Meriyanın körpələrin tərbiyəsi ilə məşğul olması müşkül məsələdir
Uşaq bağçaları müşkülü çözülmür. Bu uşaq müəssisələri Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləndə, ümid yarandı ki, bəlkə bundan sonra uşaq bağçaları problemi də həllini tapar. Amma əksinə, problem daha da qabardı. İndi uşaqları bağçaya qəbul etmək üçün BŞİH-dən sərəncam olmasını tələb edirlər.
Kəmalə Ağayeva: "Nəzarətdən kənarda qalan uşaq potensial qurbandır”
Bunu "Şərq”ə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva dedi:
- Valideynlər bizə müraciət edir ki, uşaqlarımı bağçaya qoya bilmirik. Bağça müdirəsi deyir ki, yer yoxdur, əlavə uşaq götürə bilmərəm. Gedin, BŞİH-dən sərəncam alın, sonra uşağı qəbul edək. Başa düşə bilmirəm; uşağın bağçaya qəbul edilməsi üçün nə sərəncam?! Çox ağır vəziyyət yaranıb. Uşaq bağçaları yerlərin dolduğunu əsas gətirib uşaqları qəbul etmir. Bəs valideyn neyləsin? Hazırda bizim sığınacaqda qalan uşaqlar var. Halbuki birliyin nəzdindəki sığınacaq kimsəsiz, valideyn himayəsindən məhrum, zorakılığa, istismara məruz qalan uşaqlar üçün nəzərdə tutulub. Amma biz məcbur olub, atalı-analı uşaqları da qəbul edirik. Çünki valideyn bildirir ki, uşağı qoymağa yer tapa bilmir. Valideynlər arasında işləyənləri var. Eləsi də var, özünün qalmağa yeri yoxdu. Uşağını gətirir sığınacağa ki, təki övladımın qalmağa isti yeri olsun, eybi yoxdu, özüm birtəhər yer taparam. Burada əlbəttə uşaqlara yemək də verilir, yatmağa yerləri də olur. Amma sığınacaq uşaq bağçası deyil. Burada təlim keçilmir. Sığınacağın öz funksiyası var, uşaq bağçasının öz funksiyası. Sığınacaq uşaq bağçasını əvəz edə bilməz. Bura sadəcə, müvəqqəti qalmaq üçün yerdir. Bu məsələyə ciddi yanaşılmalıdır, bunun bir yolu, üsulu tapılmalıdır. Uşaqlar nə vaxta qədər nəzarətsiz qalacaq, onlara aid olan bağçalarına gedə bilməyəcəklər? Uşaq bağçalarının hansı qurumun tabeliyində olması, birindən alınıb digərinə verilməsi bizim qərar verəcəyimiz iş deyil. Biz ancaq bu sahədəki problemlərdən danışırıq. Ən böyük problem də uşaqların yerləşdirilməsi, qidalanma və maddi-texniki baza məsələləridir. Uşaq bağçaları hansı qurumun tərkibindədirsə, o qurum da bu problemlərin həllinə nail olmalıdır. Uşaq müəssisəsindən kənarda qalan uşaqlar potensial qurbandırlar. Valideyn nəzarət edə bilmir, uşaqlar da yad insanların təsiri altına düşür. Uşaq özünəməxsus müəssisədə olmalıdır ki, özünə aid işlərlə məşğul olsun. Vaxtlı-vaxtında qidalansın, yatsın, oyunlarda iştirak etsin, məktəbəqədər təlim prosesi keçsin. Bizə müraciət edənlər çoxdur, amma biz uşaqları bağçalara yerləşdirməkdə çətinlik çəkirik. Bəzən bu proses 5-6 ay uzanır. Bu müddətdə ailə də, valideynlər də, uşaqlar da əziyyət çəkir. Nəhayətdə, bağçaları uşaqlara qaytarmaq lazımdı.
Əjdər Ağayev: "Necə ola bilər ki, elmi əsasları nazirlik hazırlasın, amma idarəçilik icra hakimiyyətinin olsun?!”
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev uşaq bağçalarının Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilməsinin təhsil sisteminə zidd olduğunu dedi:
- Bu gün də həmin fikrimdə qalıram ki, uşaq bağçalarının BŞİH-nin tabeliyinə verilməsi düzgün deyil. Uşaq bağçaları ümumi təhsil zəncirinin ən birinci, ən vacib və ən möhkəm olması tələb edilən bir halqasıdır. Uşaq bağçası təhsilin ilk pilləsidir. Təhsilin sonrakı pillələrinin necə inkişaf edəcəyi birinci pillənin düzgün inkişafından asılıdır. Təhsilin bütün pillələri bir ünvana tabe olmalıdır ki, vahid idarəetmə sistemi pozulmasın. Təhsilin hansısa pilləsini ümumi təhsil sistemindən ayırmaq vahid sistemin parçalanması deməkdir. Bu, heç vaxt uğurlu alına bilməz. Cənab Prezident "Təhsilin inkişaf strategiyası” haqqında sərəncam imzalayıb. Orada da bildirilir ki, təhsil sistem halında mövcuddur. Amma uşaq bağçaları BŞİH-nin tabeliyində qalır. Bu, ümumi təhsil strategiyasına ziddir.
Təhsil pillələrinin hamısı bir-birilə məntiqi, sosial-intellektual bağlılıqdadır. Körpə anadan olandan 3 yaşınadək Körpələr evində, 3 yaşından 6 yaşınadək uşaq bağçasında, 6 yaşdan 17 yaşadək məktəbdə, 17 yaşdan sonra hissə ali məktəb, aspirantura, akademiya və s. pillələri keçir. Təhsilin pillələri insanı bütün həyatı ərzində müşayiət edir. Təhsilin körpələr evi pilləsini çıxaq. Bu yaşda uşaqlar təhsildən demək olar ki, uzaqdır. Körpələr evi də respublikada nisbətən azdır, çünki bu yaşda körpələri Azərbaycan ailəsi adətən evdə böyüdür. Bəzi hallarda, zərurət yarandıqda körpə Körpələr evinə verilir. Amma uşaq bağçası uşaqların əksəriyyətinin həyatında bir pillə təşkil edir. Psixoloqlar müəyyənləşdirib ki, insanın formalaşma dövrü məhz 3-5 yaş arasında baş verir. Bu yaşda insan təhsil, tərbiyə, oyunlar və s. vasitəsilə formalaşma dövrü keçir. Uşağın bir insan kimi özülü 5 yaşda qoyulur. Uşaq əsas informasiyanı məhz bu yaşda toplayır. 6 yaş isə artıq məktəbəqədər və məktəb yaşı dövrü başlayır. Təhsilin səviyyəsi ayrı söhbətin mövzusudur. Amma uşaq bağçalarını təhsildən ayrı təsəvvür etmək təhsil elmini bilməməkdən irəli gələ bilər. Uşaq bağçalarının fəaliyyət proqramını Təhsil Nazirliyi hazırlayır. Onun da elmi əsasları var. Uşaq bağçası sadə, bəsit sahə deyil. Onun proqramı hazırlanarkən hər bir detal nəzərə alınır. Necə ola bilər ki, elmi əsasları Təhsil Nazirliyi hazırlasın, məktəbəqədər təhsil üzrə kadrlar yetişdirsin, onların təcrübə keçməsini təmin etsin, pedaqoji kadrların, bilavasitə uşaqlarla işləyənlərin peşəkarlığının artırılması məsələlərinə nəzarət etsin, uşaq bağçalarını müəllimlə, tərbiyəçilərlə təmin etsin, amma idarəçilik icra hakimiyyətinin olsun? BŞİH maddi-texniki baza, təchizat işlərini çıxmaqla, uşaq bağçaları ilə bağlı bütün məsələlərdə Təhsil Nazirliyinin dəstəyi olmadan keçinə bilməz. Bağçaların tədris-təlim proqramını, metodiki vəsaitləri də nazirlik hazırlayır. Belə olduğu halda icra hakimiyyəti strukturuna yalnız uşaq müəssisələrinin təchizatı məsələsi həvalə edilməlidir. Bütün digər məsələlərsə, nazirliyin tabeliyində olmalıdır.
BŞİH bağça müəllimlərinin attestasiyasını keçirmək istəyir. Yəqin, Təhsil Nazirliyindən mütəxəssis, kadr xahiş edəcəklər. Çünki qiymət vermək, qiymətləndirmə aparmaq Təhsil Nazirliyinin işidir. Belədirsə, deməli, attestasiyanı da nazirlik keçirməlidir. Və uşaq bağçaları da əvvəlcə olduğu kimi nazirliyə tabe olmalıdır ki, lazım gələndə attestasiya keçirsin, lazım gələndə yoxlama aparsın. Təhsil Nazirliyi qiymətləndirmənin meyarını bilir, uşaqlarla bağlı pedaqoji-psixoloji məsələlər nazirliyin strukturları tərəfindən araşdırılır, öyrənilir. Uşaq bağçası sadə bir məsələ deyil. Fərdi yanaşma, rejim, qida, bədən tərbiyəsi, tədris, təlim, sağlamlıq... Uşaq müəssisəsi nəhəng bir strukturdur. Bütün bu məsələlərlə mütəxəssislər məşğul olmalıdır.
"Uşaqlar bağçada sosial dezadaptasiya dövrü yaşayır”
Uşaq bağçaları ilə bağlı digər bir problem isə uşaqların bağçaya getmək istəməməsidir. Bəzi ailələrdə bu problem yaşanır. Uşaqlar iki ayaqları bir başmağa dirəyib, bağçaya getməkdən imtina edirlər. "Səhərin gözü açılmamış” evdə mərəkə qopur. Uşaq ağlayır, necə deyərlər, özünü dağa-daşa çırpır, valideynin səsi binanı alır başına.
Səbəb nədir?
Psixoloq Samir Əhmədov uşaqların bağçadan "qorxmasının” səbəblərini açıqladı:
- Bu problem təkcə bağçalarla yox, məktəblərlə bağlı da yaşanır. Birinci sinfə gedəndə ağlayan, sinifdə oturmaq istəməyən uşaqları heç görməməsiniz? Bütün bunlar valideynin uşağı düzgün tərbiyə etməməsinin nəticəsidir. Bəzi valideynlərdə uşağa aşırı diqqət var. Uşaq evdə o qədər diqqət, əzizlənmə görür ki, evdən kənarda qala bilmir. Onun üçün çətin olur. Şəraitə uyğunlaşa bilmir. Bağçada bir uşaq deyil, onlarla uşaq var. Tərbiyəçi diqqətini bütün uşaqlara paylamalıdır. Bir uşağın arxasınca düşəsi deyil. Ailədə aşırı diqqət və qayğı görən uşaq da bağçada bunu görməyəndə belə hiss yaranır ki, burada onu istəmirlər, sevmirlər və ona görə də bağçaya getmək istəmir. Uşaqlar bağçada faktiki olaraq sosial dezadaptasiya dövrü yaşayırlar. Uşaq kaprizlərini ən çox harda edir? Evdə. Evdən kənara çıxanda isə artıq kaprizlərə yer olmadığını görür və bununla barışmaq istəmir. Burada valideynlərin uşaqla ünsiyyət qurmaq, onu cəmiyyətə hazırlamaq bacarığı da böyük əhəmiyyət daşıyır. Valideynlər tərbiyə məsələlərində məsuliyyətli olmalıdırlar. Bilməlidirlər ki, uşaqlar cəmiyyətdə böyüməlidir. Evdə qapalı şəraitdə böyüyən uşaq sabah müstəqil hərəkət etmək, müstəqil düşünmək və qərar vermək qabiliyyətinə sahib olmayacaq. Əlbəttə, burada bağça tərbiyəçilərinin, müəllimlərin qeyri-peşəkarlığı da rol oynayır. Məktəbəqədər və ibtidai təhsilin səviyyəsi aşağıdır. Bağçalarda işləyənlərin demək olar ki, böyük əksəriyyəti pedaqoji kollecləri, texnikumları bitirənlərdir. Orada da təhsilin səviyyəsi sıfra bərabərdir. 21-ci əsrin müəllimi dövrün müəllimi olmalıdır. Bilməlidir ki, o, 21-ci əsrin uşağına dərs deyir. Müasir dövrün uşaqları 20 il əvvəlin uşaqları deyil. Dövrə, şəraitə uyğun davranmalıdırlar. Amma təəssüf ki, tərbiyəçilər, bağça müəllimləri yetişdirən təhsil müəssisələri vəzifələrinin öhdəsindən gələ bilmir. Valideynlər də bunu bacarmır. Uşaqlar demək olar ki, özbaşına böyüyürlər. Bu sözün bütün mənaları ilə.