Azərbaycanda sürücülər üçün yeni cəza tətbiq olunacaq.
Lent.az-a istinadən xəbər verir ki, Hüquq.TV verdiyi məlumata görə, Azərbaycanda nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə görə tətbiq olunan inzibati cəzalar 10 dəfəyədək artırılır. Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edəcək.
Yeni əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək.
Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.
Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə tətbiq olunacaq. Layihə Milli Məclisə Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə daxil olub.