Zaqatalaya da diqqət var

Nazirlik deputatın ittihamını qəbul etmir



Milli Məclisin dünən keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı deputat Kamilə Əliyeva seçildiyi Zaqatala rayonundakı problemlərdən də danışıb. Zaqatalanın insanların istirahəti üçün önəmli turizm rayonu olduğunu vurğulayan xanım millət vəkili bu rayonda turizmin inkişafı üçün heç bir iş görülmədiyini söyləyib.

K. Əliyeva üzünü mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə tutaraq xahiş edib ki, rayona diqqət artırılsın. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edib. Millət vəkilinin fikirləri ilə razılaşmayan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Babayev isə bildirib ki, son illər bütün bölgələrdə nazirlik tərəfindən dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrılıb: "Bölgələrdə infrastrukturun qurulması, turizm obyektlərinin müasir standartlara uyğunlaşdırılması ilə bağlı bir sıra tədbirlər görülüb. Bu baxımdan xanım millət vəkilinin Zaqatalada turizmin inkişafı ilə bağlı heç bir iş görülməyib kimi ittihamı ilə razı deyiləm. Bütün bölgələrimizdə olduğu kimi Zaqatalada da inkişaf gedir və bu da yetərincə hiss olunmaqdadır”. Bununla belə bölgələrdəki turizm obyektlərinin inkişafı ilə bağlı vəziyyətin hər zaman nazirliyin diqqətində olduğunu vurğulayan mətbuat katibi deyib ki, hər hansı bir rayonun infrastrukturu ilə bağlı məsələyə kompleks şəkildə yanaşılmalı, bu istiqamətdə yerli icra hakimiyyətləri, millət vəkilləri də səylərini artırmalıdır. Nazirlik onsuz da ki, proqram çərçivəsində turizm bölgələrində bu sahənin inkişafı ilə bağlı lazımi addımları atır. Xanım deputatın təmsil etdiyi rayonla bağlı məsələni parlamentdə qaldırmasının təqdirəlayiq olduğunu vurğulayan İ.Babayevin sözlərinə görə, bölgələrdə infrastrukturla bağlı problemlərin aradan qaldırılması ilə bağlı nazirliyin hər zaman icra başçılarının, deputatların və nüfuzlu şəxslərin dəstək və təkliflərinə ehtiyacı var. Zaqatalada gedən inkişafla bağlı danışan İ. Babayev buna sübut kimi Zaqatalanın 2013-cü ildə Azərbaycanın Folklor Paytaxtı seçilməsini göstərib: "Bildiyiniz kimi, bölgələrin inkişafı ilə bağlı nazirlik tərəfindən bir çox proqramlar həyata keçirilməkdədir. Belə proqramlardan biri də Azərbaycanın xalq yaradıcılıq paytaxtlarının elan olunmasıdır. Həmin proqram çərçivəsində də Zaqatala rayonu 2013-cü ildə Folklar paytaxtı elan olunub. Bu müddət ərzində isə turizm imkanlarının təbliği baxımından bölgədə onlarla tədbirlər keçirilib. Elə bir neçə gün bundan əvvəl də xalq sənətkarlarının əl işlərindən ibarət böyük bir sərgi keçirilib. Bütün bunlar isə Zaqatalanın inkişafı üçün nazirlik tərəfindən görülən işlərdir. Bu qədər əziyyətin müqabilində isə Zaqatalada turizmin inkişafı üçün heç bir iş görülmür demək, məncə doğru deyil”.