Müdafiə Nazirliyində kadr islahatları davam edir. Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dönəmində istefaya göndərilmiş hərbçilərin yenidən vəzifəyə təyin olunmaları məsələsi gündəmə gəlib.
Yeni nazir Zakir Həsənov bu istiqamətdə müəyyən təkliflər irəli sürüb. Nazir qeyd edib ki, istefada olan hərbçilərdən bundan sonra da hərbi xidmətə qayıdanları olacaq: "Ehtiyata buraxılan zabitlərin fiziki cəhətdən orduda xidmət etməyə imkanları varsa, yararlıdırlarsa və hərbi təcrübələri onlara imkan verirsə, araşdırmalardan sonra həmin şəxsi ordu sıralarına dəvət edirik”.
Nazirin addımını şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ordudan tərxis olunan bütün zabitlərin yenidən xidmətə qaytarılması düzgün deyil. Onun sözlərinə görə, orduya yalnız potensiallı və mükəmməl hərbi təcrübəyə malik kadrları qaytarmaq lazımdır: "S.Əbiyev 18 il yarım nazir işləyib. Həmin dövr ərzində çoxlu sayda zabitlər işdən çıxarılıb. Elələri var ki, yaşları artıq keçib. Onların hamısını işə bərpa etməklə biz gənc zabitlərin irəliləməsinin qarşısını almış olarıq. Çox güman ki, nazirin özü də bütün müraciətlərə müsbət cavab verməyəcək. Buna ehtiyac da duyulmur. Şəxsən mən belə bir müraciət etməmişəm. Amma adım çox hallanır. MN-in rəhbərliyi kimi lazım biləcəksə, onları da qaytaracaq”.
Ü.Cəfərovun qənaətinə görə, zərurət olan kadrların işə qaytarılması çox vacibdir: "Yeni müdafiə naziri tərəfindən belə təyinatlara müsbət rəy verildiyinin şahidi oluruq. Yəqin ki, ehtiyac duyulan kadrların yenidən işə qaytarılmasına Z.Həsənov müsbət rəy verəcək. Bir daha xatırladıram ki, ehtiyac duyulan kadrların işə bərpasının əleyhinə deyiləm. Təbii ki, belə addımların atılmasının Azərbaycan Ordusuna böyük töhfəsi ola bilər”.