Putin Lenindən fərqli yol seçib

Avrasiya ordusunun ayaq səsləri narahatçılıq yaradacaq

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində regional ordu qrupu yaratmaq barədə qərar qəbul edib. Bu barədə prezident Vladimir Putin Kremldə yüksək çinli zabitlərə hərbi rütbələrin verilməsi mərasimi zamanı etdiyi çıxışında bildirib. Putin regional ordu qrupunu təşkil edəcək ölkələrin adlarını da açıqlayıb. Onun sözlərinə görə, Kreml Ermənistan, Belarus, Qazaxıstan və Tacikistanla birlikdə regional ordu qrupunun yaradılmasına hazırlaşır. Eyni zamanda Ermənistan və Qazaxıstanla vahid Hava Hücumundan Müdafiə sistemi qurmağı planlaşdırır.

Moskvanın daim hərbi dairələrin, strateji qüvvələrin döyüş hazırlığını yoxlamasını davam etdirdiyini vurğulayan Putin ənənəvi tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqlarını genişləndirəcəklərini qeyd edib. Rusiya prezidenti qeyd edib ki, belə əməkdaşlıq Rusiyanın və onun tərəfdaşlarının müdafiə potensialını yüksəldəcək: "Bu addımlar Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üvzü, millət vəkili Zahid Oruc isə "Şərq”ə açıqlamasında bildirib ki, Putin seçkiöncəsi verdiyi vədləri yerinə yetirmək istiqamətində qlobal bir oyunçu kimi hərəkət eləməkdədir: "Bu da başadüşüləndir. Çünki Rusiya özünün keçmiş mövqelərini bərpa eləmək və daha geniş ərazilərdə, ayrı-ayrı dövlətlərin suveren hüquqları üzərində öz idarəçiliyini gerçəkləşdirməyə çalışır. Bu mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi prinsiplərindən bir az daha irəli gedərək üzv ölkələrin hava hücumundan müdafiə sistemlərinin vahidliyini təmin etmək, həmçinin Avrasiya ordusu yaratmaq yönündə atdığı addımlar özlüyündə sübut edir ki, keçmiş SSRİ səviyyəsində olmasa da, Rusiyanın çətiri altında, sadəcə, daha fərqli bir formatda dövlətlərin birliyi formalaşmaqdadır. Bu ordu birliyi həmin ölkələrə nə verəcək və digər geopolitik məkanlara necə təsir göstərəcək sualı indi hər kəs üçün maraqlıdır. Vilnüs sammiti öncəsi qeyd olunan bu açıqlamalar, Rusiya-Avropa arasındakı soyuq savaş özünün gərginliyini daha da artırır”.

Putinin açıqlamasının bir tərəfdən Azərbaycan tərəfdən müəyyən narahatlıqla qarşılandığını vurğulayan Z.Oruc deyib ki, bu məsələ ilə bağlı eyni zamanda siyasilər tərəfindən alternativ təkliflər verilməlidir: "Problemlərimizin həlli və bizə qarşı təzyiqlərin aradan qaldırılması üçün Ermənistanın da yer aldığı Birliklərə qoşulmalıyıq? Yoxsa, Rusiyanın hədələri fonunda siyasi müstəqilliyimizin əleyhinə olmayan güzəştlərmi edilməlidir? Vahid Avrasiya ordusuna gəldikdə isə millət vəkilinin sözlərinə görə, belə bir ordunu formalaşdırmaq çox çətindir. Maliyyələşmə məsələsi, çağırış sistemi, kadrların təyinatı, vahid komandanlıq kimi məsələlər problemlər yaradacaq. Avrasiya Ordusunun tərkibində iştirak edəcək ölkələr konfederativ əsaslarla birləşməyib. Hətta Avrasiya Birliyinin özü belə hələ ki, yoxdur”.

Putinin Lenindən fərqli bir yol seçdiyini vurğulayan deputatın sözlərinə görə, bolşeviklərin lideri yuxarıdan birləşmə modelini seçmişdi və ona paralel də aşağı strukturlar formalaşırdı. Putin isə təşkilatlanmanın fərqli bir modelini seçib. Bir tərəfdən Gömrük İttifaqında iqtisadi təmasları birləşdirməklə iqtisadi zonalar yaratmaq, eyni zamanda isə Avrasiya Birliyində onun hərbi komponentini birləşdirmək siyasəti yeridir: "Əminəm ki, Rusiyanın vahid ordu açıqlamasına reaksiya verən Azərbaycan siyasilərinin əksəriyyəti kəskin çıxışlar edəcəklər. Müəyyən mənada başa düşmək olar. Fəqət Avrasiya Ordusunu 21-ci əsrin 11-ci Qızıl Ordusu kimi dəyərləndirmək də yanlışdır. Hesab edirəm ki, təhlükələrmi dramatikləşdirmədən Azərbaycan öz yolunu seçməli və gecikmədən öz qərarlarını verməlidir”.

Şəymən