Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom” İstehsalat Birliyinə tapşırıq verib və 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb.
Qeyd edək ki, bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılacaq. Bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulacaq. Amma məsələyə münasibət bildirən hərbiçilərin mövqeləri birmənalı deyil. Yeniliyi dəstəkləyənlərlə yanaşı, yarada biləcəyi fəsadlardan dolayı buna qarşı çıxanlar da var. Hərbi ekspert Azad İsazadə taksofon vasitəsi ilə əsgərlər üçün şəhərlərarası danışıq imkanının yaradılmasını müsbət hal kimi dəyərləndirir və deyir ki, burda ilk növbədə insan haqlarından söhbət gedir: "Əsgər və ya zabitin müəyyən günlərdə öz ailəsi və yaxınları ilə əlaqə saxlaması normal qəbul edilməlidir. Fikrimcə, bunu çoxdan tətbiq etmək lazım idi. Təbii ki, sistem güclü nəzarət altında olmalıdır. Düzdür, şəhərlərarası taksofon açıq olduğu və kənardan dinlənildiyi üçün onun vasitəsilə hər hansı hərbi sirrin ötürülməsi mümkün deyil. Ancaq istənilən halda danışıqları nəzarətsiz qoymaq təhlükə yarada bilər”. A.İsazadə taksofonların hərbi hissələrdə gizli şəkildə işlədilən mobil telefonların azalmasına təsir edəcəyinə isə inanmır: "Əsgərlərin mobil telefon işlətməsi qadağandır. Çünki mobil telefonla taksofonun əhatə dairəsi və yaydığı siqnallar tamamilə fərqlidir. Düşmən tərəf əsgərlərin telefon danışıqlarından önəmli məxfi informasiyalar əldə edə bilər. Amma çox təəssüf ki, bir çox hərbi hissələrdə mobil telefon qadağalarına əməl olunmur. Əsgərlər müxtəlif üsullardan istifadə edərək, telefon və danışıq kartlarını gizlədərək hərbi xidməti başa vurana kimi bunlardan istifadə edirlər. Bu da onu göstərir ki, bəzi hərbi hissələrdə iş düzgün qurulmayıb”.
Polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirir ki, bu qərarın Müdafiə Nazirliyində təsdiq edilməsi prosesində son dərəcə diqqətli olmaq lazımdır. Çünki Müdafiə Nazirliyi döyüş əməliyyatlarıyla, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı olan güc strukturudur: "Taksofonların hansı hərbi hissələrdə mümkündürsə, orada quraşdırılmasının əleyhinə deyiləm. Döyüş tapşırığı ilə bağlı məsələlər olan hərbi hissələrdə isə taksofonların quraşdırılması çox ciddi fəsadlar yarada bilər. Kifayət qədər heyəti olan hərbi hissələrdə hər əsgərin yanına bir zabit qoymaq mümkün deyil ki, əsgərə nəzarət etsin. Onların arasında möhkəm iradəli olanı da var, kimlərsə tərəfindən müəyyən əməkdaşlığa cəlb olunanlar da. Belələri də müəyyən maraqlar qarşılığında döyüş tapşırığının vaxtını, texnikanın sayını və s. məlumatları digərinə ötürə bilərlər. Bu səbəbdən də biz özümüzə problem yaratmamalıyıq. Mən həmişə yeniliyin tərəfdarı olmuşam, amma indiki vəziyyətdə son dərəcə ehtiyatlı davranmaq lazımdır”.
Ü.Cəfərovun sözlərinə görə, məxfiliyin qorunması yüksək səviyyədə olmazsa, hansısa hərbi hissənin verdiyi komanda ani bir vəziyyətdə sıradan çıxa bilər: "Düzdür, taksofonlar nəzarətdədir. Lakin məlumatı ötürən şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarılıb tapılması bir neçə saat, hətta bir gün çəkə bilər. Bu da hərbi hissəyə aid olan məxfi sirrin ötürülməsinin qarşısını almaq üçün kifayət qədər böyük vaxtdır. Taksofonların Bakıda yox, regionlarda quraşdırılması isə mənim üçün çox maraqlıdır. Bu məsələni regionlarda daha sonra da həll etmək olardı. Çünki Müdafiə Nazirliyinin əksər hərbi hissələri səhra şəraitindədir. Ola bilsin ki, gecəylə tapşırıq verildi ki, səhər hücuma keçirik və əsgər "Məmmədov”da evlərinə zəng edib bu barədə məlumat verdi. Məlumatı da əksər yerdə dinləyirlər. Bu halda bizim qazancımız nə olacaq? Ona görə də düşünürəm ki, taksofonlar quraşdırılandan bir müddət sonra fəsadlar ortaya çıxacaq. Bundan sonra da onların hərbi hissədən yığışdırılmasına göstəriş veriləcək. Axı kim qarantiya verə bilər ki, Çinin, İsrailin istehsalı olan taksofonlar dinlənilmir? Bugünkü gündə birinci növbədə əsgərlərimizi yaxşı qida və qış vaxtında istiliklə təmin etməliyik. Taksofon məsələsi isə 5-ci, 6-cı yerdə duran məsələdir”.