məsələnin həlli üçün hər yola baş vurulmasını məqbul sayır: "Həm dövlət xətti, həm xalq diplomatiyası, həm də oradakı diasporanın müvafiq addımları ilə yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədəuyğundur. Eyni zamanda qətldə şübhəli bilinən O.Zeynalovun hüquqi müdafiəsinə, yəni onun vəkillə təminatına və cinayətin obyektiv araşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Çünki ortada olan videogörüntü heç də adıçəkilən şəxsin günahkar olduğunu sübut etmir”. A.Mirzəzadə deputat həmkarlarının Rusiyaya səfər təklifini də müsbət dəyərləndirir: "Tək bir yoldan istifadə metoduna istinad əsla düzgün olmaz. Hadisədən-hadisəyə deyil, ümumiyyətlə bütün dövrlərdə, vaxtaşırı sadaladığım müxtəlif üsullardan istifadə edilməlidir. O cümlədən bir qrup deputatın Moskvaya səfəri, oradakı həmkarlarımızla görüşməsi və bunun rus mətbuatında yayılması iki ölkə arasında münasibətlərin yaxşılaşmasına, anlaşılmazlıqların aradan qaldırılmasına, məsələ ilə bağlı ictimaiyyətdə sağlam təfəkkür formalaşmasına yardım edə bilər”.
Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov da həmkarı Vahid Əhmədovun təklifini bəyənir: "Vahid müəllim dostumdur. Etdiyi təklif də ağlabatan fikirdir. Hesab edirəm ki, öncə cinayətkar haqqında məhkəmə prosesinin düzgün gedişini formalaşdırmaq lazımdır. Təəssüflər olsun ki, Rusiyada bu sahədə çox mənfi işlər görürlər. Əvvəl yalandan dedilər ki, O.Zeynalov adam öldürdüyünə görə Azərbaycanda axtarışdadır, amma sonra aydın oldu ki, belə bir şey yoxdur. Ancaq buna baxmayaraq, düşünülmüş şəkildə O.Zeynalovdan bir "qatil” obrazı yaratdılar və haqqında çox işgəncəli, təhqiredici hərəkətlərə yol verdilər. Bunların hamısı tez zamanda aradan qaldırılmalıdır ki, Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməsin. Bu, hər iki ölkədə də baş verə biləcək adi cinayət hadisəsidir. Soyuqqanlıqla istintaq aparılmalıdır. Əgər saxlanılan şəxsin cinayəti təsdiq edilərsə, əlbəttə o, öz cəzasını almalıdır. Yox əgər təqsiri yoxdursa, o zaman bundan şou düzəldərək milli hissələri oyatmağın heç bir mənası və faydası yoxdur”.