İki illik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentləri Vyanada bir araya gəliblər. Avstriya paytaxtındakı Koburq sarayında gerçəkləşən görüşdə İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər. Prezidentlər əvvəlcə həmsədrlərin iştirakı ilə, sonra isə təkbətək təmas qurublar. Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Bəyanatda bildirilib ki, üzbəüz görüşlərin və daha sonra həmsədrlərin nazirlərin iştirakı ilə keçirilmiş işgüzar görüşlərin gedişində prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair geniş miqyasda sualları müzakirə ediblər: "Prezidentlər dinc nizamlanmanın nail olunmasına yönəlmiş gələcək danışıqlara impuls vermək üçün razılaşıblar. Onlar öz xarici işlər nazirlərinə tapşırıblar ki, həmsədrlərlə birlikdə prosesin dinc fəallaşması məqsədilə görülmüş işlər əsasında fəaliyyəti davam etdirsinlər. Prezidentlər qarşıdan gələn aylarda yenidən görüşməyə razılaşıblar”. Həmsədrlərin bəyanatından belə məlum olub ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 5-6 dekabr Kiyevdə keçiriləcək iclası müstəvisində nazirlərin işgüzar görüşü olacaq”. Prezidentlərin Vyana görüşünün irəliyə addım olduğunu düşünənlərin sayı kifayət qədərdir. Müşahidəçilərin qənaətincə, böyük dövlətlər Qarabağ münaqişəsinin tez zamanda müsbət irəliləyişin olmasına çalışdıqlarını göstərirlər. Buna misal olaraq Vyana görüşündən öncə ABŞ dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında Vaşinqtonda keçirilən görüş misal gətirilir. Çünki Kerri ilə Davudoğlu da Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Və orada hər iki nazir tərəfindən Qarabağ problemi haqqında önəmli mesajlar verilib.
"Amerika Rusiya ilə razılığa gəlməsə...”
Prezidentlərin görüşünü "Şərq”ə şərh edən "Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə deyib ki, ümumilikdə iki ildən sonra təmasların qurulması mümkündür. Bununla yanaşı, keçmiş dövlət müşaviri görüşdən sonra irəliyə doğru müsbət addımın olmayacağı qənaətindədir: "Hər halda danışıqlarda böyük pauza yaranmışdı ki, prezidentlər görüşlə bunu aradan qaldırdılar. Eyni zamanda görünən odur ki, Qərb, Amerika Qarabağ münaqişəsinə diqqəti artırmaq yolunda addımlayır. Təsadüfi deyil ki, prezidentlərin Vyanada bir araya gəlməsi Amerikanın təşəbbüsüdür. Bu görüş həm də onu göstərdi ki, Rusiyanın münaqişənin hər hansı həllinə marağı yoxdur. Rusiya problemi olduğu kimi saxlamaq niyyətindədir. Kreml nə hərbi, nə də ki, sülhü istəyir. Moskva Azərbaycanla Ermənistanı təzyiq altında qoymaq və bunların fonunda öz maraqlarını iki ölkədə həyata keçirmək niyyətindədir. Yəni Rusiya öz dividendlərini Ermənistan və Azərbaycan vasitəsilə almaq istəyir. Medvedyevdən sonra Putin məsələni tamam dondurdu, simvolik, yaxud görüntü xarakteri daşıyan görüşləri də keçirmədi. Bu günə qədər neçə ildir pauza götürülmüşdü. Bu gün uzunmüddətli pauzadan sonra Qərbin təşəbbüsüylə Vyanada prezidentlər görüşdü. Bu görüş heç də nəsə baş verəcəyi düşüncəsini yaratmamalıdır. Yaxud irəliləyişlər olacağı barədə fikirləşməməliyik. Ona görə ki, Ermənistan prezidenti Moskvadan asılı olaraq qalır”. V.Quluzadə vurğulayıb ki, Amerika Rusiya ilə razılığa gəlməmiş Qarabağ konfliktinin həllində irəliləyiş gözləmək sadəlövhlük olardı: "Vaşinqton Moskvanı razı salandan sonra toplantı təşkil edib problemi həll etmək mümkündür. Amma Rusiya təmin olunmayınca problem də həllini tapmayacaq”.
"Rəsmi Bakı sülh danışıqlarından geri çəkilməyib”
Millət vəkili, politoloq Rasim Musabəyov prezidentlərin görüşünü müsbət qiymətləndirir: "Bu görüşdə müsbət fikirlərdən başqa nəsə axtarmağa dəyməz. Hər bir halda Vyana görüşü ölkə başçıları arasında dialoqun bərpası anlamını verir. Nəzərə alsaq ki, iki ilə yaxındır təmaslar pozulmuşdu, sülh danışıqlarında irəliləyiş gözlənilmirdi, o zaman görüşü müsbət dəyərləndirmək lazımdır. Serj Sarkisyan xoşumuza gəldi-gəlmədi, növbəti 5 il üçün Ermənistanın prezidentidir. Ona görə də bununla danışıqlar aparmalıyıq. Çünki rəsmi Bakı sülh danışıqlarından geri çəkilməyib, ümidlər sınmayıb. O üzdən də Sarkisyanla İlham Əliyevin dialoqu vacibdir”.
R.Musabəyov münaqişənin həllinə ümidlər olduğunu da qeyd edib: "Bilmək lazımdır ki, cənab prezidentimiz Sarkisyanla görüşdən böyük zövq almır. Münaqişənin həlli istiqamətində müzakirələr aparılır. Tərəf-müqabilimiz Sarkisyandırsa, demək ki, görüşmək, müzakirə aparmaq lazımdır. Çalışmalıyıq hansısa yollar tapaq, məsələ çözülsün. Prezident də buna çalışır. Yəqin ki, hələlik irəliləyişlə bağlı ümidlər mövcuddur”.
"Ən böyük gözlənti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonların boşalması barədə qərarının olacağıydı”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüşlə bağlı bildirib ki, təmaslarda real nəticələr əldə edilməsə də, bəzi nüansları Azərbaycan üçün müsbət hesab etmək olar: "Görüşün müsbət tərəfi ondan ibarətdir ki, prezidentlər xarici işlər nazirlərinin mütəmadi köməyi ilə təmasların davam etməsi ilə bağlı razılıq əldə edə biliblər. Amma eyni zamanda bütün bu təmaslar o anlama gəlmir ki, yaxın müddətdə danışıqlar prosesində irəliləyiş müşahidə olunsun. Görüşdən ən böyük gözlənti Ermənistan birinci addım olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşalması barədə qərarının olacağıydı.
Çünki Ermənistan birinci addımı atandan sonra Azərbaycan ona qarşılıq verəcək, ikinci addımını atacaq. Nəticədə, Ermənistanla kommunikasiya xətləri açılacaq, gediş-gəliş olacaq. Qaçqın və məcburi köçkünlər geri qayıdacaq. Bu da bölgədə sabitlik üçün açar rolunu oynayacaq. Amma Ermənistan bu istiqamətdə bir addım atmaq istəmir. Çünki güc dövlətləri Ermənistana bu istiqamətdə təsir etmirlər. Ermənistana təzyiq məsələsi yoxdursa, onların irəliyə doğru hansısa bir addım atacağını proqnozlaşdırmıram”.