Fransadakı erməni diasporu Qarabağ məsələsi ilə bağlı iş aparan şəxsləri, xüsusilə xanımları hədəfə alıb. Son günlərdə erməni diasporunun hədəfində iki azərbaycanlı qadın var. Bunlardan biri "Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı, digəri isə "Paris” Azərbaycan Evinin sədri Mirvari Fətəliyevadır. Hər iki xanım erməni yalanına qarşı beynəlxalq arenada ciddi fəaliyyət göstərdiklərinə görə, erməni diasporu tərəfindən hədəf göstərilib.
Erməni saytlarında "türk millətçilərinin anası”, "radikal bozqurd” kimi ifadələrlə təqdim olunan T.Rüstəmxanlının ermənilərin başlıca hədəflərindən biri olmasını onun saytının bir ay ərzində iki dəfə dağıdılması da göstərir. Ancaq yazılardan göründüyü kimi ermənilər bununla kifayətlənmək fikrində deyillər. Bu səbəbdən də, hər iki xanımın təhlükəsizliyinin təmin olunmasına böyük ehtiyac var. "Şərq”ə müsahibə verən Tənzilə Rüstəmxanlı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətindən dolayı üzləşdiyi təzyiq və təhdidlərdən danışıb. Cəmiyyət sədri bildirib ki, əslində gördüyü işlərin nəticəsi olaraq xeyli müddətdir ki, ermənilər tərəfindən təqib edilir: "Bu ilk dəfə deyil. Amma son bir ildə, xüsusilə də, Fransada erməni səfirliyinin önündə təşkil etdiyimiz mitinqlərdən sonra ermənilərin mənə qarşı hücumları güclənməyə və intensiv hal almağa başladı. Bir ayın içində bizim saytımızı iki dəfə çökdürdülər və mənə "siz erməni alyansı tərəfindən cəzalandırılırsınız” deyə yazılar göndərdilər. İndi də öz saytlarında adımı hallandırmaqla bir növ məni hədəf göstərirlər.
- Erməni saytları sizdən başqa Mirvari Fətəliyevanın da adını çəkirlər. Onun hədəfə çevrilməsinə səbəb nədir?
- Bəli, tək mən deyiləm hədəfə çevrilən. Mirvari xanım Fransada yaşayan gənc fəaldır. Amma gənc olmasına baxmayaraq, çox böyük fəaliyyəti var. Hətta düşmənləri elə ifşa edib ki, Xocalı soyqırımı ilə bağlı konfransda çıxış edəndə ermənilər ona hücum edərək döyüblər. Bu, ermənilərin xislətində var. Onlar hər zaman bu işlə məşğul olublar.
- Ermənilərin sizi hədəf seçməsi o anlama gəlmirmi ki, T.Rüstəmxanlı düzgün yoldadır və düşmənlərin əleyhinə silahdan daha təsirli işlər görür?
- Əlbəttə, belə düşünmək olar. Mənim ermənilərin hədəfinə tuş gəlməyim onu göstərir ki, onları ifşa etməkdə faydalı və nəticəli işlər görə bilmişəm. Deməli, düzgün istiqamət seçmişəm. Sonuna qədər də bu yolla getməkdə qərarlıyam. Əgər fəaliyyətimiz və gördüyümüz işlər əhəmiyyətsiz olsaydı, ermənilər bizi "görməzdi”. Əslində qürurverici haldır ki, əməyimiz öz bəhrəsini verir və artıq Avropada da ermənilərin əsl sifətini görürlər. Onları ən çox narahat edən bizim keçən ilin may ayında Belçikada təşkil etdiyimiz Qarabağ konfransında ermənilərin bütün cinayətlərinin üstünü açmağımız oldu. Düşmən ölkənin təmsilçiləri bizə cavab verə bilmədilər və dünya ictimaiyyəti qarşısında rüsvay oldular. Bax saytlarda haqqımızda gedən yazılar da elə gündən sonra başladı.
- Ermənilərin sizi "qaralamasından” narahat olurmursunuz ki?
- Əslində bu, məni o qədər də narahat etmir. Çünki belə hücumları çoxdan gözləyirdim. Yəni bir növ hazır idim. Bu hələ mətbuatın bildikləridir. İnsanların bilmədiyi o qədər hadisə yaşamışıq ki. Mən düz 5 ildən artıqdır, ermənilərin hədəfindəyəm. Erməni saytları gecə-gündüz əleyhimdə yazılar dərc edirlər. Məni ən çox narahat edən odur ki, bu qədər hücumlara Azərbaycandan heç bir reaksiya verilmir. Fransadakı səfirliyimiz də məsələlərdə susqun qalır. Axı həmin yazılarda bizim timsalımızda xalqımıza qarşı aşağılayıcı ifadələr işlədilir. İctimaiyyətimiz buna ciddi və kəskin cavab verməlidir. Bayaq Mirvari xanımın uğurlu işlərindən danışdım. Amma onun iki uşağı var və ölkədən uzaqda yaşayır. Sabah o xanımın başına bir iş gəlsə, bizim vicdanımız sızlamayacaqmı? Məni narahat edən erməni hədələri yox, bax bu məsələlərdir.
- Moldovalı ombudsmanın başına gətirilən oyunlar kəskin şəkildə qınandı, dövlətimiz və xalqımız o xanımın yanında olduğunu bəyan etdi. Əslində arzuolunmaz da olsa, ermənilər tərəfindən insanların hədəf seçilməsi elə düşmənlərin özlərini ifşa etmirmi?
- Tamamilə haqlısınız. Gördünüzmu, özlərini "yazıq” və "fağır” millət kimi qələmə verən vəhşi ermənilər xanım ombudsmanın başına nə oyun açdılar. Səbəbi də o idi ki, ombudsman ermənilərin gözünə baxa-baxa Azərbaycan həqiqətlərini qorxmadan səsləndirdi. Amma Ermənistanda o xanımın başına gətirdikləri oyunlar, onu təqib etmələri, özünün və ailəsinin ölümlə hədələnməsi bir daha göstərdi ki, ermənilər bəşəriyyətin üz qarasıdır. Onlardan hər cür cinayəti və xəyanəti gözləmək olar. Bu davranışlar erməniləri beynəlxalq aləmdə tanıtdı, onları ifşa etdi. Bizə ünvanlanan təhdidlər də, buna xidmət edəcək. Gec-tez dünya ermənilərin gerçək üzünü görəcək.
- Təhqiredici ifadələrə və təhdidlərə görə Fransa və ya beynəlxalq məhkəmələrə müraciət etmək fikriniz varmı?
- Fransada fəaliyyət göstərən Türk Federasyonu barəmdə yazılanlarla bağlı məhkəməyə müraciət edəcəklər. Çünki mənim onlarla iş birliyim var. Ermənilər həmin federasyondan da bir neçə nəfəri hədəf göstəriblər. Mən də onlara vəkalət vermişəm ki, adımdan beynəlxalq məhkəmələrə müraciət etsinlər.