Prezident dənizi camaata qaytarır

“Çox mütərəqqi sərəncamdır, konkret vəzifələr bildirilir və nazirlik problemin həllində artıq cavabdeh quruma çevrilir”


Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yeni çimərliklər salınacağına dair müddəalar əksini tapıb. Ən əsas diqqətçəkən müddəa isə bundan ibarətdir:

"Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə çimərlik operatorlarının əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görməlidir”. Sərəncamda təsdiqini tapmış bu müddəa "əhalinin dəniz həsrəti bitdi” deməyə əsas verir. İllərdir ki, xüsusilə yay mövsümündə əhalinin dəniz sahilində istirahət imkanlarının məhdudlaşmasından şikayətlər edilirdi. Xəzərin sahilinin sahibkarlarla yanaşı, bəzi məmurlar tərəfindən də zəbt olunması, əhalinin dənizə çıxışının qarşısının alındığı, sahil boyunca tikilmiş villaların hündür, "quşuçurmaz” hasarlarının sadə vətəndaşları hətta dənizi görmək imkanından da məhrum etdiyi barədə dəfələrlə Milli Məclisdə də məsələ qaldırılmışdı. Nəhayət, bir sərəncamla bu problemin həlli artıq mümkün görünür.

Tədbirlər Planında Xəzərin sahilində yeni çimərliklərin salınması tövsiyə edilir ki, bu da turizmin inkişafı nöqteyi-nəzərindən çox vacibdir. Amma vətəndaşı sevindirən yeni çimərliklərin salınması ilə yanaşı, əhalinin dənizə sərbəst çıxışının da təmin edilməsinə dair birbaşa göstərişdir.
Tədbirlər Planında qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları 2017-2018-ci illərdə beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına, həmçinin aidiyyəti üzrə sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsinə dair təkliflərin hazırlanmasını təmin etməlidir. Fövqəladə Hallar Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına isə 2017-2020-ci illərdə çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə (ən azı 200 metrdən bir) su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqların normalara uyğun olaraq yaradılması tapşırılıb.
"Yerli icra hakimiyyəti orqanları isə 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələrinin quraşdırılması, həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görülməsini təmin etməlidirlər”.

Deməli, dənizə qayıdırıq?

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında sərəncamın mütərəqqi olduğunu dedi:

- Şübhəsiz, çox mütərəqqi bir sərəncamdır. Müsbət cəhətlərdən biri də budur ki, Tədbirlər Planı ümumilikdə standartlara cavab verir. Mədəniyyət və Turizm Nazirliyinin statusu artırılır, konkret vəzifələr bildirilir və nazirlik problemin həllində artıq cavabdeh quruma çevrilir. Həmçinin bələdiyyələrə də tövsiyələr edilir. Bu da seçkili orqanın səlahiyyətlərinin artırılması, bələdiyyələrin məsuliyyətinin önə çəkilməsidir. Üçüncüsü, nəzərə alanda ki, yay mövsümünün başlanmasına 2 ay müddət qalır, deməli, problemlər 2 ay müddətində həllini tapmalıdır. Ümumilikdə problemə baxış bucağının müsbətə doğru dəyişməsi göz önündədir.

Qaldı ki, əhalinin dəniz sahilinə sərbəst çıxışının təmin edilməsi məsələsinə, belə düşünürəm ki, burada ilkin olaraq yəqin özəlləşdirilməmiş sahələr nəzərdə tutulacaq. Çünki sahibkarlar tərəfindən özəlləşdirilmiş ərazilərin onların əlindən alınması doğru variant olmazdı. Lakin sahibkarlıq subyektlərinə fəaliyyət göstərdikləri ərazilərdə vətəndaşların mənafeyinə nəzərə almaq tapşırıla bilər. Qanun hər bir vətəndaşın dənizi görmək, qumlu sahildə əyləşmək haqqını tanıyır. Həm də birbaşa Prezident sərəncamı ilə. Xatırladım ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən "Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalamışdı. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər. 2003-cü il avqustun 4-də isə Heydər Əliyev: "Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzaladı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. Amma sonrakı illərdə biz sahil zolağının zəbt edildiyini gördük. Deməli, qanun var. Və qanunsuz əməllərin qarşısı bu qanunla alına bilər. Əgər hansısa şəxs qanunu pozub sahil zolağını zəbt edibsə, niyə də ondan qanuna tabe olmaq tələb edilməsin?! Bu halda mümkündür ki, dənizin indiyədək zəbt edilmiş sahil zolağı təkrar vətəndaşlara qaytarılsın. Qanun pozulmayacaq, əksinə, qanunun aliliyi təmin ediləcək.

V.Tofiqli qeyd etdi ki, su fondu torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. 

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsində isə qeyd olunur ki, "Ümumi istifadədə olan torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.” Torpaq Məcəlləsinin 46-ci maddəsində isə göstərilir ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti (!) ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Kimsə sahilboyu zolağı zəbt edib orada şəxsi villa tikirsə, yaxud istirahət mərkəzi açırsa, bunun dövlətin təhlükəsizliyi ilə nə əlaqəsi var? Üstəlik, vətəndaşların sərbəst gediş-gəlişini də məhdudlaşdırırlar. Hesab edirəm ki, Cənab Prezidentin imzaladığı sərəncam belə qanunsuzluqların qarşısını almağa yönəlib.

Məlahət Rzayeva