Rəsulzadənin nəvəsinin prezidentə müraciəti dəstəklənir




Seyran Səxavət: "Prezidentin bu müraciətə müsbət reaksiya verməsi hər kəsə xoş gələr”

Sabir Rüstəmxanlı: "AXC lideri ilə bağlı da prezident sərəncam imzalamalıdır”

Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya olmuşdur. Belə ki, bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diktəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalıb.

Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilib. Bu bir faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durur. Əgər 20-ci illərdə birmənalı olaraq "əksinqilabçı” adı ilə Cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq olub. Bu mərhələdə insanlar "xalq düşməni”, "pantürkist”, "sui-qəsdçi”, "panislamist” yarlığı altında məhv edilib.

Konkret Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib. Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olmuşdur. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbə vurub.

Qeyd edək ki, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rəis Rəsulzadə "Azadlıq” radiosu vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Onun fikrincə, 1937-ci ilin repressiya qurbanları barədə əlavə sərəncam verilməsinə ehtiyac var. Rəis Rəsulzadə sayı onsuz da az qalan repressiya qurbanları üçün imtiyazların verilməsini istəyir.

Onun dediyinə görə, müharibə veteranları kimi repressiya qurbanları da həkim müalicəsində, kommunal xərclərin ödənməsində, ictimai nəqliyyatdan istifadə edərkən və dərman alarkən güzəştlərdən yararlanmalıdırlar.

Onu da bildirək ki, Rəis Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

Repressiya illərinin bizim yaralı bir dövr olduğunu deyən yazıçı Seyran Səxavət Rəsulzadənin təklifini alqışladığını deyib: "Bütün yaralar heç də müqəddəs olmur. Ancaq 37-ci il bizim üçün sözün həqiqi mənasında müqəddəs yaradır. Böyük Məhəmməd Əminin nəvəsinin bu müraciəti ancaq və ancaq təqdirə layiqdir. Hesab edirəm ki, Rəis Rəsulzadənin müraciətinə müsbət cavab verilməlidir. Prezident bu təklifi dəyərləndirib onlara imtiyazlar versə, onun bu addımı 1937-də xalqın, həqiqətin, Allahın yolunda qətlə yetirilənlərin hər birinin ruhuna çox böyük ehtiram olar.

Bir ziyalı olaraq Rəsulzadənin təklifini dəstəklədiyini vurğulayan yazıçı deyib ki, 37-ci il elə bir "37” oldu ki, o illərdə yaşanan müsibətlər illərlə, əsrlərlə xalqın yaddaşından silinməyəcək. Hətta 3037-4037-ci illərdə də hər bir azərbaycanlı həmin ağrını təkrar-təkrar qəlbində hiss edəcək. 37-ci il sözün həqiqi mənasında yaddaşımızın elə bir əlçatmaz yerində kök salıb ki, onu heç nə ilə silmək mümkün deyil. Bu baxımdan düşünürəm ki, prezidentin bu müraciətə müsbət reaksiya verməsi hər kəsə xoş gələr.

Millət vəkili Sabir Rüstəmxanlı da bu təklifi yüksək qiymətləndirdiyini vurğulayıb: "Təbii ki, repressiya qurbanlarının və onların ailələrinin yaşadığı faciələrin əvəzini heç bir imtiyazla qarşılamaq mümkün deyil. Bununla belə hər halda sağ qalanlara xüsusi imtiyazların verilməsinin dəstəkləyirəm. ". M.Ə.Rəsulzadənin də dövlət qurucusu olduğunu xatırladan millət vəkili deyib ki, AXC lideri ilə bağlı da prezident sərəncam imzalamalıdır: "M.Ə.Rəsulzadə elə bir dahi şəxsiyyətdir ki, onun üçün nə iş görülsə azdır. Hesab edirəm ki, Azərbaycan Cümhuriyyətinin qurucusu kimi onun ailəsinə də xüsusi status verilməli və dövlətdən hər cür dəstək almalıdırlar. Evi muzeyə çevrilməli və ailəsi üçün lazımi şərait yaradılmalıdır”.