İvanişvilinin 20 illik arzusu

“Keçmiş baş nazir illeqal yolla böyük siyasətlə, leqal yolla isə bizneslə məşğul olacaq”



Ötən gün "Gürcü arzusu” Partiyasının qurultayında çıxış edən keçmiş baş nazir İvanişvili çox effektli hökumət qoyaraq siyasətdən getdiyini deyib: "Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəm və sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacam”. İvanişvilinin siyasətdən gedişi ilə yanaşı, indiki hakimiyyətə azı 20 il "ömür biçməsi” siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Eks baş nazirin konkret və dəqiq mövqeyi olmadığını xatırladan politoloqlar onun siyasi proqnozlarına da ehtimal vermirlər. Qeyd edək ki, eks-prezident Saakaşvilini hər fürsətdə sərt tənqid edən İvanişvili ruspərəst siyasətçi kimi dəyərləndirilsə də, onun hakimiyyəti ilə Saakaşvili dönəminin siyasəti arasında demək olar ki, heç bir ciddi fərq müşahidə edilmədi. Yəni ölkə əvvəlki kimi qərbə inteqrasiya kursunu qorudu və Rusiya ilə münasibətləri normallaşdırmadı. Çox güman ki, indiki yeni hökumət də İvanişvili komandasından olduğuna görə Gürcüstanın daxili və xarici siyasətində hansısa əhəmiyyətli dəyişiklik etməyi düşünmür. Bu halda keçmiş baş nazirin "tələm-tələsik” hakimiyyətə gəlib, sonra da getməsində məqsəd nə idi? Sırf ABŞ-a arxalanan Saakaşvili komandasını hakimiyyətdən tamamilə uzaqlaşdırmaqmı, yoxsa hansısa xarici dairələrin siyasi məqsədlərini yerinə yetirməkmi?

Gəldi-gedər İvanişvili dövranını şərh edən politoloq Qabil Hüseynli deyir ki, Gürcüstanda baş verən hadisələrin nə başı bəllidir, nə də ayağı. Aydın olan tək şey odur ki, İvanişvilinin bütün söz və hərəkətləri qeyri-səmimidir: "O, Rusiyanın layihəsi idi. Elə həmin ölkənin yardımı ilə də hakimiyyətə gəlmişdi. İvanişvili iş adamıdır, biznesmendir. Varidatının böyük qismi isə Rusiyadadır. Əslində hakimiyyətdən getdiyini və bizneslə məşğul olacağını açıqlasa da, Gürcüstanda prezident və icra hakimiyyəti, nazirlər kabineti İvanişvilinin nəzarətində qalacaq. Yəni keçmiş baş nazir illeqal yolla böyük siyasətlə, leqal yolla isə bizneslə məşğul olacaq”.

Politoloq qeyd edir ki, İvanişvili heç vaxt Saakaşvili dönəmini qapada bilməz. Çünki Saakaşvili ölkəsində tarix yazıb: "O, Gürcüstana demokratiyanı gətirib və yerləşdirib. Eyni zamanda əhalinin demokratik şüurunu inkişaf etdirib. Gürcülər eks-prezidenti heç vaxt unutmayacaq. İvanişvilinin Gürcüstan tarixinə düşə biləcək yeganə addımı varsa, o da istefa verməsidir. Amma istefa versə də, yerinə öz komandasındakı adamı qoyub”. Q.Hüseynlinin sözlərinə görə, əgər İvanişvili Rusiyanın işğal etdiyi torpaqları geri qaytara bilsəydi, ölkənin və əhalinin maddi rifah halını yüksəltsəydi, o zaman Saakaşvilini kölgədə qoya bilərdi: "Ancaq ölkənin indiki durumu heç də yaxşı deyil. Artıq korrupsiya halları ilə yanaşı, Rusiyaya meyillənmə də hiss edilməkdədir. Xarici siyasət kursunda yanlış istiqamətdə korrektələr var. Qərblə münasibətlər dondurulmuş vəziyyətdədir”.

Siyasi şərhçinin fikrincə, İvanişvilinin 20 il söhbəti reallıqdan uzaq siyasi boşboğazlıqdır: "Müasir dövrdə 20 il ərzində bütün dünyanın siması dəyişəcək, nəinki təkcə Gürcüstanın. İvanişvili bu cür açıqlamalarla ictimai şüuru məşğul edir, fərqli istiqamətə yönəldir. Təbii ki, Rusiya öz hökmü sayəsində Gürcüstanla qarşılıqlı ticarət anlaşmasına nail ola bilər. Viza sistemini yumşalda, yaxud da tamamilə ləğv edə bilər. Hətta bir az da Gürcüstanı şirnikləşdirərək Avrasiya Birliyinə və ya Gömrük İttifaqına da dəvət edər. Hələ ki, Kreml niyyətini açıq şəkildə büruzə vermir. Ancaq Abxaziya və Osetiyanın Gürcüstana qaytarılmasından söhbət gedə bilməz. Bunun üçün Gürcüstan Şevardnadze zamanına qayıtmalıdır”.

Politoloq Gürcüstanın qərblə münasibətlərinə də toxunub: "Hazırda Gürcüstanda qərb üçün əlverişli olmayan bir vəziyyət formalaşıb. Amma vəziyyətin bu yerə gəlməsində qərbin, xüsusilə də ABŞ-ın "günahı” var. ABŞ-da hakimiyyət başında olan şəxs siyasi iradəsi zəif olan, öz müttəfiqlərinə qarşı biganəlik nümayiş etdirən, daha çox daxili problemlərlə məşğul olmağa can atan bir adamdır. Demək olar ki, indi dünyanın siyasi xəritəsində hökmranlıq edən Rusiyadır. Qərb sadəcə seyirçi mövqeyindən çıxış edir. Amma bir şeyi nəzərə almalıyıq ki, önəmli olan söz dəstəyi yox, praktiki dəstəkdir”.