Gələn ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) xarici bazarlara xam neft ixracını dayandıracaq. Bu barədə Şirkətin hasilat üzrə vitse-prezidenti David Məmmədov deyib. ARDNŞ-nin vəzifəsinin ilk növbədə daxili bazarın tələbatını ödəmək olduğunu vurğulayan vitse-prezidentin sözlərinə görə, xam neftin xarici bazarlara satışının dayandırılması bazarda benzinə olan tələbatın artması və benzin qıtlığının yaranması ilə bağlıdır.
O həmçinin qeyd edib ki, ARDNŞ-nin hasil etdiyi neft yalnız daxildə benzin emalına yönəldiləcək. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycanın xarici bazarlara xam neft ixracını dayandırması heç də birmənalı daxili bazarda benzinə olan tələbatın artması, bunun nəticəsində isə ölkədə benzin qıtlığının yaranması ilə bağlı deyil. O bildirib ki, Azərbaycanın bu addımı Rusiyanın qərarına adekvat olaraq atılmış addımdır: "Neft Şirkəti Bakı- Novorossiysk kəməri ilə neft nəqlinin "Transneft” tərəfindən təqdim olunan tariflərindən narazıdır. Yəni "Transneft tarifi qaldırdığından, ARDNŞ öz neftinin xaricə ixracını dayandırıb. Bildiyiniz kimi, Azərbaycanın Rusiyaya ixrac etdiyi 1,7 milyon ton neftin təxminən 700 min tonu ARDNŞ-nin neft yataqlarında hasil olunurdu. Yerdə qalan 1 milyon ton isə əməliyyat şirkətlərinin quruda hasil etdiyi neftdir. İndi isə Neft Şirkəti xaricə ixrac etdiyi həmin nefti emal müəssisələrinə yönəldəcək və ondan benzin emalında istifadə olunacaq. Lakin əməliyyat şirkətlərinin hasil etdiyi 1 milyon ton xam neft isə yenə də xarici bazarlara ixrac olunacaq”.
İ.Şabanın sözlərinə görə, Rusiya tariflərində 2 dəfədən çox artıma yol verməsə idi, ARDNŞ tərəfindən hasil olunan neft əvvəlki qaydada şimal istiqamətində ixrac olunacaqdı. Yəni ki, Azərbaycanın xarici bazarlara neft satışını dayandırması yalnız Azərbaycanda benzinə olan tələbatın artması ilə yox, daha çox bu faktorla bağlıdır.
"Avro-3” standartına keçidlə bağlı gələn ildən benzinin qiymətinin artacağı ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun açıqlamasına gəldikdə isə ekspert bildirib: "David Məmmədovun da açıqlamasında dediyi kimi, "Avro-3”-ə keçidlə bağlı tələb olunan vəsait çox cüzi xərclərdir. "Avro” standartları isə ekoloji standartlar, yəni havaya buraxılan maddələrin azaldılması anlamına gəlir. Havaya buraxılan maddələrin azaldılması üçün isə əlavə bir dənə qurğu quraşdırılır ki, xərc də ona çıxır. Burada hansısa 100 milyonluq əsaslı kapital qoyulmur ki, bu da benzinin maya dəyərində köklü dəyişikliklərə gətirib çıxarsın. Bu mənada "Avro-3” standartlarına keçidlə bağlı benzinin qiymətinin artırılmasını düzgün hesab etmirəm”.