Akif Aşırlı "Göyəzən" qəzetini təbrik edib



"Şərq" qəzetinin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü Akif Aşırlı Qazax rayonunda dərc olunan "Göyəzən" qəzetini 85 illik yubileyi münasibəti ilə təbrik edib. 

Təbrikdə bu mətbu nəşri jurnalistika məktəbi adlandıran baş yazar qəzet rəhbərliyi və əməkdaşlarının sevincinə qatıldığını qeyd edib:

"Sirr deyil ki, bu gün mərkəzi kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin bir çoxunun, o cümlədən mənim də ilk imzam əvvəllər "Qalibiyyət bayrağı" adlanan bu qəzetin səhifələrində görünüb. Biz mətbuatın, jurnalistikanın, peşəkarlığın meyarlarını "Göyəzən"də öyrənib, püxtələşmişik. Dövrün təlatümlərindən, yaradıcılıq burulğanından mətanətlə keçib 85 yaşa qədəm qoyan "Göyəzən" bölgə mətbuatı içərisində həmişə fərqliliyi, peşəkarlığı ilə seçilib. Sevindirici haldır ki, qəzet bu gün də ənənələrə sadiq qalmaqla yanaşı, müasir jurnalistikanın prinsiplərinə uyğunlaşıb.

Həmkarım Elçin İsmayılın rəhbərliyi dönəmində "Göyəzən" çap formatını saxlamaqla yanaşı, onlayn rejimində də fəaliyyət göstərir. Sürət, inkişaf və rəqabət əsrində mövcudluğunu qoruyub saxlamaq və həm də inkişaf etmək böyük əzm, iradə və peşəkarlıq tələb edir. Məhz bu dəyərlərə söykəndiyiniz üçün "Göyəzən" 85 yaşına gəlib çatıb. Qazaxda son illər aparılan abadlıq, quruculuq işləri, şəhərin mənzərəsinin müsbət mənada dəyişməsi, rayonun təhsil-idman uğurlarının qəzetdə peşəkar təqdimatı hamımızı sevindirir.

85 yaş müdriklik yaşıdı. Müdriklik, ahıllıq yaşına qədəm qoyan "Göyəzən"in kollektivini bir daha təbrik edirəm. İnşallah, 90-da görüşərik".