"Qız valideynini məcbur edir, o da, kredit götürüb cehiz alır, sonra da..."




"Cehiz qadının ağlı, bacarığı, mədəniyyəti və böyüdəcəyi uşaqların cəmiyyətə xeyridir”.

Bunu Sherg.az-a qızına aldığı cehizin pulunu verə bilmədiyinə görə məhkəməlik olan şəxslərin artmasına münasibət bildirən sosioloq-jurnalist Lalə Mehralı deyib. 

Onun sözlərinə görə, indiyə kimi cehiz məsələsinə görə nə qədər nişanlar aqayıdıb, elçiliklər dava ilə bitib, nə qədər ailədə söz-söhbət yaranıb:

"Biz nə evliliklər gördük. 80-90 min manatlıq cehiz verənlər oldu. Amma sonradan evliliyin 1 ili bitməmiş həmin ailə dağıldı. Elə ailələr tanıyıram, cehizsiz evləniblər, indi hər şeyləri var. Maddi imkanı olan da, olmayan da cehiz düzəndə ifrata varır. İki meyvə qabını normal halda 20-30 manata almaq olursa, cehizlik meyvə qabına 300-400 manat pul verənlər var. Bir çay dəstinə, yemək dəstinə 1500-2000 manat verən insanlar tanıyıram. Halbuki onların aylıq gəliri 200-250 manatdır. Tutaq ki, bu krediti hər ay maaşından 50 manat kəsməklə ödədi. Axı, cehiz tək bununla bitmir. Bir çarpayı örtüyünün materialı, sapı, parçası nədən ola bilər ki, ona 5000 manat qiymət qoyulsun? Yaxşı, tutaq ki, qoyuldu bu qiymət, satan hansısa özəlliyinə görə o örtüyü elə satır, bəs alan? Alan ki bilir, hər ay evinə girən pul nə qədərdir. Axı cəmi 80-`100 manata da normal çarpayı örtüyü var. Valideynlər həmişə günahkar deyil, tələbkar qızlar çoxdur. Ailənin büdcəsinə uyğun cehizlik əşyanı bəyənmir, valideyn də məcbur olub, daha bahalısını alır. Cehiz pulunu ödəyə bilmədiyi üçün özünü metro qatarı altına atan atanı xatırlayarsınız, yəqin ki. Qızı görəsən heç vicdan əzabı çəkdimi, o hadisədə?”

Özünü missal gətirən Lalə Mehralı cehizsiz ailə qurduğunu söyləyib:

"Ailə qurduğum gündən işləyirəm. Bu günədək nəyə ehtiyacımız olub, özümüz işləyib almışıq. Kirayədə yaşasaq da, bir ev üçün lazım olan hər şeyimiz var. Əər bir gün ev almaq imkanımız olarsa, ev üçün bütün əşyalarımız hazırdır. Üstəlik əşyaları nə kreditə girməklə, nə borca-xərcə düşməklə aldıq. Bu ay birini, növbəti ay o birini. Vicdanım rahatdır. Mən ailəmi borca salmadan evimi qurdum. Bəhs etmək, qonşudan dala qalmamaq kimi adətlərimiz bizi özümüz olmaqdan çox uzaqlaşdırır. Cehizi büdcəyə uyğun vermək lazımdır. İmkansızlıq var, heç verməsin, bu o demək deyil ki, o valideyn övladını istəmir. Övladına təhsil verməklə valideyn ən böyük yaxşılığı edib, ən bahalı cehizi verib. Bir neçə şüşə qab-qacağı verməsə nə olar? Cehizsiz ailə quranı daşlayırlar? Ya cəmiyyətdən təcrid olunur? Məni qovdularmı bu ölkədən? Yoxsa xoşbəxt olmadım? Cehiz adəti əslində bir mədəniyyətdir, bunu millətimiz min illərdir qoruyub saxlayıb, amma son 10 ildə bunun da şitini çıxardılar. Yadıma gəlir, nənəm deyirdi ki, onun cehizi bir süpürgədən və bir qazandan ibarət olub. Süpürgənin verilməsində məqsəd, yeni gəlinin təmizkar, səliqəli olmasına işarə, qazan isə gənc ailənin ruzili olması üçün bir simvol idi. O zamanların ən məşhur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və s. idi ki, gəlin öz övladlarına bu cehizlərini yadigar verə bilirdi.
Nəticədə əl əməyi, göz nuru olan bir yaylıq nəsildən nəsilə keçir, əsrdən əsrə adlayırdı. Amma indi cehizlərdə əl əməyi olan heç nə olmur. Qızlarımız ili bitməmiş dəbdən düşən mebellər, heç vaxt qıyıb içinə yemək qoyulmayan qablar, ən əziz qonağa da çıxarılmayan "xrustal” stəkanlar yerinə ərklə işlədə biləcəyi, münasib qiymətə olan əşyalar alsın”.

Qeyd edək ki, qızına cehiz alıb pulun verə bilməyərək dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Aysel Aslan