Mənzillər yeni ilə qədər jurnalistlərə təhvil veriləcək

Bütün sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın mənzilləri yeni ilə qədər sahiblərinə təhvil veriləcək. Bunu "Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. O bildirib ki, bina ilə bağlı sərəncamın verilməsi üçün bütün sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: "Öncə qurumun komissiyası sənədlərə baxıb rəy verir ki, sənədlər qəbul olunsun. Daha sonra məsələ ilə bağlı xüsusi dövlət komissiyası yaradılır və həmin komissiya üzvləri o sənədlərə qol çəkir. Son olaraq isə binanın istismara verilməsi üçün ikinci sərəncam imzalanır. Binadakı mənzillər yeni ilə qədər sahiblərinə təhvil veriləcək”. Yeni Salyan yolu, 22-də yerləşən binanın açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.