Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Sabirabadda keçirilmiş mərasim ətrafında yaranmış ajiotaja münasibət bildirib. QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib ki, "şəbeh” deyilən bu mərasimlərin ələmlə heç bir əlaqəsi yoxdur. Seyidzadənin sözlərinə görə, insanlar ələmin elə oynadılmasını şəbeh kimi qəbul etməməlidirlər.
Çünki şəbeh Kərbəla müsibətinin səhnələşdirilməsidir: "Çox təəssüf ki, tənqid edənlərin çoxu əsl şəbehin nə olduğunu bilmirlər. Əsl ruhani əlbəttə ki, bu oyunları bəyənməz. Hər şeydən əvvəl bilinməlidir ki, ələm ərəb dilində bayraq deməkdir. Bayraq da bir atributdur. Buna da ehtiram olunmalıdır”. Şöbə müdiri təəssüflə qeyd edib ki, mömin cildinə girən hoqqabazlar ələmdən qazanc mənbəyi kimi istifadə edirlər: "Bundan ciddi narahatıq və şiddətlə qınayırıq”. QMİ-nin bu cür hallara nəzarət etməkdə aciz olduğunu deyən Seyidzadə idarə adından hüquq-mühafizə orqanlarından yardım istəyib: "Biz onlara müraciət edirik, elə mətbuat vasitəsilə də bildiririk ki, bu cür halların aradan qaldırılmasında bizə yardımçı olsunlar”.
QMİ-nin "dilə gəlməsinin” sevindirici hal olduğunu deyən ilahiyyatçı-alim Elşad Miri dönə-dönə vurğulayır ki, belə mərasimlərin islamla yaxından-uzaqdan heç bir
əlaqəsi yoxdur. Ona görə də hamısı qadağan edilməlidir: "Görün vəziyyət hansı yerə çatıb ki, heç bir məsələdə səsi çıxmayan QMİ ələm gəzdirmək mərasiminə dözməyib və etiraz edib. İslam dininə zidd olan bu cür mərasimlər müsəlmanları gözdən salır. Ümumiyyətlə, məhərrəmlik ayında, aşura günündə yaşanan bir çox hadisələrin dinlə heç bir bağlılığı yoxdur. Bunları təşkil edən şəxslər dindar insanların mənəvi hisslərindən öz maddi məqsədləri üçün istifadə edirlər”.
İlahiyyatçının sözlərinə görə, etiraz bildirsələr də, vəziyyətin bu yerə çatmasında əsas günahkarlardan biri elə QMİ-nin özüdür: "Bəyəm bugünə kimi belə şeylər olmurdu? Əlbəttə olurdu, özü də hər il. Amma QMİ nəyinsə xatirinə susurdu. Yaxşı ki, sosial şəbəkələr var və onlar vasitəsilə insanlar dinə zidd olan bu batil əməllərə kütləvi şəkildə etiraz edirlər. Belə olmasaydı, idarədən səs çıxmayacaqdı. Əgər QMİ indiyə qədər düzgün maarifləndirmə aparsaydı və mənim efirlərdəki çıxışlarıma qadağa qoyub, maneə yaratmasaydı, yəqin ki, məsələ bu həddə çatmazdı. Bizə imkan vermirlər ki, televiziyaya çıxıb bu məsələlərin biabırçılıq olduğunu insanlara açıqlayaq. Yenə deyirəm, belə mərasimlərin təşkilinə haqq qazandırmaq yox, əksinə qadağa qoymaq lazımdır. Bir də müxtəlif vasitələrlə insanları maarifləndirməliyik ki, onlar bir daha belə şeylərə meyl etməsinlər”.