İllərdir iqtisadçılar nəqliyyat sektoru üzrə mütəxəssislər şəhərdəki tıxacları aradan qaldırmağın ən mümkün variantı kimi tramvayların qaytarılmasını irəli sürür. Aidiyyəti qurum isə bu istəklərə məhəl qoymur. Maraqlısı isə budur ki, hər kəs "dörd gözlə” Bakıda tramvayların bərpasını gözlədiyi halda tramvayın səs-sorağı Gəncədən gəldi. Ölkənin ikinci böyük şəhəri olan Gəncəyə tramvay xətti qayıdır. Gəncədə aparılan yenidənqurma işləri ictimai nəqliyyatın da həyatına sirayət edib. Avtobus və taksi parkının hazırda davam edən yenilənməsilə paralel olaraq, şəhərdə tramvay xətlərinin də 30 illik fasilədən sonra bərpası haqda düşünülür.
Bu barədə layihə Gəncə Şəhər İcra Hakimiyyətinin binasında ictimaiyyət nümayəndələri ilə müzakirə edilib. Tədbirdə tramvay xəttini çəkəcək Fransanın "Newtl” şirkətinin nümayəndələri də iştirak edib. Gəncədə hərəkət edəcək tramvayın müasir və bir çox üstünlüklərə malik olacağı bildirilib. Qeyd edək ki, tramvay şəhərdə saatda 70 km sürətlə hərəkət edəcək. İlk tramvay yolu Gəncənin Dəmir Yol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi inşa ediləcək. Nəzərinizə çatdıraq ki, şəhərə özünəməxsus gözəllik və insanlara rahatlıq verən bu nəqliyyat vasitəsinin paytaxtda da bərpa ediləcəyi istisna deyil. Amma Bakı sakinləri bir az gözləməli olacaq. Belə ki, bu proses Bakıda "Ağ şəhər” layihəsi reallaşdıqdan sonra mümkün olacaq. Hər halda tramvaylar əhalini bir az intizarda saxlasa da, qayıdacaq. Yəqin ki, bu xəbər çoxlarını sevindirəcək. Xüsusən də tramvay "əsri”ni yaşamış yaşlı və orta nəsil nümayəndələrini.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) idarə heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov da tramvayların qayıtmasının xoş hadisə olduğunu deyib. Onun sözlərinə görə, tramvay xəttlərinin sökülməsi ilə bağlı verilən qərar ən böyük yanlışlıq idi. Çünki dünya praktikası da göstərir ki, tramvaylar ən effektli nəqliyyat vasitəsidir. Benzinin kifayət qədər baha olmasını nəzərə alsaq, tramvaylar elektriklə işlədiyi üçün daha qənaətlidir. V.Bayramov bildirib ki, tramvaylar həm də ekoloji baxımdan çox effektlidir. "Nəzərə alsaq ki, neft şəhərlərinin ən ciddi problemlərindən biri ekoloji təmizlikdir. Və bu gün də neft şəhərlərinin əksəriyyətində ictimai nəqliyyat kimi tramvaylardan istifadə olunur. Ona görə də tramvayları sökmək əvəzinə, onların fəaliyyətini daha da genişləndirmək lazım idi. Təbii ki, artıq bunlar üçün gecdir. Çünki bu gün şəhərdəki bütün tramvay xətləri sökülüb. Yenidən bu məsələnin gündəmə gəlməsi isə çox yaxşı haldır. Və əslində yeni verilən bu qərar vaxtında edilmiş yanlışlığın aradan qaldırılması istiqamətinə yönəlib. Çünki şəhərin indiki vəziyyətində bu mütləqdir. İctimai nəqliyyat növləri içərisində tramvayların istifadəyə daha yararlı olmasından əlavə, həm də tramvaylar Bakının simvoludur. Hətta regionda ən qədim tramvay Bakıda yaradılıb. Ona görə də Bakının qədim simvolunu qoruyub saxlamaq çox vacib idi. Amma çox təəssüf ki, buna əməl etmədilər”.
Tramvayların müsbət tərəflərinin çox olduğunu deyən iqtisadçı bildirib ki, tramvaylar həm şəhərin gözəlliyi üçün çox vacibdir, həm də nəqliyyatdakı tıxacların aradan qaldırılmasında əvəzsiz rolu var. Çünki tramvayların hərəkəti üçün xüsusi xətlərdən istifadə olunur və nəticədə də ictimai nəqliyyatın yükü azalır, yollarda sıxlıq az olur.
Tramvayların Gəncədən sonra Bakıya qayıtmasının vacibliyini önə çəkən iqtisadçı-ekspert eyni zamanda bu prosesin iqtisadi məqamlarından da söz açıb: "Tramvayların paytaxtda yenidən hərəkətini bərpa etmək üçün yeni tramvay xətləri çəkilməlidir. Bu, yeni bir layihə olduğu üçün də kifayət qədər vəsait tələb edəcək. Həmin xətləri çəkmək üçün isə yolların genişləndirilməsi vacib haldır. Hətta Bakının hazırda genişləndirilmiş yolları belə tramvayın hərəkəti üçün yararlı deyil. Yolların genişləndirilməsi üçün isə mərkəzdə olan bir sıra idarə və obyektlərin köçürülməsi lazımdır. Bu da böyük xərc tələb edəcək. Eyni zamanda tramvayların özünün salınması da böyük xərcdir. Bir kilometr tramvay xəttinin çəkilməsi xərci ölkələr üzrə dəyişir. Hazırda tramvay xətləri və tramvayın hərəkəti üçün geniş yolları olan ölkələrdə bu proses cəmi yarım milyona, Meksikada isə 1 km tramvay xəttinin qiyməti 4-6 milyon arasında dəyişir. O baxımdan Azərbaycanda da, tramvay xətlərini bərpa etmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır”.
Ekspert bildirib ki, xərclərin çox olmasına və işin çətinliyinə baxmayaraq, şəhərin özəlliyini, gözəlliyini qorumaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və nəhayət, tıxac problemini aradan qaldırmaq üçün tramvay xətlərinin bərpa edilməsi məqsədəuyğundur.