Ekspert deyib ki, onlar dövlət dəstəyi ilə geri qaytarılmalıdır
Bank sistemini sağlamlaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində qanunvericiliyə dəyişikliklər edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub. İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qanunun mahiyyəti ödəmə qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün qanuni bazanın yaradılmasıdır.
"Banklar haqqında” qanuna təklif edilən dəyişikliklərlə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli qeyd edib ki, hələ banklar dalbadal bağlanan zaman ekspertlər sağlamlaşdırmaq məqsədilə müəyyən addımlar atılmasının zəruriliyini deyirdi.
Borcların birdəfəlik bağlanmaması məsələsinə toxunan ekspert Rüfət Aslanlının bu məsələdə haqlı olduğunu deyib. Onun sözlərinə görə, kreditlər heç bir halda bağışlana bilməz, dövlət dəstəyi ilə geri qaytarılmalıdır. Əks təqdirdə ölkədə gündə bir bank bağlanmalı olar.
Bankların müştəriləri aldatmaması məqsədi ilə kredit müqavilələrinin şərtlərinin yenilənməsinə gəldikdə isə C.İbrahimli deyib ki, müqavilələrə qanunvericiliyin əksinə olan tələblər salına bilməz: "Hər bir bank müqavilə şərtlərinin hazırlanmasında sərbəstdir. Amma Palata kredit müqavilələrinə bəzi məsələlərin dəqiq yazılmasını tələb edə bilər”.
İqtisadçının sözlərinə görə, layihədəki ən əhəmiyyətli dəyişikliklərdən biri mühüm iştirak payına sahib olan səhmdar və bank inzibatçılarının bankın müflisləşmə vəziyyətinə görə bu şəxslər üzərinə əlavə məsuliyyət qoymasıdır:
"Mülki Məcəllənin 98.4.-ci maddəsinə görə, səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyillər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.
"Banklar haqqında” qanuna görə isə bankda mühüm iştirak payı olan səhmdarlar bankın maliyyə vəziyyətinin pisləşməsində günahı olduğuna görə şəxsi əmlakı ilə cavabdeh olurlar. Bu məsələ bütün bank səhmdarlarına deyil, dövlət tərəfindən kapital qoyuluşu edilərək sağlamlaşdırılan bank səhmdarlarına şamil ediləcək. Burada səhmdarların həyəcanlanmasına gərək yoxdur. Hər hansı səhmdarın bankın ödəniş qabiliyyətinin itirilməsində ciddi bir hərəkəti olmazsa, bu elə səhmlərinin dəyəri qədər məsuliyyət daşıyacaq. Bu dəyişiklik ümumiyyətlə banklarda xırda səhm payına sahib olan xırda investorlara heç bir əlavə məsuliyyət gətirməyəcək. Əslində bu məsələnin ödəniş qabiliyyətini itirən bütün banklara şamil edilməsi daha uyğun olardı”.
Şəymən