Prezident mediaya ciddi çağırışlar etdi

Bu görüşdən sonra Azərbaycan mətbuatı 21-ci əsrdə yeni keyfiyyətdə milli və dövlətçilik maraqlarımıza cavab verən əsas lokomativ güc kimi müəyyənləşəcək

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev noyabrın 24-də media nümayəndələrini qəbul edib. Görüşdə ölkə başçısı ilə jurnalistlər arasında səmimi atmosferdə fikir mübadiləsi aparılıb və mətbuatın problemləri prezidentin diqqətinə çatdırılıb. Mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsini təqdir edən media rəhbərləri görüşlə bağlı öz təəssüratlarını bölüşüblər.

Prezidentə "Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində iştirak etmiş "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev bildirib ki, görüş təkcə orda iştirak edənlər üçün yox, bütövlükdə cəmiyyətimiz üçün maraqlı və faydalıdır. Çünki belə görüşlər ölkədə hakimiyyətlə media arasında, hakimiyyətlə cəmiyyət arasında dialoq, məsləhətləşmə, düşüncə bölüşmək üçün çox önəmli fürsətdir: "Prezident qeyd etdi ki, cəmiyyətin bütün kəsimləri, o cümlədən ictimai rəyi idarə edən mətbuat ümummilli məsələlərdə eyni mövqedən çıxış etməlidir. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın müstəqil siyasəti bir çox xarici dairələri qane etmir, ona görə də ölkəmizə qarşı "qara piar” kampaniyası aparılır. O, Azərbaycan mediasını diqqətli olmağa, bu kampaniyalara qoşulmamağa çağırdı. Eyni zamanda Azərbaycan əleyhinə informasiya savaşında müqavimət göstərilməsini, bunun üçün əlavə resurslar yaradılmasını vacib saydı.

Əlbəttə, dövlətin öz istəklərini, informasiya siyasətində prioritetlərini müəyyənləşdirmək və ifadə etmək haqqı var. Belə açıq söhbət hər tərəf üçün maraqlı və faydalıdır. Təəssüf ki, daha geniş müzakirə və daha çox çıxış üçün imkan olmadı. Ümid edirəm, gələcəkdə belə görüşlər yenə olacaq, biz daha açıq və geniş müzakirə apara biləcəyik”.

"İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə qeyd edib ki, İ.Əliyev öz uğurlu fəaliyyəti ilə cəmiyyətin bütün təbəqələrinin, o cümlədən jurnalistlərin etimadını qazanıb. Bu baxımdan ona "Jurnalistlərin dostu” mükafatının verilməsi gözlənilən idi: "Dünyanın heç yerində Azərbaycanda olduğu qədər jurnalistlərə qayğı göstərilmir, mətbuatın problemlərinə ölkə rəhbərliyi səviyyəsində diqqət ayrılmır. Azərbaycanda fəaliyyət göstərən qəzetlərə maliyyə yardımlarının ayrılması, mətbuat orqanlarının və jurnalistlərin qrant müsabiqələrinə cəlbi, jurnalistlər üçün bina inşa edilməsi və yeni binanın təməlinin qoyulması bunun bariz nümunəsidir. Əlbəttə, bu siyasət davamlıdır və İ.Əliyev medianın problemlərinin həlli istiqamətində ortaya siyasi iradə qoyub. Prezidentin jurnalistlərlə görüşü də bu mənada təsadüfi sayıla bilməz. Görüş çox yüksək səviyyədə təşkil olundu və ölkə başçısı medianın problemlərinin həlli istiqamətində yeni tapşırıqlarını verdi. Çox sevindirici haldır ki, jurnalistlər də Prezidentin fəaliyyətinə adekvat münasibət ortaya qoydular və İ.Əliyevi "Jurnalistlərin dostu” seçməklə, ona olan etimadını ortaya qoydular”.

Prezidentlə görüşdə iştirak etmiş millət vəkili, professor Musa Qasımlının sözlərinə görə, ötən gün ölkə başçısı ilə mətbuat nümayəndələri arasında keçirilən görüş Azərbaycan dövlətinin mətbuata və jurnalistlərə qayğısının bir nümunəsidir: "Jurnalistlərin öz fikirlərini sərbəst şəkildə söyləməsi və prezidentin onlara dərhal reaksiya verərək müsbət münasibət bildirməsi Azərbaycan jurnalistikasının inkişafına kömək edəcək. Ölkə başçısı ötən gün keçirilən görüşdə mətbuatla bağlı müsbət fikirlər səsləndirib. O bildirib ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuat böyük rol oynayıb. Bir sözlə, ötən günkü görüş Azərbaycan jurnalistlərini daha məsuliyyətli olmağa, fəal işləməyə, ədalətli mövqe tutmağa çağırdı”.

"APA Holding”in prezidenti Vüsalə Mahirqızı da deyib ki, görüş kifayət qədər səmimi idi: "Bu cür görüşlər inklüziv xarakter daşıyır. Prezidentlə görüş, ünsiyyət digər məmurların da informasiya məlumatını artırır. Yəni, bütün mənalarda bu görüş media üçün müsbət təsir göstərir”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu vurğulayıb ki, bu görüş Azərbaycan mediasının yeni əsrə baxışının əsas proyekti olacaq: "Yəni, burada əsas istiqamətlər müəyyənləşir. İdeoloji baxımdan hesab edirəm ki, bunlar əsas tezislər idi. Cənab prezidentin çıxışında çox gözəl çağırışlar vardı. Ümid edirəm, bu görüşdən sonra Azərbaycan mətbuatı 21-ci əsrdə yeni keyfiyyətdə milli və dövlətçilik maraqlarımıza cavab verən əsas lokomativ güc kimi müəyyənləşəcək”.

"1news” agentliyinin və "Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev isə bu görüşü qeyri-adi qiymətləndirib: "Görüş sırf protokol qaydalarına uyğun yox, daha səmimi formatda keçirildi. Ölkə başçısının jurnalistlərlə birbaşa təmasda olması və problemlər barədə müzakirənin aparılması istənilən halda problemlərin həll olunmasına impuls verəcək”.