Medianın “səngər” davası bitdi



Azərbaycan prezidentinin "Jurnalistlərin dostu” seçilməsi, səmimi, qarşılıqlı hörmət ab-havasında keçirilən mükafatın təqdimat mərasimi hələ bir müddət medianın müzakirə mövzusu olacaq. Klassik mediaya alternativlik funksiyasını daşımağa çalışan, peşəkar jurnalistika ənənələrinə uymayan sosial şəbəkələr belə ən azından bu məsələni bir müddət müzakirədə saxlanacağına işarə verir. Olsun. Fikir çəkişmələrinin, alternativ baxışların cəmiyyətdə özünə yer eləməsi təbii qarşılanmalıdır və bu normaldır.

Hər halda cəmiyyətə fikir, xəbər, informasiya ötürən jurnalistikanın yazılan və yazılmayan qanunlarında müxtəliflik nəzəriyyəsi var. Ən azından proseslərə ayrı-ayrı rakurslardan yanaşmanı, fərqli düşüncələri cəmiyyətə biz daşıyırıq və bu işin belə demək mümkünsə əsas təşkilatçısıyıq. Təəssüf ki, mətbuatın missiyasını fərqli siyasi düşərgələrdə, çeşidli xarici ölkələrdə və mətbuat fondlarında görənlər, media-hakimiyyət münasibətlərinə fərqli olduğu qədər də qəribə yanaşma ortaya qoyur. Söz azadlığını siyasi biznesə çevirmək istəyənlər, "Mən olmayan yerdə azad fikir yoxdur” deyənlər mətbuatı 15 il əvvəlki vəziyyətə çəkib aparmaq, gərgin mühit yaratmaq istəyirlər. Bu bir nostalji xəstəlik deyil və bu cür düşünən insanlar təbii ki, dəyişən dünyada jurnalistikanın keyfiyyət dəyişikliyini gözəl anlayır. Ancaq bu cür düşüncələri məcburən, manevr imkanları məhdudlaşdığından dilə gətirir, mətbuatı yenidən "səngərə” sürükləməklə öz iddia və amaclarını reallaşdırmaq istəyirlər. Axı nə olub ki, Azərbaycan jurnalistləri nəticəsi bəlli olmayan, əsəbləri tarıma çəkən uzaq, lap uzaq bir dönəmdə buraxdığımız "döyüş meydanları”na təhrik olunsun? Və həqiqətən də nə baş verib?

O baş verib ki, ölkə jurnalistlərinin böyük qismi, prezident İlham Əliyevi özünə dost seçib. 30-a yaxın gündəlik nəşr olunan yazılı media, 10 agentlik, 7 teleşirkət və xeyli sayda internet media əməkdaşı öz seçimini edib. İndi bu seçimə şübhəli nəzər yetirərək od püskürənləri, illərlə içərisində böyütdükləri nifrəti sözə çevirənləri anlamaq olmur. Gəlin, bu seçimə başqa bir tərəfdən də yanaşaq. Fərd olaraq 3-5 nəfər bu sorğu anketində başqa bir isim yazsaydı, nəticələrə təsir edəcəkdimi? Olsa-olsa, bu elə 3-5 faiz civarını o tərəfə keçməyəcəkdi. Yaxud "Ruh”, 17 il əvvəl "Jurnalistlərin dostu” nominasiyasını müəyyənləşdirəndə və mükafatlar təqdim olunanda həmin dönəmlər etiraz səsi niyə gəlmirdi? Çünki bu işin, nominasiyaların təşəbbüskarı və ideya müəllifləri bu gün özlərini "azad medianın son adası” hesab edənlər idi. İndi o illər arxada, lap arxada qalıb. Yaxşı ənənələr qorunub, təkmilləşdirilib, pis ənənə formaları sıradan çıxarılıb. Daha qəzetləri qəbristanlıqda basdırmaq, M.Ə.Sabirin qəbiri üstündə şikayətlər dövrü keçib və bu cür gülüş doğuran, cəmiyyətdə normal insanların məzhəkəsinə çevriləcək addımları təkrarlamaq ən azından ağılsızlıq olardı. Bütün çətinliyi, problemləri ilə yanaşı, özünün yeni inkişaf mərhələsini yaşayan Azərbaycan mətbuatı cəmiyyət və hakimiyyət münasibətlərində yeni bir mərhələyə qədəm qoyub. Problemləri heç vaxt tükənməyəcək medianın çətinliklərinin aradan qaldırılmasının yeganə yolu sivill cəmiyyətlərin qəbul etdiyi dialoq, danışıq, müzakirə yoludur. Bunun ən optimal variant olduğunu, müstəqil medianın mövcudluğunun demokratik inkişafa təkan verdiyini jurnalistlərin dostu, Prezident İlham Əliyev də söyləyir və buna əməl edirsə, etirazları, umu-küsüləri "səngərə daşımağın” nə mənası var? Yaxud, belə bir situasiyanın yaranması kimə lazımdır? Çörəyi çalışdığı qəzet redaksiyalarından, xəbər portallarından, informasiya agentliklərindən klaviaturanı döyəcləməklə çıxaran sıravi jurnalistlər bu yolu nə dərəcədə məqbul hesab edirlər? Sözün fəhləliyini edən jurnalistlərdən hansı yolun daha məqbul olduğunu soruşan varmı? Təəssüf doğuran haldır ki, mətbuatın çeşidli-çeşidli problemlərindən bəhs edənlərin bir çoxu heç zaman sıravi jurnalistlərin sırasında yer almayıb və bu gün də onların sırasında deyil.

Sürətlə ötdüyünün fərqinə varmadığımız hər il tək insanların üz cizgilərində dəyişiklik yaratmır, baxışına, düşüncəsinə, təfəkkür tərzinə də "əl gəzdirir”, yeniləşdirir. Media siyasəti isə fundamental peşə prinsiplərini qorumaqla yanaşı, demək olar ki, hər gün, hər an dəyişir, yeniləşir. Köhnə qaydalar arxivə atılır, yenilər saf-çürük edilir, məqbul variantlar aranır. Bizim Azərbaycan jurnalistika aləmində də arxivə atılmalı çox şeylər var. İddialar məntiqə, mövcud şəraitə uyğun deyilsə, arxivə atılmalı, proseslərə yeni münasibətlər sərgilənməli, ən uyğun variant seçilməlidir.

Azərbaycan jurnalistlərinin özünə dost seçdikləri prezident İlham Əliyev, müzakirə mövzusu olan görüşdə, media-hakimiyyət müstəvisində yeni münasibətlərin konturlarını cızdı, problemlərin dialoq, müzakirə yolu ilə ölkə daxilində həll yollarını göstərdi. Bu həm də ölkənin və cəmiyyətin taleyində müəyyən məsuliyyət daşıyan partiyalara bir mesaj idi. Hər halda ilk dəfə idi ki, ölkə başçısı Azərbaycanda siyasi mədəniyyətin formalaşmasını dilə gətirirdi, problemlərin müzakirələr yolu ilə həllinin vacibliyini söyləyirdi. Ümidverici haldır ki, bu dəfə bu dialoqda tərəf Azərbaycanın bütün media mühitini əhatə edən jurnalistlər idi, sabah müxalifətin olması da mümkündür. Niyə də olmasın?

Rusiyada yaşanan "Orxan Zeynalov və miqrant ovu”, İranın qapısını bağlayıb Naxçıvanı blokadaya alıb ölkəmizə qarşı yürütdüyü təzyiq siyasəti sabah başqa formada davam etdiriləcək. Azərbaycanın istiqlalı və müstəqilliyini hər bir şeydən öndə tutanlar bir araya gəlməli, vahid mövqe seçilməlidir. Öncə vətəndaş, sonra jurnalist olduğunu fəaliyyətində ortaya qoyanlar da bu önəmli, prinsipial məsələdə birlik nümayiş etdirərək, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində də güzəştsiz siyasətinə dəstək verməlidir. Müstəqil Azərbaycan arzulamayanlar, müstəqil Azərbaycan mətbuatının varlığını da qəbul etməzlər. Müstəqil dövlətin əsas atributlarından birinin məhz müstəqil mətbuat olduğunu görüş zamanı bir neçə dəfə səsləndirən İlham Əliyevin dostluqda möhkəm olduğuna inanırıq. Bu dostluğun müstəqil mətbuatının inkişafında mühüm rol oynayacağına, qəzetlərin yayım şəbəkəsindəki problemlərin aradan qalxacağına, reklam bazarının formalaşacağına bir çoxları kimi məndə də əminlik yarandı. Görüş zamanı prezidentin yaratdığı müsbət aura, demokratik mühit hər kəsin söz demə şansları belə düşünməyimə əsaslar verdi.

Azərbaycanın müstəqillik savaşını aparan qüvvələr sırasında müstəqil medianın varlığı və jurnalistlərin apardığı informasiya siyasətinin böyük önəmi var. Nə xoş ki, dövlətin nizami ordusu, sərhədlərini qoruyan əsgərləri kimi müstəqil düşüncə sahibi jurnalistlər ordusu da var. Məhz, bu ordunun apardığı informasiya müharibəsinin yeni mərhələləri hələ qabaqdadır. Bəlkə də elə bunun üçün 100-ə yaxın jurnalist qurumu ali baş komandanı özlərinin dostu seçib. Hansı ki, bu dost Azərbaycanın ərazi bütünlüyündə zərrə qədər də geri çəkilmir, düşmənlərə qarşı barışmaz siyasətinə ara vermir, ölkəni təslimçi sülhə sürükləyənlərə layiqli cavablar verir. Azərbaycan üçün bu həssas dönəmdə media camisinin bir arada olması, ölkəmizə qarşı xaricdən yönləndirilən "qara piar” kompaniyasına sərt münasibət göstərilməsi olduqca vacibdir. Hələ bir müddət müzakirəsi davam edəcək bu görüşdən sonra gəldiyim qənaətlərdən biri də məhz budur.