Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə basqın olayından sonra vilayət azərbaycanlılarının diaspor rəhbərinə və azərbaycanlılara qarşı təzyiqlər başlayıb. Bunu APA-ya açıqlamasında Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin rəhbəri Rasim Uğurluyev bildirib.
O qeyd edib ki, Ş.Məmmədovun evinin qarşısındakı naməlum basqınçılarla atışmadan, evinə 30 nəfər milis tərəfindən səbəbsiz və gözlənilməz basqından, evdə axtarış aparılmasından sonra yerli millətçilərin və milisin təzyiqləri ilə üzləşib: "Həmin axşam milis xüsusi təyinatlıları səbəbsiz yerə, sanksiyasız evimə basqın etdi, evimi alt-üst etdilər, körpə qızımı qorxuzdular. İndi uşağın əsəbləri pozulub. Özümü də əllərim qandallı şəkildə şəhər milisinə aparılar. Çox gülünc və qeyri-qanuni səbəb də göstərdilər: "Sizin azərbaycanlılardan birinin evində atışma olub, yerli millətdən ölən var və siz də ona görə burdasınız”. Mən başıma gətirilənlərin qanunsuz olduğunu dedikdə isə təzyiq göstərib susmağımı tələb etdilər. O günün səhəri dilimdən iltizam alıb buraxdıqdan sonra hər gün çağırıb Şahin Məmmədov hadisəsinə, ümumiyyətlə, azərbaycanlıların Luqanskdakı fəaliyyətinə görə yersiz sorğu-sual edib hədələyirlər. Hətta vilayətdə hökumətə yaxın olan yerli təşkilat saytları da azərbaycanlıların bölgədən qovulub çıxarılması ilə bağlı çağırışlar edir, millətimizi "vəhşi xalq” adlandıraraq təhqir edirlər. Bu vaxta kimi burada belə hal olmamışdı”.
Diaspor rəhbəri bildirib ki, Ş.Məmmədov hadisəsi ilə bağlı artıq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb və hazırda Ş.Məmmədov həbsdədir: "Halbuki onun evinə basqın olub və o, özünü müdafiə edərkən açdığı atəş nəticəsində güllə dəyən adam xəstəxanada keçinib. Amma işi elə açıblar ki, guya qəsdən öldürüb. Özü də həbsdə vəziyyəti ağırdır, çünki onda miostaniya xəstəliyi var. Ən qəribəsi də ondadır ki, milis basqın edənləri nəinki saxlamayıb, heç axtarışında da maraqlı deyil”.
R.Uğurluyev onu da deyib ki, hadisə ilə bağlı vilayət azərbaycanlıları Ukrayna Prezident Administrasiyasına, Ali Radaya və Respublika Prokurorluğuna müraciət edəcək: "Burada vəziyyətimiz çox acınacaqlıdır. Özümüz də bilmirik ki, bir atışmadan sonra bizə qarşı bu kütləvi təzyiqlərin səbəbi nədir”.
Qeyd edək ki, noyabrın 16-da axşamı Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb.