Fazil Mustafa AKP-nin niyyətini dəstəkləyir

“Əgər cəmiyyətin tələbatı varsa, ayrıca qız-oğlan məktəblərinin olması təbii qarşılanmalıdır”



Türkiyədə oğlan və qızların birgə təhsil almalarının qadağan ediləcəyi gözlənilir. Bu barədə Türkiyə parlamenti sədrinin müavini Sadiq Yaqut deyib. S.Yaqutun sözlərinə görə, oğlan və qızların birgə təhsil almaları böyük səhv idi və Türkiyə onu düzəltmək niyyətindədir.

O, ölkədə oğlan və qızların ayrıca gimnaziyalarını yaratmaq lazım olduğunu bildirib. Qeyd edək ki, bir müddət əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan da hakim partiyanın iclasında oğlan və qızların tələbə yataqxanalarının ayrı olacağını bəyan etmişdi. Türkiyə cəmiyyətində olduğu kimi Azərbaycanda da birmənalı qarşılanmayan bu qərarı dəyərləndirən Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa deyib ki, oğlan və qızların birgə təhsil almasında problem yoxdur. Amma qız və oğlan yataqxanalarının ayrı olması normal bir şeydir və doğru qərardır: "Qız və oğlan yataqxanalarının eyni yerdə olmasının heç bir anlamı yoxdur. Qarşı cinslər bir yataqxana daxilində ola bilərlər, amma ayrı-ayrı mərtəbələrdə olmaları daha məqsədəuyğundur. Bu adətən belə olur, sovet dövründə də belə idi”.

Deputat qeyd edir ki, müasir dövrdə təhsil sahəsində insanlara geniş imkanlar yaratmaq lazımdır: "Əgər cəmiyyətin tələbatı varsa, ayrıca qız-oğlan məktəblərinin olması təbii qarşılanmalıdır. Yəni qızla oğlanın birgə oxuduqları məktəblərin şəbəkəsini genişləndirmək mümkündür. Amma sırf qızlar üçün müəyyən kolleclər, peşə öyrənmələri üçün ayrıca spesifik məktəblər də yaradıla bilər”.

F.Mustafanın fikrincə, müzakirə olunan məsələnin islami dəyərlərlə əlaqələndirilməsi doğru deyil: "Burda əsas məqsəd odur ki, qız uşaqları oxusunlar, təhsil alsınlar. Çünki elə yerlər var ki, orda valideynlər bəhanə edərək qız uşaqlarının oxumasını qadağan edirlər. Belə bəhanələr olmasın deyə, bütün alternativ modellərin olmasına ehtiyac var. Konkret olaraq qız-oğlanın bir yerdə oxuması məsələsinin gündəmə çıxması doğru deyil. Amma ayrıca qız və ya oğlan məktəblərinin olması normaldır. Bunu siyasi müzakirə və ya mübahisə predmetinə çevirmək doğru deyil”.