Rusiyada baş verən olaylar, vətəndaşlarımızın sıxışdırılması, Azərbaycana müxtəlif vasitələrlə təzyiq edilməsi hələ də aktualdı və getdikcə bu gərginlik daha geniş vüsət alır. Əsas işçi qüvvəsi azərbaycanlılardan ibarət olan bazarlarda "OMON” yoxlaması, evlərə basqın, küçədə döyülmə, əsassız ittihamlarla polis tərəfindən saxlanılma artıq Rusiyada yaşayan soydaşlarımızın kabusuna çevrilib. Təzyiqlər üzündən həmyerlilərimiz başını evdən çölə çıxara bilmir. Çünki dərhal sorğuya çəkiləcəyini yaxşı bilir. Rusiyanı miqrantlardan "təmizləmək” üçün ortaya ciddi siyasi iradə qoyan Kreml indi də miqrantları imtahana çəkmək sevdasına düşüb. Belə ki, Rusiyada yaşayan miqrantların rus dili və tarix biliyi imtahana çəkiləcək. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romodanovski açıqlama verib.
Konstantin Romodanovski qeyd edib ki, 2015-ci ilin yanvar ayının 1-dən etibarən Rusiyada işləmək istəyən şəxslər məcburi qaydada da olsa rus dilindən, Rusiyanın tarixi və qanunvericiliyindən imtahan verəcəklər.
Siyasi analitik Cümşüd Nuriyev isə hesab edir ki, Rusiyada miqrantların sıxışdırılması Azərbaycana olan təzyiq vasitəsidir. Onun sözlərinə görə, prezidentlərin görüşündən sonra Rusiyanın yenidən fəallaşması heç də təsadüfi ola bilməz: "Deməli, Azərbaycan prezidenti görüşdə Rusiyanın şərtlərini qəbul etməyib. Azərbaycanın "iki od” arasında qaldığını vurğulayan politoloqun sözlərinə görə, Rusiya bir tərəfdən Azərbaycanı Gömrük İttifaqına girmək üçün sıxışdırır. Qərb isə o biri tərəfdən Azərbaycana təzyiqlər göstərir ki, Vilnüs sammitində Avropa ilə tərəfdaşlıq və əməkdaşlıq sazişini imzalasın. ABŞ-ın da birdən-birə Qarabağ sevdalısı olmağının arxasında da bu amil durur. Son zamanlar ABŞ-ın münaqişənin həlli ilə bağlı fəallaşması, dövlət katibi Con Kerrinin Vyana görüşündən əvvəl Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı göstərir ki, ABŞ-ın Azərbaycanla bağlı maraqları var. Azərbaycan isə nə Rusiyanın, nə də Qərbin şərtlərini qəbul etmək fikrində deyil. Bizim üçün prioritet məsələ torpaqlarımızın işğaldan azad olması və ərazi bütövlüyümüzün bərpasıdır. Müəyyən müddətdə sakitləşən Rusiyanın yenidən "püskürməsi”nin arxasında Kremlin sırf dövlət maraqları durur. Rusiyanın maraqları ilə Azərbaycanın dövlət maraqları isə üst-üstə düşmədiyi üçün biz hər şeyə hazır olmalıyıq. O mənada ki, Azərbaycanın suverenliyini qorumaq üçün bütövlükdə Azərbaycan xalqı olaraq, ölkə başçısının yanında olmalıyıq. Bizə olan təzyiqlərə qarşı xalq olaraq, birlikdə sinə gərməliyik. Dünyanın ən böyük imperiyaları belə bir olan xalqı sındıra bilməyib”.
"Miqrantlar da bizim vətəndaşlarımızdır. Təbii ki, biz onlara qucaq açıb, bağrımıza basacağıq. Xüsusən də indiki dövrdə buna Azərbaycanın iqtisadi gücü imkan verir”- deyən analitik qeyd edib ki, regionların iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunacaq. Rusiyadakı soydaşlarımızın geri qayıtması ilə bölgələrdə rurbanizasiya meyli güclənəcək. Rusiya heç də sevinməsin ki, miqrant axını Azərbaycanda hansısa siyasi gərginliyə yol açacaq. Heç bir gərginlik olmayacaq. Sadəcə müvəqqəti narazılıqlar yaşana bilər ki, bunlar da müəyyən dövrdən sonra keçib gedəcək. Rusiya öz gününə ağlasın. Kreml də yaxşı başa düşür ki, Rusiyanın əsas işçi qüvvəsi məhz miqrantlar idi.
Rusiyada yaşayan miqrantların rus dili və tarix biliyinin imtahana çəkilməsi ilə bağlı yayılan xəbərlərə gəldikdə isə C.Nuriyevin sözlərinə görə, dünyanın əksər dövlətlərində belə bir qərar var: "Təbii ki, Rusiyanın bu addımını bir tərəfdən miqrantlara təzyiq kimi dəyərləndirmək olar. Amma o biri tərəfdən də hər bir dövlətin qanunvericiliyi onun sərhədləri daxilində fəaliyyət göstərir. Dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da da bu cür tələblər var. Miqrantlar onun dövlət dilinə, bayrağına hörmət göstərməlidir. Ancaq Rusiyada miqrantların belə bir imtahana çəkilməsi azərbaycanlılar üçün ciddi problemlər yaradacaq. Bizim miqrantların əksəriyyəti bazarlarda çalışırlar. Onların nə hazırlıq səviyyəsi, nə də təhsili imkan vermir ki, lazımi səviyyədə rus dilini və Rusiya tarixini öyrənsin. Həmçinin öz hüquqlarını Rusiya qanunvericiliyi çərçivəsində qoruya bilsin. Şərtlər çətinləşdiyi halda vətəndaşlığı olmayan azərbaycanlıları Rusiyanı tərk etməyə məcbur edəcəklər. Bu da bir növ Azərbaycana qarşı hesablanmış Gömrük İttifaqı və Avrasiya Birliyi təzyiqinin davamıdır”.
Rusiyada soydaşlarımıza qarşı təzyiqlərin aradan qaldırılması üçün Azərbaycan tərəfi hansı addımları atmalıdır sualına gəldikdə isə C.Nuriyev bu məsələni millət vəkillərinin üzərinə atıb: "Milli Məclis bu məsələ ilə bağlı öz fəaliyyətini gücləndirməlidir. Ancaq çox təəssüf ki, miqrant məsələsi gündəmə gələndə bizim bəzi deputatlar sadəcə "quş” qoymaq xatirinə Moskvaya səfər etdi. Əslində onların bu addımının arxasında özlərini Azərbaycan cəmiyyətinə millətsevər kimi göstərmək istəyi dayanıb. Guya onlar Moskvada nə iş gördü?
Rusiyaya gedən dövlətlər orada 1 həftə-10 gün oturmalı, Rusiya Dumasının üzvləri, ayrı-ayrı partiyalar, hətta müxalifət partiyalarının nümayəndələri ilə görüşməli idi. Bunun üçün isə Moskvaya yüksək hazırlıqlı deputatlar getməli idi. Hesab edirəm ki, miqrant məsələsinin bu qədər uzanmasının, uğursuz alınmasının bir səbəbi millət vəkillərinin görüş xatirinə görüşə getməsi idi. Əli cibində gedib-qayıtmaq yox, orada ciddi iş görmək lazım idi. Bizim orada kifayət qədər güclü, ağıllı, hörmətli ziyalılarımız var. Onları diaspor fəaliyyətinə cəlb etmək lazımdır. Hər şeyi prezidentin üstünə atmaq da doğru deyil. Bizim cəmiyyət öyrəşib, hər şeyi ölkə başçısının üzərinə atmağa. Burada "xalq diplomatiyası”ndan istifadə olunmalıdır. Bu işin də başında millət vəkilləri dayanmalıdır. Onsuz da burada heç bir iş görmürlər. Heç olmasa, gedib orada bir işə yarasınlar. Dünyanın 1/6-i qədər Rusiyanı 3 günə fəth etmək olar? Azərbaycanın hansı deputatı bu qədər talanta sahibdir?”.