"İşə girmək üçün tanışlıq kifayət qədər effekt verir"- EKSPERT




"Çoxsaylı tənqidlərə baxmayaraq Azərbaycan şəraitində, tanışlıq, qohumluq, təmənnalıq kimi məsələlər mövcuddur". 

Bu barədə Sherg.az-a Azərbaycan gənclərinin elm yolunu davam etdirmələri üçün Türkiyə və digər xarici ölkələrə üz tutmalarına münasibət bildirərkən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev deyib.  

Onun sözlərinə görə, bu, Azərbaycan mühitinin digər sahələrində də daha çox özünü göstərən məsələdir: 

"Hər hansı bir müəssisəyə işə girmək üçün təqdimat, tanışlıq kimi məsələlər kifayət qədər effekt verir. Bunu aradan qaldırmaq üçün mühitin saflaşdırılması lazımdır. Maraqlıdır ki, bunu çox zaman işləmək istəyənlərin özləri məcburiyyət qarşısında qalıb, təklif edir. Cəmiyyətin saflaşması şəraitində elmin, biliyin, təhsilin mənəvi keyfiyyətlərə yiyələnməkdə böyük əhəmiyyətini dərk etməklə, bunun əhəmiyyətinin hamı tərəfindən qəbul edilməsi ilə mühitin saflaşdırılması həyata keçirilməlidir. Müşahidələrim əsasında deyə bilərəm ki, ilk növbədə bunlar valideynlər tərəfindən başlanmalıdır. 

Bəzən valideynlər və ya digər şəxslər müraciət edir. Müəyyən müəssisəyə işə düzəlmək istədiyini bildirir. Sonunda isə elə şeylər deyirlər ki, mən həmin şəxslərlə söhbət edə bilmirəm. Məsələn, sadalayır ki, mənim qabiliyyətlərim budur, dəstək verin, sonda isə "mən onlardan xəcalətli qalmaram, onları "görərəm””  deyib, müəyyən mənada rüşvət təklif edir. Bütün bunları eşitdikdə həmin şəxslərlə dialoq qura bilmirəm. Əksər təkliflər işə düzəlmək istəyən şəxslərdən gəlir. Ona görə də, qarışıq, müəmmalı mühit yaranır. Bunun saflaşması üçün isə uzun müddət mübarizə aparmaq, sağlam, şəffaf düşüncə formalaşdırmaq lazımdır”.

Aysel Aslan