Aynur Camalqızı: “İnsanlar arasında münaqişə yaranmasının nə məkana dəxli var, nə də kimliyə”
Ulduzları hələ də barışmayan yerli sakinlərlə məcburi köçkünlər arasında növbəti dəfə Tərtərdə münaqişə baş verib. Rayonun Qarağacı kəndi ərazisində iki ailə arasında yaranan mübahisə bir neçə nəfərin xəsarət almasına səbəb olub. İnsidentə isə məcburi köçkün ailəsinə məxsus mal-qaranın yerli sakinlərə aid əkin və otlaq sahəsinə girməsi səbəb olub.
Tərtər Rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Qarağacı kəndi ərazisində məskunlaşan Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkün ailəsi ilə kənd sakinləri arasında mübahisə yaranıb. Əlbəyaxa davaya çevrilən mübahisə nəticəsində Qarağacı kənd sakinləri Xəqani, Fariz və Xaliq Quliyev qardaşları müxtəlif bədən xəsarətləri alıb. Tərtər RPŞ-dən o da bildirilib ki, hər iki tərəfdən yüngül xəsarət alanlar var. RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Məhərrəm Hüseynov mübahisəyə hər iki tərəfin ağsaqqalları və ziyalılarının müdaxilə etdiklərini bildirib: "Orda kütləvi dava olmayıb. Sadəcə, adamlar çox olub, insident iştirakçıları yox”.
Qeyd edək ki, məcburi köçkünlərlə yerli sakinlər arasındakı dava Tərtərdə birinci hadisə deyil. Bir müddət öncə də analoji hal baş vermişdi, həm də məişət zəminində. İndi də eyni hal təkrarlanıb. Belə fikir yaranır ki, tərtərlilərlə köçkünlər yola getmir. Bunun səbəblərinə isə aydınlıq gətirən yoxdur. Bəziləri yerliləri qınayır, bəziləri köçkünləri...
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə hesab edir ki, yerli sakinlərlə məcburi köçkünlər arasındakı münasibətlərin artıq dövlət səviyyəsində tənzimlənməsinin vaxtı çatıb: "Məcburi köçkünlərlə yerli sakinlərin yola getməməsi əzəli problemdir. Bu hal məcburi köçkünlərin məskunlaşdığı bütün rayonlarda yaşansa da, belə davalar Tərtər və Bərdə rayonlarında daha çox baş verir. Maraqların toqquşması səbəbindən onlar arasında tez-tez mübahisələr yaranır. Bir müddət əvvəl də Tərtərdə yerli sakinlərlə məcburi köçkünlər arasında çox böyük dava olmuşdu. Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş vermişdi.
Biz də "Tərtər hadisələrinə dair ictimai barışıq komitəsi” yaratdıq və onları birtəhər barışdırdıq. Hesab edirəm ki, bu məsələni birdəfəlik yoluna qoymaq üçün dövlət səviyyəsində tədbirlər
keçirilməlidir. Mütləq mövcud problemlərin aradan qaldırılmasına dövlətin müdaxiləsi olmalıdır”.
Bütün münaqişələrin məişət zəminində baş verdiyini vurğulayan A.Nağının sözlərinə görə, bəzən hüquq-mühafizə orqanlarının və icra strukturlarının ehtiyatsız addımı və öz maraqlarını güdməsi nəticəsində rayonda bu cür qarşıdurmalar yaranır. Davalar əsasən hansısa bir torpaq sahəsi, yaxud da obyekt üzərinə düşür. Bu baxımdan bir neçə nazirlik nümayəndələrinin iştirakı ilə bir Komissiya yaradılmalı və problemlər yerində araşdırılmalıdır. Çünki yerlərdə bu cür problemlər var və kökündə də şəxsi maraqlar dayandığı üçün mübahisə zamanı polis ədalətli qərar çıxarmır.
Sabiq millət vəkili Aynur Camalqızı isə bu cür münaqişələrin yaranmaması üçün məcburi köçkünlərin sosial problemlərinin həllini vacib sayır: "Ümumiyyətlə, tərtərlilər yola gedən camaatdı. Əgər onların kiminləsə mübahisəsi yaranırsa, deməli, burada həmin şəraiti yaradan səbəblər müəyyənləşdirilməlidir. Belə görünür ki, bunlar hamısı məişət zəminində baş verən münaqişələrdir. Bilirsiniz, insanlar indi bir az hövsələsiz olub, hərənin bir sıxıntısı, bir problemi var. Bir sıra hallarda yerli camaatın pay torpaqlarının məcburi köçkünlər tərəfindən zəbt olunması faktları var. Pay torpaqları zəbt olunduğundan yerli camaat onlardan istifadə edə bilmir. Düşünürəm ki, məcburi köçkünlərin mənzil problemi həllini tapdıqdan sonra məişət zəminində belə münaqişələr də olmayacaq. Yaxşı olardı ki, işğal altında torpaqlar azad edilsin və hər kəs öz yurd-yuvasına qayıtsın, amma bu, tək bizdən asılı olmayan səbəblərdən hələ mümkün deyil. Belə olan halda çalışılır ki, qaçqın və məcburi köçkünlərin sosial şəraitləri daxili imkanlar hesabına yaxşılaşsın”.
A.Quliyeva KİV-də bu səpkili münaqişələrin yerlilər-köçkünlər davası kimi işıqlandırılmasına da etirazını bildirdi: "Bu cür davalar, mübahisə və münaqişələr istənilən yerdə, istənilən qruplar arasında baş verə bilər. Bəzən bir ailənin üzvləri yola getmir. Mən təəssüf edirəm ki, KİV-də bu hadisələr yerlilər-qaçqın-köçkün davası kimi qələmə verilir. Biz hamımız azərbaycanlıyıq. Hamımızın ümumi bir Qarabağ dərdimiz var. "Köçkünlər gəldi yerimizi dar elədi” kimi cılız söhbətlərə rəvac verilməməlidir. İnsanlar arasında münaqişə yaranmasının nə məkana dəxli var, nə də kimliyə. Burada yerli - məcburi köçkün söhbəti olmamalıdır. İnsanların bəlli problemləri var və bunlar da həllini tapmalıdır”.
Şəymən