"Rusiya “İsgəndər” raketlərini Azərbaycana qarşı istifadə edə bilməz" - Polkovnik




"Ermənistanın "İsgəndər” raketlərini almağa və ya istifadə etməyə imkanı yoxdur”.

Bunu Sherg.az-a Ermənistanın "İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə imkanlarını şərh edərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, Rusiyanın həmin ölkədə hərbi bazası var, ola bilsin, həmin bazada "İsgəndər” raketləri mövcuddur və onlar bir dəfə bunu nümayiş etdiriblər:

"Amma bunu Rusiya da Azərbaycana qarşı istifadə edə bilməz. Azərbaycana qarşı onlara sata da bilməz. Çünki Azərbaycan başqa dövlətlərlə deyil, öz ərazisində separatçılara, terroristlərə qarşı mübarizə aparır. Qarabağ təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir. Aparıcı dövlətlər hiss etməlidir ki, bütün ölkələr öhdəlik götürüb terrorizmə qarşı mübarizə aparırlar. Bu terror mərkəzlərindən biri də Dağlıq Qarabağdır. Bura nəzarət olunmayan zonadır. Ermənilər Suriyadan gələn terroristləri yerləşdirirlər. Beynəlxalq təşkilatların nəzarətə götürməli olduğu təlim mərkəzləri var. Separatçılar vaxtilə, soyqırımı törədib, minlərlə insanın qətlinə nail olan şəxslər, bu gün Ermənistanın rəhbərliyindədir. Beynəlxalq təşkilatlar bunlara qarşı sanksiyalar tətbiq etməlidirlər. Onların beynəlxalq tribunalarda çıxışlarına qadağa qoyulmalıdır. Bütün bu məsələlərdə məşğul olmaqla Qarabağda sülh, əmin-amanlıq yaratmaq, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq olar. Ermənilər onlara qarşı mübarizənin davam etməsini, orada həlak olmağı istəmirlərsə, torpaqlarımızdan çıxıb getməlidirlər. Erməni xalqı da işğal olunmuş torpaqlardan sağ-salamat çıxmaq istəyir. Rejim əlindən gələni edir, xalqı məcbur edir ki, işğal olunmuş ərazilərdən çıxmasın. Ermənistan rəhbərliyi beynəlxalq təşkilatlardan, daşnaklardan və başqa ölkələrdəki ermənilərdən yardım alırlar”.

C.Xəlilov onu da əlavə edib ki, Ermənistan bütün dünyaya özünü yazıq dövlət kimi təqdim edir, guya Azərbaycan onları blokadaya salıb:

"Amma tək bir beynəlxalq təşkilat çıxıb onlara demir ki, imkansız, iqtisadi vəziyyəti ağır olan dövlət necə Azərbaycanın 20 faiz torpağını işğal edib? Necə öz ərazisində hərbi bazalar saxlamağa vəsait ayırır”.

Ayyət Əhməd