Zakir Həsənovun təklifi var

General səfərbərlik xidmətinin nazirliyin tərkibində olmasını istəyir



Müdafiə naziri general-polkovnik Zakir Həsənov orduya çağırışla bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində yeni təşəbbüs ortaya qoyub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXDX) Müdafiə Nazirliyinin tabeçiliyinə verilə bilər. Hərbi mənbələrdən AzNews.az-a verilən məlumata görə, bu barədə Z.Həsənovun özü təkliflə çıxış edib. Məqsəd isə hərbi çağırış zamanı baş verən neqativ halların qarşısını almaq, prosesə birbaşa nəzarət edə bilməkdir.

Məlumata görə, artıq Müdafiə Nazirliyi tərəfindən bu istiqamətdə ilk addımını da atıb. Belə ki, Z.Həsənovun əmrinə əsasən nazirliyin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq. Məlumatda o da vurğulanıb ki, SHXDX-nin bir neçə ildir yaranmasına baxmayaraq, yenə də hərbi xidmətə yararsız insanların orduya cəlb edilməsi faktlarına rast gəlinir. Buna görə də nazir sözügedən qurumun MN-in tərkibinə birləşdirilməsini istəyir.

Qeyd edək ki, 2012-ci ilin fevralında Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər hərbi komissarlıqları ləğv edilib. Onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Müdafiə nazirinin təkliflərini dəyərləndirən hərbi ekspert Azad İsazadə "Şərq”ə açıqlamasında qeyd edib ki, bunun mövcud sahədəki problemlərin aradan qalxmasına təkan verməsini

birmənalı olaraq söyləmək çətindir: "Hər şey istəkdən asılıdır. Kimsə hər hansı bir problemi yoluna qoymaq istəyirsə, onu elə yerində də həll edə bilər. Vaxtilə hərbi komissarlıqlar nazirliyin tabeçiliyində idi. Amma neqativ hallar aradan qalxmadı. Adı dəyişməklə nəyəsə nail olmaq mümkünsüzdür. Proseslərin mahiyyətini dəyişmək lazımdır”.

Ekspertin sözlərinə görə, bəzi ölkələrdə hərbi xidmətə çağırışı bələdiyyə orqanları həyata keçirir: "Bu, beynəlxalq təcrübədə də mövcuddur. Bələdiyyə orqanları çağırışçılarını tibbi ekspertizadan keçirir. Xidmətə yararlı olub-olmamalarını müəyyənləşdirir. Xidmətə faydalılar göndərilir”.

Çağırışçıların fiziki durumlarının təkrarən yoxlanılması üçün MN daxilində tibbi komissiyaların yaradılmasına diqqət çəkən A.İsazadə bunun təqdirəlayiq addım olduğunu deyib: "Bu, müsbət işdir. Əsgərin səhhəti ilə bağlı problem yarananda, hərbi hissə komandiri bildirirdi ki, əsgər xidmətə gəlməzdən öncə xəstə olub. Bunu komissarlıqda düzgün müayinə etməyiblər. Komissarlıq isə bunları təkzib edirdi. Qarşılıqlı ittihamlar yaranırdı. Məsələlərin çözülməsi üçün Z.Həsənovun tibbi Komissiya yaratması müsbət haldır. İnanıram ki, bu, mövcud neqativ yaşantıların həllinə müəyyən töhfələr verəcək”.

Ayyət Əhməd