Ermənistanda yerləşən Rusiya hərbi bazasında payız çağırışçısı olan yeni əsgərlərin yerləşdirilməsi üzrə kütləvi tədbirlər həyata keçirilir. Cənub Hərbi Dairəsinin məlumatına görə, Rusiyadan 3 minə yaxın gənc əsgər Ermənistana gəlib. Yüksək dağlıq ərazilərə uyğunlaşmanın artırılması və mövsüm xəstəliklərinin profilaktikası məqsədilə hərbi həkimlər şəxsi heyəti dərindən müayinə edəcək. Əsgərlərin mövsüm xəstəliklərinə yoluxmasının qarşısını almaq üçün Yerevan və Gümrü qarnizonlarında peyvəndlər vurulur.
Xatırladaq ki, indiyədək 102-ci bazadakı hərbiçilərin ümumi sayı 3-5 min arasında dəyişirdi. Bir neçə ay əvvəl baza rəhbərliyi şəxsi heyətin artırıldığını bildirib və bu məqsədlə hərbiçilərin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb. Beləliklə, şəxsi heyətin sayı artıq əvvəlki rəqəmlərdən çoxdur.
Son aylar Rusiya hərbi-siyasi rəhbərliyi yeni silah növlərinin göndərilməsi də daxil olmaqla, 102-ci bazanın gücləndirilməsi məqsədilə bir sıra başqa addımlar da atıb. Bu prosesin məntiqi davamı 102-ci bazanın komandiri polkovnik Ruzinskinin Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməyə çalışarsa, bazanın Ermənistan tərəfdə iştirak edəcəyi haqqında qalmaqallı bəyanatı oldu.
Analitiklər Rusiyanın yenidən Cənubi Qafqazda təhlükəli "oyun”lar keçirmək niyyətində olduğunu deyirlər.
Bəziləri bildirirlər ki, Kreml bununla beynəlxalq aləmə "Cənubi Qafqaz mənim nəzarətimdədir, istəsəm bölgədə müharibəni alovlandıraram” demək istəyir. Digərlərinin qənaətincə isə Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşılmaması üçün Moskva cəbhədə xırda insidentlər yarada bilər. Amma hərbi əməliyyatların geniş miqyas alacağı inandırıcı sayılmır.
Bütün hallarda isə politoloqlar Rusiyanın Ermənistandakı bazasının hərbi baxımdan gücləndirilməsinin Azərbaycana yönəlik olduğunu söyləyirlər.
"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə deyir ki, Rusiyanın Gümrüyə silah göndərməsini, hərbiçilər yerləşdirməsini təəccüblə qarşılamaq lazım deyil. Keçmiş dövlət müşavirinin qənaətincə, Azərbaycan ərazilərini işğal edən erməni adıyla Rusiyadır: "Ona görə Rusiya Ermənistanda istədiyini edir. Ağlına düşəndə Ermənistanda hərbi akademiya açır, gizlincə bir milyard dollarlıq silah göndərir, əsgəri qüvvənin sayını artırır. Nəzərə almaq lazımdır ki, bu iki ölkə arasında hərbi müttəfiqlik müqaviləsi mövcuddur. Konkret desək, Rusiya açıq-aşkar Ermənistanı silahlandırmağa başlayıb”. V.Quluzadə vurğulayıb ki, axır vaxtlar Rusiyanın Ermənistanı silahlandırmasını Azərbaycana meydan oxumaq kimi də qarşılamaq olar: "Rusiya özü ATƏT-in Minsk Qrupunun həmsədridir. Münaqişədə tərəf olan guya Ermənistandır, amma əslində Rusiyadır. Bu gün silahlandırma, Gümrü bazasındakı əsgər sayını artırma hər bir norma, əxlaq və qanuna ziddir. Amma Rusiya bunun hamısını edir. Anlamaq lazımdır ki, Rusiya bu gün regionda Azərbaycanın ən böyük təhlükəsidir. Bu imperiya xislətli dövlət 20 ildən çoxdur qoymur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansın. Əslində Rusiya Qarabağ münaqişəsindən istifadə edib Azərbaycanı əsgəri yolla vurub dağıtmaq istəyir”. Politoloq hesab edir ki, Azərbaycan yubanmadan tədbirlər görməlidir: "Bu tədbirlər də ABŞ və Türkiyə ilə çox sıx hərbi əməkdaşlıq etməkdir. Bilmirəm bunu biz nə cür edirik? Lazımi qədər edirikmi? Etmiriksə, deməli, bizim gələcəyimiz təhlükə altındadır. Həmçinin düşünürəm ki, biz Rusiyanı BMT-nin tribunasından ifşa etməliyik. Amma bunu nədənsə etmirik. Rusiyanın Ermənistanı Azərbaycana qarşı silahlandırması və Ermənistanı Azərbaycana qısqırtması tamamilə açıq və aydındır. Amma Gümrü hərbi bazasında silahların, əsgərlərin artırılmasını Rusiyanın Qarabağ müharibəsi üçün ideoloji hazırlığı kimi anlamaq lazım deyil. Bu, boş söhbətdir. Onsuz da Ermənistan Rusiyanın əlində olan dəyənəkdir. Ondan nə cür istəyir, elə də istifadə edir”.
"Ruslar bölgəni qarışdırıb yenidən gərginlik yaratmaq niyyətindədir”
Müstəqil analitik Qabil Hüseynlinin fikrincə, Gümrü bazasının potensialını gücləndirmək Moskvadan gələn siqnaldır. Onun sözlərinə görə, rus hərbiçiləri Ermənistanda oturub dövlətlərinin strateji maraqlarını qorumaq üçün planlar qururlar: "Mən dəqiq bilmirəm o planlar nədən ibarətdir. Amma düşünürəm ki, ruslar bu bölgəni qarışdırıb yenidən gərginlik yaratmaq üçün, eləcə də Qərbin maraqlarına zərbə endirmək üçün müəyyən ideyalar qururlar. Faktiki olaraq Rusiya Cənubi Qafqaz regionunu barıt anbarına çevirir. Ermənistanın həddindən artıq silahlandırılması, raketdən müdafiə sisteminin qurulmasının Ermənistandan başlanılması, Ermənistana ölçüsüz miqdarda yeni növ silah-sursatın göndərilməsi, orada olan rus hərbi bazalarında şəxsi heyətin 2-3 dəfə artırılması onu göstərir ki, Kreml həm öz ordusunu, həm Ermənistanı təpədən dırnağa qədər silahlandırır. Bu isə bütün beynəlxalq hüquq normalarına ziddir”. Q.Hüseynli deyib ki, məsələnin beynəlxalq təşkilatlarda, ilk növbədə BMT-nin Təhlükəsizlik Şurasında müzakirəsinə ciddi ehtiyac var: "İndidən həyəcan təbili çalınmalıdır. Çünki biz indiyə qədər Rusiya ilə hər şeyin qaydasında olduğu haqqında düşünürük. Rusiya isə sanki bizimlə tamamilə başqa cür davranmağa hazırlaşır”. Analitik bildirib ki, Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır: "Eyni zamanda bu bölgədə öz təsirlərini tamamilə yaymağa və bir sıra beynəlxalq layihələri pozmağa çalışır. Hətta bununla bağlı sərsəm fikirlər də irəli sürürlər. Onu da deyim ki, ruslar odla oynayırlar və fərqində deyillər ki, onlar bütün dünyanın maraqlarına qarşı gedən hərəkətlər edirlər. Görünən odur ki, Rusiya Azərbaycana qəzəblidir. Bu qəzəbini də özünün birbaşa müdaxiləsi şəklində deyil, əlinin altında saxladığı ermənilərin vasitəsilə həyata keçirir”.
"Qafqaz regionu həmişə Qərbin və Rusiyanın maraqlarının toqquşduğu bir məkandır”
"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli isə bildirib ki, Rusiya Ermənistandakı hərbi bazasından Azərbaycana qarşı hərbi-siyasi təzyiq vasitəsi kimi yararlanır: "Rusiyanın Ermənistandakı 102 saylı bazası əvvəllər NATO-ya qarşı nəzərdə tutulmuşdu. İndi isə ondan Azərbaycana qarşı hərbi-siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Unutmaq olmaz ki, Ermənistanla Rusiya arasında ikitərəfli hərbi-siyasi əməkdaşlığa dair sazişlər var. Əgər Ermənistana başqa hər hansı bir dövlət kömək etməsə, Azərbaycan çox qısa bir müddətdə öz torpaqlarını işğaldan azad edə bilər. Lakin Rusiya faktoru Azərbaycanın bu cür addım atmasına mane olur. Yəni, Azərbaycan hərbi yolla torpaqlarını azad etmək istəyirsə, ilk növbədə Rusiyanı neytrallaşdırmalı, hərbi əməliyyatların başlayacağı təqdirdə onun Ermənistana kömək etməsinə mane olmalıdır”. C.Sümərinli Rusiyanın Cənubi Qafqazda hərbi fəallığını artırmasının həm də Qərb üçün bir xəbərdarlıq ola biləcəyini istisna etmir: "Ümumiyyətlə, Qafqaz regionu həmişə Qərbin və Rusiyanın maraqlarının toqquşduğu bir məkandır. Regionda baş verən son proseslər, eləcə də Rusiyanın Gümrü hərbi bazasını möhkəmləndirməsi, oradakı hərbiçilərin sayını artırması ona işarədir ki, regiona nəzarət Rusiyanın əlindədir. Rəsmi Moskva bütün vasitələrdən istifadə etməklə Qərbin burada söz sahibi ola bilməyəcəyini göstərməyə çalışır”.