Diqqət əskikliyi...

Təhlükə addım-addım bizi izləyir
Bu gün problemin qarşısını almasaq, nəsil itkisi ilə üzləşəcəyik

Psixoloq Vəfa Əkbər gənc nəsli təhdid edən problemə toxunub. Məktəblilərin diqqət əskikliyi sindromundan danışan xanım psixoloq, Azərbaycan məktəblərində bu problemin mövcudluğunu təəssüflə qeyd edib. Psixoloqun fikrincə, erkən yaşlarda yaranan diqqət əskikliyi sindromu artıq gənclik yaşında insana bir sıra problemlər yaradır. Bu sırada sevgidən, evlənməkdən, nəsil artırmaqdan vaz keçmək də var. Psixoloq təhlükənin mənbəyinin valideynlər və məktəb olduğu fikrindədir; valideynlər uşağın tərbiyəsini düzgün qurmur. Məktəbdə isə dərs qrafiki düzgün nizamlanmayıb. Hətta xanım psixoloq dünyanın ən inkişaf etmiş ölkəsi sayılan Yaponiyada oğlanların 30 faizinin diqqət əskikliyi sindromunun ağır fəsadlar yaşadığını da deyib.

Azərbaycan cəmiyyətində bu problem həqiqətən də təhlükəli haldadırmı?

Psixoloq Azad İsazadə hesab edir ki, diqqət əskikliyi sindromuna mövcud olan bir tendensiya kimi yanaşa bilərik, təhlükə kimi yox:

- Bəli, bizdə də bu sindrom var, amma təhlükəli həddə deyil. Deyə bilmərəm, Azərbaycan yeniyetmələri arasında diqqət əskikliyi sindromu hansı dərəcədədir, çünki bu sahədə araşdırma aparmamışam. Amma gündəlik həyatımızı xarakterizə edəndə, belə bir sindromun olmaması üçün əsas görünmür. Həqiqətən, valideynlər uşaqları ilə getdikcə daha az məşğul olurlar. 30-40 il əvvəl Azərbaycan ailələrində valideynlər uşaqlara günün yarısını həsr edirdilərsə, indi heç 1-2 saat da ayırmırlar. Bu, artıq sosial bir problemdir. Məktəblər isə uşaqları o qədər yükləyib ki, uşaq bu yükün ağırlığı altında əzilir. Məsələn, mən diqqət əskikliyi sindromunu abituriyentlərdə görürəm. Onlar il boyu repititorla çalışırlar. 10 və 11-ci siniflər sanki bir marafondur. Oxumaq, oxumaq, hazırlaşmaq və yalnız hazırlaşmaq. Şagirdin başqa heç bir normal əyləncəsi, istirahəti yoxdur. Ancaq bir fikir var: ali məktəbə qəbul olunmaq. Hamı buna köklənib. Həyat donub sanki. Bütün bu yorğunluq, yüklənmə, beynin daim oyaq qalması uşaqlarda yaddaşsızlıq sindromu yaradır. Uşaqlarda belə hissiyyat yaranır ki, o, heç nə bilmir. bildiklərini unudub. Yaddaşları pozulur. Amma qəbul imtahanları bitən kimi, yük atılır və diqqətsizlik keçib gedir. Həyat normal axarına düşür. Hesab edirəm ki, bu sahədə elmi araşdırmaların aparılmasına ehtiyac var.

Yaponiya məsələsinə gəlincə, Azərbaycan cəmiyyəti ilə yapon cəmiyyəti fərqlidir. Bizim sosial təfəkkürlərimiz fərqlidir. Yaponlar daha çox nizam-intizamlıdırlar və belə həyat tərzi onları daim gərginlikdə saxlayır. Biz isə daha çox emosionallıq. Və qayda-qanunla yaşamağı sevmirik. Azərbaycan cəmiyyəti daha çox adət-ənənə və köklərinə bağlıdır. Bir azərbaycanlının sosial təfəkküründə ailə qurmaq ilk yerlərdən birini tutur. Qızlar artıq 8-9-cu sinifdən etibarən ailə qurmaq barədə düşünürlər. Oğlanlarda bu hisslər bir qədər gec, institutun orta kurslarında yaranmağa başlayır. Və əksəriyyət belə düşünür ki, iş tapan kimi evlənəcəm. Düzdü, istisnalar da olur, bəzisi əsgərliyə getməmiş ailə qurur. Amma bu, kütləvi xarakterdə deyil. Ümumilikdə Azərbaycan gənci ailəyə bağlıdır. Adi bir misal çəkim. Uşaq hər dəfə ad günündə təbriklər eşidir. Evlərinə babası, nənəsi, bibi, dayı, əmi və s. yığışır. Hamının da təbriki adətən bu olur ki, böyük oğlan olsun, o gün olsun, toyunu görək. Artıq bu arzular uşağın yaddaşında həkk olunur. O, artıq şüuraltı qəbul edir ki, böyüyəndə evlənməlidir, oğul-uşaq yiyəsi olmalıdır. Çünki bu, babanın-nənənin bəlkə də son arzusudur. Toy günü isə təbrik edənlərin hamısı demək olar eyni arzunu dilə gətirir; xoşbəxt olsunlar, oğullu-uşaqlı olsunlar, o gün olsun, uşaqlarının toyunu görək. Deməli, nəslin davamı arzularda özünü göstərir. Qız evlənən kimi, bir ay keçməmiş evə gələnlər, xısın-xısın soruşur ki, "bir şeyi var?”. Artıq cəmiyyət bizi proqramlaşdırır. Biz özümüzdən asılı olmadan bu proqram üzrə hərəkət edirik. Çünki şüuraltı artıq formalaşıb. Ona görə də mən düşünmürəm ki, tezliklə Azərbaycan cəmiyyəti öz ehkamlarından əl çəksin. Amma məsələ problem kimi ortaya qoyulubsa, deməli, narahatlığa əsas var. Hətta evlilik istəyi 99 faizdən 96-ya enibsə, deməli, mənfi tendensiya özünü göstərir. Rəqəmlər mənfiyə doğru gedirsə, artıq düşünməliyik ki, gələcəkdə fəsadlarla qarşılaşmayaq.

A.İsazadə diqqət əskikliyinin iki formada özünü büruzə verə biləcəyini də dedi:

- Bir var, uşağa bizim diqqətimizin azalması, bir də var, uşağın qavrama diqqətinin azalması. Uşaq ona verilən məlumatı çox yaxşı qavraya bilər, amma ətrafdakılara qarşı biganə, diqqətsiz olar. Bunlar iki paralel inkişaf edən tendensiyalardır, amma bir-birilə bağlı deyillər. Məncə, valideynlərlə də iş aparılmalıdır, təhsil sahəsində islahatlara ehtiyac var. Ancaq bu işlər elə aparılmalıdır ki, müsbət nəticə gözlədiyimiz halda, əksinə, uğursuzluqla qarşılaşmayaq. Çünki bəzən islahatlar, düzgün aparılmadıqda, əks nəticə verir.

Sosioloq Əhməd Qəşəmoğlu isə qaldırılan məsələnin çox aktual olduğunu bildirdi:

- Məsələyə sistem nəzəriyyəsinin prinsipləri ilə yanaşanda çox ciddi xarakter aldığını görürük. İnsanın intellekti müəyyən bir sistem ətrafında formalaşır. Bir var şəxsiyyət, bir də var onun ətrafı. İnsan ətrafı barədə normal məlumat alırsa, intellekti düzgün formalaşır. Amma əksi baş verəndə, intellekt zədəli olur. İnsan ətrafı barədə təkmil məlumat almalıdır. Bu məlumat mükəmməldirsə, insanın eqo sistemi də tam formalaşmış olacaq. Əks halda intellekt natamam formalaşacaq. Kimsə deyə bilər ki, indi uşaqlar daha çox məlumat alırlar. Dörd bir yanımız informasiya bolluğudur. Belə deyil. Söhbət məzmunlu və keyfiyyətli informasiyadan gedir. İnsanın onu əhatə edən aləmi düzgün qavraması üçün düzgün informasiya almalıdır. Bu zaman idrak sistemi də düzgün formalaşır. İnsan ətrafını duya bilir. Artıq həm özünü, həm də ətrafını dərk etməyə başlayır. İnformasiya məzmunsuz və keyfiyyətsiz olduqda isə idrak sistemi də zədələnir. Hazırda Azərbaycan məktəblərində məzmuna da lazımi önəm verilmir. Uşaqların aldığı informasiyaların keyfiyyəti də qənaətbəxş deyil. Cəmiyyət artıq mürəkkəbləşib. Hazırkı cəmiyyət ötən əsrin primitiv cəmiyyəti deyil. Mürəkkəb cəmiyyətdə informasiyanın məzmun və keyfiyyəti xüsusi önəm daşıyır. Erkən yaşlarında ətrafa biganəlik, diqqətsizlik sindromu yaşayan yeniyetmə, əlbəttə, böyüdükcə, sindrom da böyüyəcək. Öz həmyaşıdlarına qarşı biganəlik hiss edəcək, getdikcə, anasına, atasına qarşı, sonra qohumlara və ən nəhayət insanlara. Ona görə də biz gələcəkdə təhlükə yarada biləcək halların qarşısını bu gün almalıyıq ki, nəsil itkisi ilə üzləşməyək.

Psixoloq Samir Əhmədov isə gənclərə yönəlik strategiyanın düzgün qurulmadığını bildirdi:

- Bu gün bağçaya gedən uşaq sabahın, heç olmasa, adi, sıravi işçisi olmalıdır. Bu imkan varmı? Orta hesablamalara görə, Azərbaycan ali məktəbləri pedaqoji ixtisaslara qəbulu dayandırsa, azı 10 il pedaqoji kadr potensialından istifadə oluna bilər və kadr qıtlığı da yaşanmaz. Baxın, ali təhsilli mütəxəssislər nə qədər ixtisas dəyişdirir. İbtidai sinif müəllimliyini bitirmiş şəxs ixtisasını dəyişib dil-ədəbiyyat müəllimi olur. Bəs onun təhsil adığı 5 il hara getdi? Ona sərf olunan dövlət vəsaiti necə oldu? Deməli, küçəyə atıldı. Ali məktəbi bitirib özünə iş tapa bilməyən gənc də küçəyə atılmış kadrdır. Məsələyə qlobal yanaşmadıqca, problemi həll edə bilməyəcəyik. Azərbaycan gəncləri gələcək perspektivlərini görmədikləri üçün ailə qurmaqdan imtina edirlər. Mənim 35 yaşım var. Dostlarım, bir yerdə təhsil aldığım həmyaşıdlarımın çoxu hələ bu gün də ailə qurmayıb. Çünki təminatı yoxdur. Deyir, evlənim, ailəni necə saxlayacam? Gənc mütəxəssislər işə qəbul edilmir. Ediləndə də, çox aşağı əməkhaqqı alırlar. Gənclər ailə qurar, iki il sonra boşanırlar. Hamısı, sosial çətinliklər ucbatındandı. Ailənin rolu onun sosial statusu ilə ölçülür. Sosial status zəif olanda, ailədə problemlər yaşanır. Məktəblərdə isə asudə vaxtın təşkili problemi var. Müəllimlər uşaqlarla dərsdən xaric heç bir iş aparmırlar. Bunlar hamısı vətəndaş məsuliyyətinin zəifləməsidir. Uşaqlarda diqqət əskikliyinin bir səbəbi kimi valideynlərin uşağın tərbiyəsini düzgün qurmaması göstərilir. Deyərdim ki, bu gün uşaqlara qarşı diqqətsizlik yox, əksinə, uşaqlara aşırı diqqətlilik mövcuddur. Valideynlər uşağa o qədər çox diqqət göstərir ki, sonra artıq qabağında dayana bilmir. Bu da nəyin nəticəsidir? Valideyn uşağının gələcəyindən narahatdır. İstəyir, uşağı yaxşı təhsil alsın, yaxşı oxusun ki, sabah ali məktəbə daxil ola bilsin, yaxşı mütəxəssis olsun, yaxşı bir yerə işə düzəltsin. Gəliri olsun, yaşayışını təmin edə bilsin. Valideynlər əsasən buna köklənir. Çünki gələcəkdən nigarandırlar. Övladlarının təminatı olmadığını düşünürlər. Və fakt da bunu göstərir. Sevmək istəyi də var, evlənmək, ailə qurmaq, övlad sahibi olmaq, lakin istəklər imkanlarla uzlaşmır. Qurulan və dağılan ailələrin statistikasına nəzər salsaq, bunu görərik. Ailələr 2-dən artıq uşaq istəmir. Çünki onların sosial yükünü daşımaq gücündə olmayacaqlarını bilirlər. Düzdü, Azərbaycanda demoqrafik problem hələ yaşanmır. Ancaq bunun ilkin sıçrayışları artıq var. Bu məsələnin müzakirəyə çıxarılması problemin yaranmaqda olduğunu göstərir. Məsələn, Rusiyada 2-ci övlada görə xüsusi təzminat nəzərdə tutulub. Çünki əhali ildən-ilə azalır. Rusiya 20 il sonranı fikirləşir və xüsusi tədbirlər paketi hazırlayır. Məncə, Azərbaycan hökuməti də problemi diqqətə almalıdır artıq.