Millət vəkilləri Ədliyyə Nazirliyinə ittihamlar səsləndirdi




Zahid Oruc: "Dövlət qeydiyyatı ilə bağlı məsələlərdə hansı prinsiplərlə işlədiyi aydın deyil

Fuad Muradov: "Dövlət qeydiyyatı ilə bağlı elə sənədlər tələb olunur ki, bunlara ehtiyac yoxdur

Qüdrət Həsənquliyev: "Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir

Milli Məclisin toplantısında gələn ilin dövlət büdcəsi layihəsi yenidən deputatların müzakirəsinə verilib. Millət vəkilərinin əvvəlki müzakirələrdə irəli sürdükləri təkliflərə baxıldığını, lazımi nəticələr çıxarıldığını deyən Maliyyə naziri Samir Şərifov bildirib ki, siyasi partiyalara ayrılacaq vəsait artırılacaq: "Bu vəsaiti artırmaq üçün büdcədə hər il artıq qalan vəsaiti nazirlik büdcəyə keçirə bilər. İlin sonunda büdcənin təqribən 10 faiz istifadə olunmur. Hesab edirəm ki, qanuna müvafiq dəyişikliklər edilə və 10 faiz qənaət olunan vəsait büdcəyə daxil edilə bilər. Siyasi partiyalar bundan istifadə edəcəklər. Bunun üçün siyasi partiyalar haqqında qanuna müvafiq dəyişiklik edilməlidir”.

Nazir həmçinin vurğulayıb ki, deputatlar tərəfindən yüksək vergi potensialına malik olacaq qeyri-neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, əhalinin maddi rifah halının artırılması, ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələr üçün əlavə vəsaitlərin ayrılması və bir çox təkliflər səsləndirilib: "Gələn ilin dövlət büdcəsi layihəsinin 10 gün müddətinə təkliflərin baxılması üçün hökumətə göndərilməsi zamanı bütün təkliflər nəzərdən keçirilib. Müvafiq addımlar atılıb”.

Bundan sonra Milli Məclis dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini təsdiqləyib. Layihənin lehinə 100, əleyhinə isə iki deputat səs verib.

"Qış gəlir, havalar soyuyur, əhali pis vəziyyətdə qalıb”

Bundan sonra hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov İranla sərhəddə yaşanan problemdən danışıb. Deputat deyib ki, İran blokada olan Naxçıvana yardım etmək əvəzinə problem yaradır: "İndii də yüksək tonnaj məsələsini ortaya atıb. Demək olar ki, İran tərəfindən Naxçıvana gedən avtomobillərin hərəkəti azaldılıb. Blokada şəraitində olan Naxçıvanın İranın gündə bir şərt qoyması düzgün deyil. Neçə sutkalarla camaat sərhəddə saxlanılır. Qış gəlir, havalar soyuyur, əhali pis vəziyyətdə qalıb. Düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi İran qarşısında ciddi tələblər qoymalıdır. Bildiyimə görə, parlamentlərarası dostluq qruplarının görüşü olacaq. İstəyirəm ki, bu görüşdə problemləri müzakirə etsinlər”.

Parlamentin sədri Oqtay Əsədov deputatın çıxışına münasibət bildirərək deyib ki, artıq sərhədlər açılıb, problem həll olunacaq: "Hazırda İran tərəfi ilə danışıqlar gedir. Yaxın zamanlarda problem öz həllini tapacaq”.

"Xoşunuz gəlir hər

məsələni qurdalamaqdan”

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib ki, ölkədə qeydə alınmayan QHT-lər problemi mövcuddur. Z.Oruc buna görə Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsindən narazılığını ifadə edib: "Ümumiyyətlə, bu idarənin hansı prinsiplər əsasında işlədiyi aydın deyil. Hüquqi şəxslərin qeydiyyatı hansı statusda işləyir? Dövlət qeydiyyatı ilə bağlı məsələlərdə hansı prinsiplərlə işlədiyi aydın deyil. Məsələ ondadır ki, Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanda vətəndaş cəmiyyəti sektoru xeyli geri qalır. Hesab edirəm ki, bununla bağlı Ədliyyə Nazirliyinin aidiyyəti nümayəndələri Milli Məclisə çağrılmalıdırlar. Həmin şəxslər bu total nəzarətin nə ilə bağlı olduğunu bizə açıqlasınlar”.

Millət vəkili həmçinin Azərbaycanla Gürcüstan arasında mübahisəli məsələ olan David Qareci kilsəsi ilə bağlı da danışıb: "Bu, həllini tapa bilmir. Düşünürəm ki, Gürcüstan yeni hökuməti məsələyə baxmalıdır. Dəfələrlə müzakirə olsa da, status razılaşdırılmayıb. Gürcüstan strateji müttəfiqdir. Ona görə də problem mütləq həll olunmalıdır”.

Spiker O.Əsədov isə Z.Orucun çıxışından narazı olduğunu söyləyib: "Zahid müəllim, özün Gürcüstanla dostluq qrupunun üzvüsən. Bunu gərək elə burda müzakirə edəsən? Xoşunuz gəlir hər məsələni qurdalamaqdan? Bu milli məclis üzvünə, bir siyasətçiyə yaraşan çıxış deyil. Milli Məclisdə təzə dəb düşüb, hamı burda müraciət etmək istəyir. Buna son qoyulmalıdır”.

Aqil Abbas həmkarlarına qarşı çıxdı: "Azərbaycanı poliqona çevirmək istəyənlər var”

Millət vəkili Azay Quliyev QHT-lərin qeydiyyatının sadələşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, artıq QHT-lərin qeydiyyatının Bakıda keçirilməsinə də ehtiyac görmür: "Ona görə ki, Ədliyyə Nazirliyinin regional şöbələrində QHT-lərin qeydiyyatı haqqında işlər həyata keçirilə bilər. Dövlətin QHT sektorunda siyasəti şəffafdır. Cənab prezidentin sonuncu sərəncamını xatırladaraq demək istəyirəm ki, artıq QHT-lərin elektron hökumət sisteminə daxil edilməsi bu sahədə olan inkişafdan xəbər verir. Həmçinin mən QHT-lərin qeydiyyata alınmaması ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan tənqidləri qəbul etmirəm. Çünki bu məsələ tam olaraq Ədliyyə Nazirliyindən asılı deyil. Texniki və inzibati amillər də qeydiyyat məsələsini çətinləşdirir”.

Deputat Fuad Muradov da bildirib ki, QHT-lərin dövlət qeydiyyatına alınması ilə bağlı qaydalar yüngülləşdirilməlidir: "Dövlət qeydiyyatı ilə bağlı elə sənədlər tələb olunur ki, bunlara ehtiyac yoxdur. Bir çox ölkədə QHT və gənclər təşkilatlarının dövlət qeydiyyatı notarius səviyyəsində aparılır. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanda QHT-lərin fəaliyyətinin yoxlanmasında və onların maliyyə hesabatlarının aparılmasında çətinlik yoxdur”.

Deputat Aqil Abbas isə QHT-lərin qeydiyyatı məsələsinin sadələşdirilməsinin əleyhinə çıxıb: "QHT-lərin qeydiyyatını asanlaşdırmaq problemlər yaradacaq. Ədliyyə Nazirliyi tərəfindən 3-5 günlük müddətinə QHT məsələsini həll etmək olmaz. Azərbaycanı poliqona çevirmək istəyənlər var. Kimlərinsə QHT yaratması ilə bağlı şərtlərin sadələşdirilməsi düzgün deyil.

"Onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram”

Müzakirələr zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə parlamentin vitse-spikeri Ziyafət Əsgərov arasında mübahisə yaranıb.

Q.Həsənquliyev Ədliyyə Nazirliyini sərt tənqid edərək bildirib ki, nazirliyin işçiləri ədalətli deyillər: "Əvvəlcə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm. Onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram. Demək istəyirəm ki, ictimai təşkilatların qeydiyyat məsələsində problem var. Hamıya yazırlar ki, təşkilatın adı onun məzmunu ilə bağlı deyil. Həmçinin belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər qarantiya verməlidir ki, səni qeydə alsınlar. Bu, Azərbaycanı nüfuzdan salan haldır. Mən hörmətli nazir Fikrət Məmmədov burada olarkən Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini oxudum. Əgər xüsusi xidmət orqanları buna zəmanət verməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icrası məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir”.

"Qüdrət müəllim, saxlayın”

Q.Həsənquliyev danışarkən vitse-spiker onun sözünü kəsərək deyib: "Qüdrət müəllim, saxlayın. Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın. Bu qədər ittiham etməyin. Əlinizdə də faktlar yoxdur. Amma nə istəyirsiz, danışırsız. Daha yekunlaşdırın”.

Q.Həsənquliyev: "Millət vəkili olaraq istənilən məsələni qaldırmağa borcluyam. Əlimdə kifayət qədər faktlar da var. Əgər lazımdırsa, onları şəxsən sizə təqdim edə bilərəm”.

Z.Əsgərov: "Siz də, İlyas İsmayılov da, digərləri də burada qeydiyyat məsələsi ilə bağlı fikirlər səsləndirdilər. Burada rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll edilir. Biz məsələni burada müzakirə edirik. Amma hesab edirəm ki, müzakirələr predmetsiz getdi. Kim siyasi partiya və QHT adı eşidirsə, dərhal bu haqda danışır. Burada söhbət kommersiya qurumlarından gedir. Siyasi partiyalar və QHT-lər haqda ayrıca qanunlar var. Özü də ən liberal qanunlardır. Hesab edirəm ki, son illər ədliyyə sahəsində aparılan islahatlar ən yaxşı islahatlardandır. Fikrimcə, belə fikirlərin səslənməsi ədalətsizlikdir”.

Bundan sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.