Təmas xəttində gərginlik səngiyən kimi özləri təklif etdikləri plandan imtina etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrov APA-nın Moskva müxbirinə müsahibə verib. Söhbət zamanı prioritet mövzu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub.
Ötən ilin aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli üçün Rusiyanın fəal vasitəçilik səylərinin müşahidə edildiyini vurğulayan həmkarımız "Lavrov planı” ilə bağlı Rusiya XİN başçısına sual ünvanlayıb və onun taleyi barədə soruşub. S.Lavrov isə cavabında heç bir "Lavrov planı”nın mövcud olmadığını deyib: "Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə Sergey Lavrovun səmimiyyətinə inanmadığını deyib. Onun sözlərinə görə, aprel döyüşlərindən sonra bir növ atəşkəsi təmin etmək və onun zəmanətli olması üçün mütləq mənada Azərbaycana bəzi cəlbedici təkliflər vermək lazım idi. Rusiya da bu yola əl atdı:
"Prezidentlərin Sankt-Peterburq görüşündən sonra Madrid prinsiplərinin modifikasiya olunmuş formulasını ortaya atdılar və həmin təklifləri "Lavrov planı” adlandırdılar. Bu planda münaqişənin mərhələli həll planı nəzərdə tutulmuşdu. Bu isə müəyyən mənada Azərbaycanın maraqlarına xidmət edirdi. "Lavrov planı”na əsasən Dağlıq Qarabağın statusunun müəyyənləşməsindən öncə işğal olunan yeddi ətraf rayondan ən az altısının azad olunması nəzərdə tutulurdu. Amma təmas xəttində gərginlik səngiyən kimi bu plandan imtina etdilər. Lavrov isə belə bir planın mövcudluğunu təkzib etməklə növbəti riyakarlığını edib”.
Şəymən