Milli Şura mitinq keçirmək üçün meriyaya müraciət ünvanlayıb. Qurumun yaydığı məlumatda bildirilir ki, "İnşaatçılar” metrosu yaxınlığındakı "Məhsul” stadionunda aksiyanı gerçəkləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məktub göndərilib. Meriya isə bildirir ki, Milli Şuradan onlara belə bir müraciət daxil olmayıb. Sadəcə Milli Şura müraciətin mətnini yayıb və qərarını təşkilatın prezidentliyə namizədi olmuş Cəmil Həsənli Avropa səfərindən qayıtdıqdan sonra verəcək.
Maraqlı məqam isə bundan ibarətdir ki, meriyaya məktub göndərməyən, sadəcə açıqlama yayan Milli Şura aksiyaya icazə verilməyəcəyini deyir. Avropada olan C.Həsənli isə bildirib ki, əgər sözügedən stadionda mitinqin keçirilməsinə icazə verilməsə, mitinqi şəhərin mərkəzindəki Fəvvarələr Meydanında keçirəcəklər.
Görünən odur ki, Milli Şurada cəmlənən müxalif qüvvələr indi də hakimiyyət orqanlarını günahkar çıxarmağa cəhd edirlər. Sanki rəsmi orqanlarla "siçan-pişik” oynayırlar. Çünki müxalifət düşərgəsi aksiya keçirmək üçün qanuni olaraq BŞİH-nə rəsmi şəkildə müraciət edirdilər. Hətta mitinqə icazə verilməsi üçün meriya ilə danışıqlar da aparırdılar. Amma bu dəfə rəsmi müraciət etməyiblər. Guya ki, mitinq keçirmək üçün meriyaya məktubu guya müraciəti poçt vasitəsilə yollayıblar və əllərində "qəbzləri” var. Amma bundan meriya məlumatsızdır. Heç kəsə də məlum deyil ki, müraciət məktublarını hara göndəriblər və o məktubda ümumiyyətlə nə göndəriblər. Rəsmi orqan olan meriya onlara heç bir müraciət daxil olmadığını açıqlasa da, bunlar "məktub göndərilməsi haqqında əlimizdə "qəbzimiz” var” deyirlər. Müraciətin göndərilmədiyini meriya deyirsə, qəti əminlik yaranır ki, Milli Şura ümumiyyətlə BŞİH-nə heç bir müraciət ünvanlamayıb. Sadəcə, bu haldan istifadə edib hakimiyyətə qarşı növbəti qarayaxma planı həyata keçirmək istəyirlər. Yəni ki, bu ölkədə aranı qarışdırmağa cəhd göstərən müxalifətin növbəti uğursuz cəhdidir.
Maraqlı məqamlardan biri isə Milli Şuradakıların C.Həsənlinin Avropadan nə zaman qayıdacağını bilməmələridir. Sual olunur, oktyabrın 20-nə necə mitinq təyin ediblər ki, başçılarının nə zaman qayıdacaqlarını bilmirlər. Axı özlərinin yaydıqları müraciət mətnində də göstərilir ki, C.Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüşü keçiriləcək.
Məlumatlara görə, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası dönəmində C.Həsənlinin amerikalı polittexnoloqu ona tövsiyə edib ki, teledebatlarda, müsahibələrdə, mitinqlərdə hədəfi bir nöqtəyə vursun və birbaşa dövlət başçısını hədəfə götürsün. Onlar belə düşünürdülər ki, C.Həsənlinin ünvanlı çıxışları bir tərəfdən onun haqqında cəsarətli siyasətçi obrazının yaranmasına səbəb olacaq, digər tərəfdən də cəmiyyətdə dövlət başçısına qarşı cəmiyyətin total hücumunu stimullaşdıracaq. Amma göründüyü kimi, C.Həsənlinin təhqiramiz ritorikası heç bir effekt vermədi.
İndi də həmin polittexnoloq bunlara məsləhət verir ki, mitinqlərin keçirilməməsi müxalif elektoratda ruh düşgünlüyünə, dərin məyusluğa, depressiyaya səbəb olacaq. Bunun nəticəsi kimi elektoratın Milli Şura başçılarına inamı itəcək, insanlar onlardan üz döndərəcək. Bu hal sonrakı mərhələdə Milli Şurada günahkar axtarışına səbəb olacaq, qarşılıqlı ittihamlara, ziddiyyətlərin dərinləşməsinə və nəticə etibarilə Milli Şuranın dağılmasına gətirib çıxaracaq. Bunun baş verməməsi üçün Milli Şura mitinqləri dayandırmamalı, əgər bunu bacarmırsa, gücü çatmırsa, adam toplaya bilmirsə, mitinq görüntüsü yaratmalı və qarşıdurmaya getməlidir.
Cəmil Həsənlinin lazım gələrsə, Milli Şuranın şəhərin mərkəzində də icazəsiz aksiya keçirəcəyini bildirməsi başdan-ayağa təxribat məqsədi daşıyır. O, radikal müxalifətçiləri qanunazidd əməllərə təhrik edir və ictimai asayişi təmin edəcək hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaratmağa meyilli olduğunu göstərir. Görünür, bu da C.Həsənlinin amerikalı polittexnoloqunun növbəti məsləhətidir.
Hər kəsə məlumdur ki, seçki ərəfəsində Milli Şuranın namizədi olan C.Həsənlinin seçicilərlə görüşlərinə tam şərait yaradıldı. Hətta seçkidən sonra Milli Şuranın seçkilərin nəticələrinə etiraz aksiyasına heç bir maneə törədilmədi. İndi bunlar hər bazar gününü mitinq gününə çevirmək istəyirlər. Məqsədlər də müxtəlifdir. Birincisi, aksiyalar olmasa, Milli Şura dağılacaq. Çünki bu qurum mövcudluğunu saxlamaq üçün fəaliyyət göstərməlidir. Normal fəaliyyət göstərmək üçün qabiliyyəti, potensialı çatmadığı üçün ən asan yolu seçib. İkincisi, bu qədər seçki keçirildi, amma heç kimin başı yarılmadı. Son mitinqdə də qarşıdurma cəhdi alınmadı. İndi Milli Şuranın əsas məqsədi qarşıdurma yaradaraq hakimiyyətin guya sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığı görüntüsü yaratmaq, öz ağalarına danışmaq üçün bəhanə verməkdir.