“Aprel atəş(kəs)i” Qarabağdan danışır

Elxan Şahinoğlunun kitabı çapdan çıxıb

"Aydındır ki, Kreml Azərbaycanla Ermənistan arasında müharibədə maraqlı deyil. Kreml eyni zamanda Azərbaycanın hərbi yolla işğal altındakı torpaqlar üzərində nəzarətini bərpa etməsini də istəmir. Ancaq Rusiya Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Dağlıq Qarabağ və ətraf rayonların isə Rusiyaya aidiyyatı yoxdur”.


Bu sözlər tanınmış politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun yenicə çapdan çıxmış "Aprel atəş(kəs)i” kitabındandır. Qarabağ münaqişəsindən, 2016-cı ilin aprel döyüşlərində Rusiyanın mövqeyindən bəhs edən bölmədə politoloq yazıb ki, Azərbaycan ordusu işğalçının Dağlıq Qarabağ ətrafındakı hərbi postlarını vurduqda Rusiya bunun qarşısını alacaq addımlar atmır – "Çünki Moksvanın buna kəskin reaksiya verməsi məntiqdən kənar olar, Rusiya Dağlıq Qarabağ ətrafındakı torpaqları Azərbaycan ərazisi sayır. Ümumiyyətlə, Qarabağ mövzusu Putin üçün maraqlı deyil. Təsadüfi deyil ki, Moskvada mətbuat konfranslarından birində azərbaycanlı jurnalistlərdən biri ona sual vermək istədikdə "Yenə Qarabağdan sual verəcəksiniz” deyərək başqa mövzuya keçmişdi”.

Kreml Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir

Politoloq Rusiyanın işğalçıya silah satması məsələsinə də kitabında yer ayırıb:

"... Əlbəttə, istənilən ölkəyə silah satması və ya bu məqsədlə kredit ayırması Rusiyanın hüququdur. Ancaq Kreml hər yerdə beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışır. Buna görə də Kreml Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir. Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə təminat götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməyəcək. Elə Azərbaycan XİN-in notası da məhz bu sözlərlə bitir ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanın işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir. Kreml belə bir zəmanət vermədi”.
Anar