Apreldə də qəbul imtahanı olacaq

Təhsil eksperti Etibar Əliyev bu qərarın başa düşülən olmadığını deyir



Gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında, orta məktəbi həmin il bitirən məzunlar isə əvvəlki kimi yay aylarında imtahan verəcəklər.

TQDK-nın bu qərarı ötən illərdə ali məktəb tələbəsi ola bilməyən məzunlar üçün gözlənilməz olub. Onlar qərarın səbəbini anlaya bilməyiblər. Sözügedən açıqlama ali məktəblərə abituriyent hazırlayan kurslarda da problem yaradıb. Belə ki, imtahanlar 3 ay əvvələ keçirildiyinə görə, kurslar proqramlarında dəyişiklik etmək məcburiyyətində qalıblar. Yəni proqram 10 ay ərzində deyil, 7 ay ərzində bitməlidir. Qəbul imtahanlarındakı yeniliyə münasibət bildirən təhsil ekspertlərinin məsələyə münasibəti isə birmənalı deyil. TQDK-nın bu qərarının başadüşülən olmadığını deyən təhsil üzrə ekspert Etibar Əliyev bunun abituriyentlər arasında ayrı-seçkiliyə gətirib çıxaracağını bildirib: "Bu, kəmiyyət baxımından imtahanların sayının çoxalmasına xidmət etsə də, keyfiyyət baxımından heç nə vəd etmir. Düzü, düşünmürəm ki, abituriyentlər üçün bu qərar hansısa problem yarada bilər. Aprel ayı ilə iyul ayı arasında 3 ay fərq var. Bir ilin doqquz ayını oxumayan məzun 3 ayda da heç bir şey əldə edə bilməyəcək. Amma buna baxmayaraq, hesab edirəm ki, sistem bütövləşməlidir. Orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanları birləşdirilməli və vahid imtahan keçirilməlidir. Bütün hallarda ali məktəblərə müxtəlif imtahanların keçirilməsini, yəni ayrılmanın fəlsəfəsini başa düşə bilmirəm. Əgər sənəd vermə, imtahan vermə və nəticələrin vaxtlı-vaxtında açıqlanması mümkündürsə, bunu iki dəfə keçirmək nəyə lazımdır?”

Təhsil Şurasının sədri, eksperti Əjdər Ağayev isə şagirdlər arasında ediləcək bu ayrı-seçkiliyin faydalı olduğunu deyir. Onun sözlərinə görə, TQDK-nın bu addımı həm abituriyentlərin, həm də valideynlərin ürəyincə olan qərardır: "Belə bir dəyişikliyə çox böyük ehtiyac vardı: "Dəfələrlə valideynlərin və abituriyentlərin qəbul imtahanları zamanı basabas və sıxlıqdan narazılıq etdiyinin şahidi oluruq. Onlar əvvəlki illərin məzunları ilə cari məzunların eyni vaxtda imtahan verməsinə etiraz edirlər. Bu dəyişikliklərdə heç bir pedaqoji dəyişikliklərdən söhbət getmir. Əsas mahiyyət sıxlığın aradan qaldırılmasıdır”.

Ə.Ağayevin fikrincə, əvvəlki illərin məzunları ilə orta məktəbi yeni bitirən məzunların yaşı və dünyagörüşü fərqli olduğundan onların ayrı-ayrı vaxtlarda imtahan verməsi hər mənada uğurlu qərardır. İmtahanların bir ay tez keçirilməsinin abituriyentlərin aşağı nəticələr göstərməsinə hansısa təsir göstərib-göstərməyəcəyinə gəldikdə isə Ə.Ağayev bu cür fikirlərin absurd olduğunu deyib: "Bu dəyişiklik orta məktəbi 2-3 il bundan əvvəl bitirən məzunlar üçündür. Onlar üçün bir-iki ayın heç bir önəmi yoxdur. Çünki həmin məzunlar orta məktəbi bitirəndən təkrar imtahan vermək üçün hazırlaşır, dəfələrlə sınaqdan keçirlər”.