Tramp hökuməti Ankara ilə dil tapa biləcək

“ABŞ çox yaxşı anlayır ki, Türkiyə bölgədə söz sahibidir, nüfuzlu mövqeyə malikdir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşüb. Görüşdə terrorizmə qarşı birgə mübarizə məsələləri müzakirə olunub.

Ərdoğan İŞİD başda olmaqla Suriya və İraqda fəaliyyət göstərən bütün terror qruplaşmaları ilə qanuni qüvvələrin mübarizə aparmasının vacibliyini vurğulayıb. Tərəflər Türkiyə və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi, terror təşkilatının rəhbəri Fətullah Gülənin ekstradisiyası və s. məsələlər barədə də fikir mübadiləsi aparıblar. Ancaq Amerikanın "Faynenşl Tayms” qəzeti tərəflər arasındakı söhbətlərin istənilən nəticə vermədiyini yazıb. 

Nəşr bildirib ki, Tillerson Ərdoğanla görüşdə Ankaranın Suriya münaqişəsi və Fətullah Gülənin ekstradisiyası ilə bağlı narahatlığını aradan qaldıra bilməyib: 

"Türkiyə rəsmiləri bildirirlər ki, Donald Trampın prezident seçilməsinin ardınca Vaşinqtonla münasibətləri yeniləməyə çalışan Ankara danışıqlardan məyus çıxıb”. Məqalədə deyilib ki, tərəflər arasındakı anlaşılmazlıq Tillersonun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında da hiss olunub: "Çavuşoğlu Ankaranın səbirsizliyini dəfələrlə ifadə etsə də, Tillerson ABŞ-ın Suriya kürdlərinə dəstəyi barədə üç sualdan yayınmağa çalışıb”. Ekspertlər düşünürlər ki, bir müddət gərginlik davam etsə də, tərəflər arasındakı münasibətlər zamanla normallaşacaq. 

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Şərq”ə açıqlamasında bildirib ki, Türkiyə və ABŞ arasında müəyyən ziddiyyətlər var. Amma problemlər həll edilməyəcək səviyyədə deyil: 

"İki dövlətin rəhbərliyi əlaqələrin inkişaf etdirilməsində maraqlı olmalıdır. Çünki normal münasibətlər hər iki tərəfə ancaq fayda verər. ABŞ çox yaxşı anlayır ki, Türkiyə bölgədə söz sahibidir, nüfuzlu mövqeyə malikdir. Eyni zamanda Ankaranın terrorla mübarizədə Vaşinqtonla birgə iştirak etməsi amerikalılar üçün vacib nüansdır. Yaxın Şərq regionunda ABŞ-ın hərəkət etməsi, manevr imkanları zəifdir. Vaşinqton bunu ancaq NATO-da müttəfiqi olan Türkiyənin əli ilə edə bilər. Bu baxımdan hesab edirəm ki, Tramp hökuməti Ankara ilə dil tapmağa çalışacaq”.

İsmayıl