Hüseyn Cavidin əsərləri Türkiyədə ilk dəfə nəşr olundu

Sona Vəliyeva deyib ki, kitab ədibin dünyaya tanıdılmasında böyük rol oynayacaq

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri” (ilk Türkiyə nəşri, 2013) kitabının dünən təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu, "Kaspi” Təhsil Mərkəzinin və Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə "Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, akademik İsa Həbibbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin rəhbəri Vüqar Səfərli, millət vəkili Elmira Axundova, türkoloq-alim Azər Turan və başqaları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli kitabın əhəmiyyətini vurğulayıb. İ.Həbibbəyli H.Cavidin həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, H.Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan, romantizm ədəbi cərəyanının banisidir: "Etiraf etmək lazımdır ki, bu cərəyanın yaradıcısı və ən böyük sənətkarı Hüseyn Caviddir. O, Azərbaycanda fəlsəfi ədəbiyyatın yaradıcılarından biridir”. Millət vəkili əlavə edib ki, H.Cavid Türkiyədə təhsil alan və Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən ilk adamdır: "Hüseyn Cavidin bir çox əsərləri çap olunub, ancaq bu gün təqdim edilən nəşr çox möhtəşəmdir”.

Kitabın ilk dəfə çap olunduğunu deyən akademik qeyd edib ki, bu kitab H.Cavidin əsas əsərlərini əhatə edir: "Kitab Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Dahi şairin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Əminliklə deyirəm ki, bu kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq”. Daha sonra çıxış edən filologiya elmləri doktoru, professor Kamran Əliyev deyib ki, bu nəşr fürsət verir ki, biz yenidən H.Cavidi araşdıraq: "Yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur. Bu kitab Cavidin yenidən doğuluşudur”. Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” qəzetinin rəhbəri və H.Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva kitabın əhəmiyyətindən danışıb. S.Vəliyeva deyib ki, bu gün H.Cavid yaradıcılığına qayıtmamaq mümkünsüzdür. Çünki o, Azərbaycan xalqının və bu gün dövlətimizin əsası olan türkçülük məfkurəsinin banisidir: "Hüseyn Cavid məfkurəsi əbədidir. Çünki şair millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasını əsas qoydu. O bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır”. Kitabın Hüseyn Cavidin tədqiq edilməsində, onun dünyaya tanıdılmasında böyük rolu olacağını deyən "Kaspi” qəzetinin baş redaktoru bildirib ki, bu gün H.Cavidin əsərlərini oxuduqdan sonra onun ilahi missiyalı bir insan olduğu aydın olur: "H.Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazımlıydı. H.Cavidin İstanbula gəlməsi və təhsil alması onun dünyagörüşündə mühüm rol oynadı”. S.Vəliyeva əlavə edib ki, ulu öndər Heydər Əliyevin Hüseyn Cavidə məqbərə ucaltması ümummilli liderin Cavidə olan məhəbbətinin və ehtiramının göstəricisi idi. Tədbirdə çıxış edən digər iştirakçılar da görkəmli şairin həyat və yaradıcılığı haqqında danışaraq yeni nəşr olunan kitabın H.Cavid irsinin tədqiq edilməsində əhəmiyyətli bir mənbə olacağını vurğulayıblar.