Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu dəfələrlə vurğulayıb. ABŞ dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasındakı son müzakirələrin də əsas müzakirə obyektinin məhz DQ problemi olması bir daha göstərir ki, Türkiyə münaqişənin həlli üçün əlindən gələni edir.
Zatən də Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə mövqeyi bəlli idi. Son zamanlar diqqət çəkən proses isə Davudoğlunun DQ danışıqları ilə bağlı xüsusi aktivliyidir. Baş verən proseslər, aparılan müzakirələr, səslənən fikirlər onu deməyə əsas verir ki, Əhməd Davudoğlu hazırda danışıqlar prosesinin mərkəzində dayanıb. Təsadüfi deyil ki, son günlər Dağlıq Qarabağla bağlı səslənən ən "qaynar” açıqlamalar məhz onun tərəfindən səsləndirilir. Odur ki, hazırda Davudoğlu bizim üçün düyünə düşmüş problemin açılması üçün ən potensial fiqurdur.
Bəs, politoloqlar necə düşünür? Davudoğlunun fonunda Türkiyənin məsələyə diqqət ayırması Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
Davudoğlunun dünyada özünəməxsus çəkisi olan siyasilərdən olduğunu deyən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirlinin sözlərinə görə, baş verən proseslər fonunda Türkiyə-ABŞ yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər: "Görünür, Ə.Davudoğlu ilə həmkarı C.Kerri arasında yaxın işgüzar münasibətlər mövcuddur. Təsadüfi deyil ki, ABŞ-da Davudoğlunu Türkiyənin "Kisincer”i adlandırırlar”. Münaqişənin tənzimlənməsi prosesində Türkiyənin heç də kənar oyunçu olmadığını vurğulayan politoloq deyib ki, Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir.
Hazırda Türkiyə XİN başçısının ABŞ-da səfərdə olduğunu vurğulayan politoloqun sözlərinə görə, o, səfər çərçivəsində öz həmkarı Con Kerri ilə danışıqlar aparır. Bu danışıqlarda başlıca diqqətçəkən amil odur ki, Ermənistan- Türkiyə münasibətlərinin perspektivləri ilə yanaşı, Dağlıq Qarabağla bağlı son vəziyyət və bu danışıqlar kontekstində Vyana danışıqları əsas müzakirə predmeti olub: "Türkiyə- Ermənistan münasibətləri ilə bağlı ona ünvanlanan suala Davudoğlu qəti mövqe ifadə edərək bu istiqamətdə aparılan müzakirələrə son qoydu. Sərhədlərin açılmasında Türkiyənin də müəyyən qədər maraqlı olduğunu etiraf edən nazir bildirib ki, Türkiyə sərhədləri konkret şərtləri yerinə yetiriləcəyi təqdirdə razılıq verəcək. Burada isə 3 əsas şərtdən söhbət gedir. Birincisi, Ermənistan Türkiyəyə qarşı yaxın qonşuluq münasibətlərindən irəli gələn mövqe sərgiləməli, ikincisi, Ermənistan qondarma erməni soyqırımı kimi əsassız iddialardan əl çəkməlidir. Türkiyənin sonuncu mövqeyi isə belədir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya konkret mövqe qoymalı və işğala son verməlidir. Davudoğluna görə, bu üç şərtin yerinə yetirilməsi xaricində sərhədlərin açılması və münasibətlərin bərpasında heç bir problem yoxdur”.
Danışıqlar zamanı C.Kerrinin Azərbaycan və Ermənistan prezidentlərinə telefon zəngini xatırladan E.Nəsirlinin sözlərinə görə, Türkiyənin, xüsusən də Davudoğlunun səyləri nəticəsində münaqişənin tənzimlənməsi ilə bağlı ABŞ-ın fəallığının artması gözləniləndir.
Dövlət katibi Con Kerri çıxışları zamanı dəfələrlə Türkiyənin Dağlıq Qarabağ məsələsinin nizamlanmasında konstruktiv oyunçu ola biləcəyini bildirib. Belə olan halda vasitəçi qismində Türkiyənin prosesə cəlbi nə dərəcədə real görünür? E.Nəsirli bizim üçün bunun çox zəruri olduğunu desə də, indiki şəraitdə mümkün hesab etmədiyini vurğulayıb: "Azərbaycanın hazırda da Türkiyənin Minsk Qrupunda iştirakı ilə bağlı mövqeyi var. Amma bu, son nəticədə konsepsiya əsasında qəbul edilir. Bildiyiniz kimi, son zamanlar Fransanın həmsədr kimi Avropa İttifaqı ilə əvəzlənməsi ilə bağlı müzakirələr gedir. Sual oluna bilər, axı Fransa da Avropa ölkəsidir. Ancaq bir məsələ də sual doğurur ki, 28 Aİ ölkəsindən niyə məhz Fransa həmsədr funksiyasını yerinə yetirir. O ki qaldı Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmsədr ölkə olaraq iştirakına, düşünürəm ki, Ermənistan buna heç vaxt razılıq verməyəcək. Biz Türkiyəni bu statusda hər nə qədər istəsək, yenə də Ermənistan bunun əleyhinə çıxacaq. Onun üçün də bu istəyimizin reallaşması üçün müəyyən proseslər getməlidir, amma indi mümkün deyil”.
E.Nəsirlinin sözlərinə görə, Ə.Davudoğlu ilə Con Kerri arasındakı dostluq münasibətləri, dövlət katibinin Türkiyə ilə bağlı verdiyi bəyanatlar, Türkiyənin Qarabağa və Kipr münaqişəsinin həllində xüsusi rola malik olması ilə bağlı yanaşmaları bu gün Ermənistanda çox narahatçılıqla qəbul olunur: "Bu, onu təsdiqləyir ki, bu gün ABŞ Türkiyəyə regionda müttəfiq kimi baxır. ABŞ-ın və xüsusi ilə özlərinki hesab etdikləri Con Kerrinin belə bir mövqedən çıxış etməsi Ermənistanı narahat etməyə bilməz. Bu gün Con Kerri ilə Əhməd Davudoğlu arasında çox sıx işgüzar münasibətlər formalaşıb ki, ermənini narahat edən də bunların işgüzar münasibətlərinin dostluq münasibətlərinə çevrilə bilməsidir. Çünki belə olan halda proseslər Ermənistanın maraqlarının ziddinə cərəyan edə bilər”.
Millət vəkili Fərəc Quliyev isə hesab edir ki, son zamanlar Dağlıq Qarabağ prosesində qardaş ölkənin fəallaşmasını təkcə Davudoğlunun adı ilə bağlamaq doğru deyil. XİN başçısının birmənalı şəkildə dövləti təmsil etdiyini qeyd edən F.Quliyevin sözlərinə görə, münaqişə ilə bağlı Türkiyənin mövqeyi lap əvvəldən Azərbaycanın mövqeyi ilə üst- üstə düşüb: "Türkiyə hər zaman Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilib. Həmçinin də Azərbaycan. Sözsüz ki, Azərbaycanla Türkiyənin bütün sahələrdə uğuru və uğursuzluğu bir-biri ilə çox bağlıdır. Hətta Dağlıq Qarabağ problemi olmasa belə, ermənilər həmin türkləri sıxışdırmaq siyasəti yeridiblər. Qarşıdan 2015-ci il gəlir və ermənilər qondarma soyqırımın 100 illiyi ilə bağlı ciddi hazırlıq görürlər. Bu isə göstərir ki, ermənilər bütün türk dünyasının qarşısındadır”.
Millət vəkilinin sözlərinə görə, Türkiyə ağırlığını qoyduğu halda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olmaq olar”.
Millət vəkili onu da bildirib ki, münaqişənin həlli istiqamətində qonşu dövlətlərin vasitəçi olması zəruri haldır: "Bu məsələni parlamentdə qaldıranda da vurğulamışam ki, ATƏT-in Minsk Qrupunda Fransa və Rusiyanı Gürcüstan və Türkiyə əvəz eləsin. Bu gün də həmin fikirdəyəm ki, Türkiyənin həmsədr statusunu alması prosesin inkişafına təkan verə bilər”.