Müdafiə naziri Zakir Həsənov Moskvada səfərdədir. Səfər çərçivəsində azərbaycanlı nazirlə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş baş tutub. Mətbuat üçün qapalı keçirilən mərasim zamanı Qəbələ Radiolokasiya Stansiyasının Azərbaycana təhvil verilməsinin başa çatdırılması ilə bağlı da müzakirələr aparılıb.
Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı da imzalanıb. Z.Həsənovla Qazaxıstanın müdafiə naziri Adılbek Jaksıbekov, Ukraynanın müdafiə naziri Pavel Lebedev, Qırğızıstanın müdafiə naziri Taalaybek Omuraliyev, Belarusun müdafiə naziri Yuriy Jadobin arasında ikitərəfli görüşlər də olub. Qeyd olunan ölkələrin müdafiə nazirlikləri ilə də Azərbaycan MN arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Nazirin ilk xarici səfərini Rusiyaya etməsi ilə bağlı ekspertlər fərqli düşünürlər. Bəziləri məsələdə pərdəarxası diplomatik məqamların olduğunu iddia edirlər.
Yeni müdafiə nazirinin Moskva səfərini şərh edən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, Azərbaycanın Türkiyə və öncül Avropa ölkələri ilə hərbi əməkdaşlığına xitam verməsi anlamına gəlməli deyil. Zənnimcə, səfərin də başlıca mənası Azərbaycan və Rusiya arasında müxtəlif hərbi təhlükəsizlik sahəsindəki əlaqələrin müəyyən səviyyədə davamlılığına xidmət edəcək.
Millət vəkilinin qəanətinə görə, çox böyük faktor olan Rusiya ilə münasibətlərin yaxşılaşması önəmlidir.
Z.Orucun fikrincə, Qəbələ RLS-in üzərindən mövzunun hansısa bir şəkildə gündəmə gətirilməsi qeyri-realdır: "Rusiya RLS-də işləmədiyini, özü üçün Armavirdə xüsusi sistem qurduğunu və buna müvafiq olaraq da Azərbaycanla bəlli müqaviləni uzatmaq istəmədiyini ortaya qoyub. Artıq Qəbələdə tikiləcək sanator kurortla bağlı görüləcək işlərin gerçək planları cızılıb. Orda hökumət tərəfindən atılacaq addımların proqramları tərtib olunub. Hesab edirəm ki, səfər təzədən Rusiyanın ölkəmizdə hərbi bazasının yerləşdirilməsinə hesablanıb kimi informasiyalar müxtəlif maraqlı dairələrin dezinformasiyasıdır. Burada əsas götürülən niyyət Azərbaycanın qonşu və mühüm bir ölkə ilə münasibətlərini gələcək dövrlərdə davam etdirməkdir. Hətta hər iki tərəfdə nazirlər yenidir. Onlar arasında təmasların yaranması zəruridir”.
Millət vəkili onu da əlavə edib ki, Z.Həsənovun addımları ilk növbədə ölkə başçısının, digər tərəfdən isə vətəndaşlarımızın gözləntiləridir: "İndiki halda önəmli olan sadəcə bir ənənəvi mövqeni seçib qalmaq deyil. Rusiya ilə də münasibətlər olmalıdır. Lakin əsas prioritet Avropa ölkələri və qardaş Türkiyə ilə münasibətləri daha da inkişaf etdirməkdir. Amma Rusiyanı da unutmaq olmaz. Silah satışından ildə 32 milyard dollardan artıq gəlir əldə edən bir ölkə ilə əlaqələrə son vermək yaxşı hal deyil”.