“Suriyaya, Əfqanıstana gedə bilməz, bütün sənədləri evdədir”
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədov hələ də tapılmayıb. Məlum olduğu kimi, A.Məmmədov ötən şənbə evdən çıxıb və geri qayıtmayıb. A.Məmmədovun ailəsi bununla bağlı Xətai Rayon Polis İdarəsinə müraciət edib. Lakin hələ də gəncdən bir xəbər yoxdur. Tələbənin itkin düşməsi ətrafında isə müxtəlif rəylər səslənir. Belə fikirlər var ki, A.Məmmədov şərq ölkələrində fəaliyyət göstərən terror qruplaşmalarının "toruna” düşüb. Belə fərziyyə irəli sürənlər iki il bundan öncə Dövlət Neft Akademiyası, həmçinin Bakı Dövlət Universitetinin bir neçə tələbəsinin itkin düşmə xəbəri yayılandan sonra soraqlarının Əfqanıstan və Pakistandan gəlməsinə istinad edirlər. Xatırladaq ki, o zaman Pakistandakı qruplaşmaların tərkibində olan bir tələbə evlərinə zəng edərək bir neçə azərbaycanlı tələbənin də orada olduğunu söyləmişdi. Digər tərəfdən itkin düşmüş A.Məmmədovun evdən getməzdən əvvəl öz mobil telefonunun ekranına tabut şəkli yerləşdirib "mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb. Həmin gün şəxsi "Facebook” səhifəsində isə "Qoyun qılım namazımı, sonra kəsim boğazımı” sözlərini yazıb. Tələbə gəncin bu qeyri-adi davranışları onun hansısa dini qruplaşmada təmsil olunduğunu, yaxud da hazırda döyüşlərin getdiyi ərəb ölkələrindən birinə aparıldığını ehtimal etməyə əsas verir. Xüsusən də ona görə ki, bu gənc şərqşünaslıq fakültəsinin tələbəsidir və demək ki, şərq dillərindən hansınısa bilir.
Dünən BDU-nun şərqşünaslıq fakültəsi ilə əlaqə saxladıq. Dekanlıqdan A.Məmmədov barədə yeni bir məlumat olmadığını dedilər. Sadəcə, tələbənin valideynləri ilə əlaqə saxladıqlarını və "nə ölüsündən, nə dirisindən xəbər var” cavabını eşitdiklərini dedilər.
A.Məmmədovun anası Samirə xanımla da əlaqə saxladıq. Samirə xanım polisin axtarışları davam etdirdiyini bildirdi:
- Xətai Rayon Polis İdarəsi ilə əlaqə saxlamışıq. Bizə bildiriblər ki, hazırda yaşadığımız evin ətrafında, yaxın ərazilərdə olan kameraların yaddaşına baxılır. Ola bilər, Asim hardasa kameraya düşsün və hansı tərəfə istiqamət aldığı bilinsin. Polis axtarışları davam etdirir. Qohumlarımızla, dostları ilə əlaqə saxlamışıq. Nə qohumların yanında var, nə dostlarının.
- Necə düşünürsünüz, Asim hara gedə bilər?
- Nə qədər fikirləşirəm, ağlıma bir şey gəlmir.
- Sizcə, Suriyaya, Əfqanıstana getməz ki?
- Necə gedə bilər? Bütün sənədləri evdədir. Özüylə nə şəxsiyyət vəsiqəsi, nə pasport, heç nə götürməyib... 19 yaşı var, çətin bir dövrüdür.
- Asim qapalı uşaq idimi, yoxsa sizinlə açıq danışırdı, ünsiyyət yaradırdı?
- Axır vaxtlar bir az qapalı olmuşdu. Namaz qılırdı, ibadət edirdi... Şərqşünaslıq fakültəsini də özü seçmişdi. Məncə, o, sağdır. Ana ürəyi hiss edir. Bir təhlükə olsaydı, hiss edərdim. Ancaq hiss etmirəm. Bir xəbər çıxar yəqin...
- İnşallah...