“Elşad Abdullayev yaramazdı”

“O mənim hesabıma yaşayıb”

Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

"Sizə söz verirəm, ölməyəcəyəm”

Hakim Əlisultan Osmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən sabiq deputat danışıb. G.Əhmədova bir il 2 aydır ki, böhtan nəticəsində həbsdə olduğunu söyləyib. O, barmaqlıqlar arasından üzünü ölkə mətbuatına tutaraq xahiş edib: "Birinci və axırıncı dəfə açıqlama verirəm. Elşadın iddia elədiyi kimi, bizim mandat alveri söhbətimiz olmayıb. Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Vaxt gələcək, görəcəksiniz ki, mən deyənlər düz idi. Elşadın qurbanlarının sayını mətbuata ötürəcəyəm. Mən sizdən xahiş edirəm, barəmdə həqiqətə uyğun olmayan şeylər yazmayın. Mən bilirəm ki, Elşad mühacir statusu almaq istəyir. Təəssüf ki, onu buraya gətirə bilmirlər. Buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm”. G.Əhmədova cinayət işində adı hallanan mərhum Sevinc Babayevanın ailəsinin E.Abdullayev tərəfindən maliyyələşdirildiyini açıqlayıb: "Mən onun təhdidlərinə əyilən deyiləm. Haqqımda proqnoz verməyin. Sizə söz verirəm, ölməyəcəyəm. Mən Sevinc deyiləm. Onun maskasını yırtacağam”.

"Sevinc Gülərə də, Elşada da qarğış edirdi”

Məhkəmədə S.Babayevanın bacısı Vəfa Babayeva şahid qismində ifadə verib. O bildirib ki, bacısı G.Əhmədova ilə toyuq kababı yeyib, sonra zəhərlənib: "Həmin yeməkdən sonra Sevincin vəziyyəti yaxşılaşmadı. Həkimlər deyirdilər, dərdinin nə olduğunu bilmirlər”. Sualları cavablandıran V.Babayeva G.Əhmədova ilə bacısının münasibətlərindən xəbərdar olduğunu deyib: "Sevinc zəhərlənən vaxt dedi ki, Elşadla Gülərin pul söhbəti olub, ona görə küsüblər, lakin artıq barışıblar. Türkiyəyə gedəndən sonra isə zəng elədi. Dedim bu, nə məsələdir, niyə bizi biabır elədin? Səni televizorda göstərirlər. O da dedi ki, bir oyundur, düşüb. Dedi ki, ona heç nə olmaz, Gülər arxasında dayanıb. Bacım Təranə ilə Ayxan Türkiyədən Sevincin yanından gələndə dedilər ki, onun vəziyyəti pisdir, arıqlayıb. Səlcuq adlı bir kişi onun danışıqlarına qulaq asır”. Şahid bildirib ki, 2012-ci ildə ay yarım bacısının yanında qalıb: "Onu tək buraxmaq istəmirdik. Sentyabrın əvvəllərində ona zəng gəldi. Sevinc telefonda həmin adama dedi ki, Gülərə deyib, pulu qaytaracaq. Sonra da başladı ağlamağa. Mənə deyirdi ki, Elşadla pul məsələsi var, Gülər pulu qaytarmır. Sevinc Gülərə də, Elşada da qarğış edirdi. Deyirdi ki, Gülər pulu qaytarsaydı, o da problem yaşamazdı. Bacım deyirdi ki, bu elə məsələdir ki, danışa bilməz. Danışsa, öldürərlər”.

"Keşiş mənə demişdi ki, Sevinci zəhərləyiblər”

V.Babayeva bacısının E.Abdullayevdən və G.Əhmədovadan qorxuruğunu vurğulayıb: "Sevinc evdə tək qalanda da qorxurdu, gecələr şam işığında otururdu. Tez-tez mənə deyirdi ki, gözlükdən bax gör, kimsə yoxdur? Sevinc Türkiyədə olanda video haqqında danışmağa və onun adını çəkməyə qoymurdu. Bacım Türkiyədə olanda anam Gülərə zəng elədi ki, Sevincin axırı necə olacaq? Gülər də dedi ki, Sevinci müalicəyə göndərib, etibarlı əllərdədir”.

Daha sonra şahid G.Əhmədovanın suallarına cavab verib.

G.Əhmədova: "Vəfa, siz bizdə olanda dediniz ki, keşişə baxdırmısınız. Deyib ki, Sevinci zəhərləyiblər, 6 ay ömrü qalıb. Mən də israrla soruşdum ki, kim zəhərləyib? Hətta dedim ki, mən də baxdırmaq istəyərəm, görüm mənə nə deyər. Niyə onda demirdiniz, bu sözləri? Niyə Sevinc öləndən sonra Ayxan çıxıb deyir ki, anamı Gülər zəhərləyib?”.

V.Babayeva: "Həqiqətən də bu olub. Keşiş mənə elə demişdi. Bildirmişdi ki, Sevinci zəhərləyiblər”.

"Gülər ondan pul alıb, işi düzəltməyib”

Prosesdə G.Əhmədovanın rəfiqəsi, Respublika Uşaq Təşkilatında müavini olmuş Rüxsarə Axundova şahid qismində ifadə verib. O deyib ki, G.Əhmədovanın müavini olub, amma S.Babayeva ilə münasibəti olmayıb: "Sevinci sadəcə bir neçə dəfə görmüşdüm. Deyirdi, Gülərdən xahiş edəcək ki, onu harasa işə düzəltsin, işsizdir. Onun Gülər xanımla münasibətindən o qədər də xəbərim yox idi”.

Bundan sonra şahid qismində ifadə verən Elmin Bağırov S.Babayevanı tanıdığını vurğulayıb. Onun da ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadəsində E.Bağırov bildirib ki, S.Babayeva ona G.Əhmədova ilə münasibətinin yaxşı olduğunu deyib: "Lakin onun yaxşı adam olmadığını bildirirdi. Deyirdi ki, Gülər ondan pul alıb, işi düzəltməyib. Mən fondda işləyəndə S.Babayeva G.Əhmədovanın layihəsi ilə bağlı zəng etmişdi”.

G.Əhmədova isə ona müraciət edərək bildirib ki, Sevinc onun adından heç vaxt danışa bilməz: "Sevinc mənim işçim olmayıb. Mənim adımdan danışa bilməz. Layihə versəydim, bilirdim kimə vermək lazımdır”.

Sonra şahid Orxan Rəsulov ifadə verib. Şahid dostunun onun telefonu vasitəsi ilə türk tanışına mesaj yazdığını söyləyib.

G.Əhmədova isə bildirib ki, istintaq "pampers” satanı, onu-bunu dindirib, lakin Mete Kayanı dindirməyib: "Mən başa düşmürəm istintaq niyə Meteni dindirməyib?”.

"Videoçəkiliş aparılan ofis mənim adıma olsa da, mənim o ofislə heç bir əlaqəm olmayıb”

Günün ikinci yarısında davam edən məhkəmə prosesində şahidlər ifadə veriblər.

Şahid qismində iafdə verən E.Abdullayevin qayınatası Hüseyn Əhmədov bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir: "Mənim ölkədən çıxışıma qadağa, bank hesabıma həbs qoyublar, kitabxanamı möhürləyiblər. Elşadı tapa bilmirlər, əvəzini bizdən çıxırlar. Elşad mənim hesabıma yaşayıb, mən onun hesabına yox. Videoçəkiliş aparılan ofis mənim adıma olsa da, mənim o ofislə heç bir əlaqəm olmayıb. Video çəkibsə, neyləyə bilərəm. Elşad yaramazdır”.

Bundan sonra təqsirləndirilən şahidə sual verib:

G.Əhmədova: "Mənim bir ağsaqqal kimi sizə hörmətim var. Bilirəm ki, Elşad da, onun nəsli də sizin qarşınızda diz çökürdülər. Sizə hörmət edirdilər. Elşadın Azərbaycana vurduğu ziyanı heç ermənilər vurmayıb. Nə üçün Elşadı bu cür əməllərdən çəkindirmədiniz?”

H.Əhmədov: "Elşadın qohumları imkan vermirdilər ki, mənə qulaq assın. Yoxsa mən buna imkan verməzdim”.

Daha sonra prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov vəsatət qaldırıb. Vəkil bildirib ki, prosesdə dindirilən şahidlərin verdiyi ifadələrlə istintaqa verdiyi ifadələr arasında ziddiyyətlər var. O, müstəntiq Emzar Qocayev istintaqı bərbad apardığı üçün prosesdə suallara cavab verməsini istəyib. Qaldırılan vəsatət isə təmin edilməyib.

Məhkəmə prosesi sabah davam etdiriləcək.