Cənazələr niyə Suriyadan gəlir?

Sərdar Cəlaloğlu: “Birmənalı şəkildə demək olar ki, Qafqaz Müsəlmanları İdarəsi vəhhabiliyə məğlub olur”
Əvəz Temirxan: “Dövlət QMİ-yə maliyyə dəstəyi ayırmalı və Təhsil Nazirliyinə əlavə səlahiyyətlər verməlidir”



Azərbaycanlı dindar gənclərin Suriyada davam edən daxili müharibəyə qatılması ölkədə ciddi narahatlığa səbəb olub. Təkcə son bir həftədə 10-a yaxın azərbaycanlının döyüşlərdə öldürülməsi və valideynlərin mətbuata müraciət edərək Suriyaya gedən övladlarını axtarması vəziyyətin həqiqətən də təhlükəli olduğunu göstərir. İndiyədək 100-ə yaxın azərbaycanlının Suriyada öldüyü ehtimal olunur. Onların arasında 14 yaşlı yeniyetmə də var. Hər gün gələn ölüm xəbərlərinə ölkədəki dini kəsimlərlə yanaşı, cəmiyyətin digər təbəqələri də münasibət bildirirlər.

Əksəriyyət hesab edir ki, Suriyaya gedərək cihad adı altında savaşan azərbaycanlılar düzgün yolda deyillər. Məsələ haqqında fikir bildirən siyasi partiya rəhbərləri də Suriyaya gedən dindarları kəskin tənqid ediblər. Problemin haradan qaynaqlandığını və çıxış yolunu qeyd edən partiya sədrləri dini təbliğatın zəif olduğunu vurğulayaraq məktəblərdə məcburi qaydada dini tədrisin aparılması təklifini irəli sürüblər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, siyasi nöqteyi-nəzərdən, vətəndaşlarımızın Suriyaya getməsi kənar bir dövlətin daxili işinə qarışmaq kimi başa düşülür. Qurum rəhbərinin fikrincə, səbəbi nə olursa-olsun, insanlarımızın başqa dövlətə gedərək qan tökməsi açıq şəkildə cinayətdir: "Əlbəttə, hər hansı qanun pozuntusunda şübhəli bilinməyən istənilən vətəndaşın xarici ölkəyə getməsi, yəni Azərbaycandan çıxması hüquqi normalara əsasən həmin şəxsə verilən azadlıqdır. Ona görə də bu məsələdə dövlətin rəsmi qurumlarını ittiham etmək mənasızdır. Məsələyə başqa aspektlərdən yanaşmaq lazımdır. Əgər islam dininə baxsaq, onların bu hərəkətlərinin müqəddəs kitabımız olan Quranın tələblərinə zidd olduğunun şahidi olarıq. Quranda əmr olunur ki, "sizinlə vuruşanlarla vuruşun”. Amma faktiki olaraq bu gün Suriya Azərbaycana və azərbaycanlılara qarşı vuruşmur. Yəni Bəşər Əsəd azərbaycanlılara savaş açmırsa, bizim də ona müharibə elan etməyə haqqımız yoxdur. Azərbaycanlılara qarşı açıq şəkildə vuruşunlar ermənilərdir. Deməli, ölkənin əli silah tutan bütün vətəndaşları ərəblərə yox, həqiqi düşmənimiz olan ermənilərə qarşı savaşmalıdır”. S.Cəlaloğlu deyir ki, azərbaycanlıların təriqəti cəfərilikdir. Bu təriqətin başçısı olan imam Cəfər Sadiq isə yalnız elm yolu ilə dinin inkişaf etdirilməsinin tərəfdarı olub: "Bu baxımdan cəfəri təriqətinə mənsub bir şəxsin vəhhabi və ya başqa təriqətə qoşulması yanlış və yolverilməzdir. Xüsusən nəzərə almaq lazımdır ki, vəhhabilik deyilən təriqətin bir çox əməlləri həqiqi islam dininə ziddiyyət təşkil edir. Onlar başqa təriqətdə olanların canlarını və mallarını özlərinə halal bilirlər”.

Partiya sədrinin qənaətincə, bu gün yaşananlar yanlış yola düşmənin, yəni bir avantüranın nəticəsidir: "Azərbaycanın din xadimləri yad təriqətlərlə mübarizədə uduzurlar. Birmənalı şəkildə demək olar ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) vəhhabiliyə məğlub olur. Çünki QMİ indiyə kimi bir nəfəri belə Qarabağ müharibəsinə yönəldə bilməyib. Amma kənardan gələn vəhhabilər çox asanlıqla insanlarımızı tora salır və onları döyüşməyə sövq edirlər. Bu da onu göstərir ki, Azərbaycanda dini təşkilatlanma çox zəifdir”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə qeyd edir ki, gənclərin müxtəlif təriqətlərə uymasının təkanverici səbəbləri işsizlik, yoxsulluq və sabaha inamsızlıqdır: "Problemin digər səbəbi təhsilimizdəki dini boşluqdur.

Müxtəlif xarici siyasi qüvvələr Azərbaycanda islam adı altında öz məqsədlərini güdən cərəyanlar yaradır. Dəfələrlə vurğulamışam ki, ölkəmizin orta məktəblərində aşağı siniflərdən başlayaraq islamın əsasları öyrədilməlidir. Əgər bu üsul tətbiq olunarsa, gənclərimiz başqa davakar dini cərəyanların təsirinə düşməzlər. Keçmiş təhsil naziri deyirdi ki, Azərbaycan dünyəvi dövlətdir, ona görə də dini təhsilə ehtiyac yoxdur. Bu yanaşma tamamilə səhvdir. Onda Azərbaycan məktəblərində şərqşünaslıq fakültəsi də yığışdırılmalıdır. Çıxış yolu odur ki, orta məktəblərdə dünyəvi elmlərlə yanaşı, islam dininin əsasları da mütləq tədris olunsun”. Ə.Temirxanın sözlərinə görə, tək orta və ali məktəblərdə deyil, həmçinin efirlərdə, KİV-lərdə də dini təbliğat aparılmalıdır: "Mollaların testdən keçməsi təklifini ALP adından ilk dəfə mən irəli sürmüşəm. İndiki vəziyyətə gəlib çıxmamaq üçün bu təklifi irəli sürmüşdüm. Axı özü bir şey bilməyən din xadimi qarşısındakına nə öyrətsin? Bu baxımdan dövlət QMİ-yə maliyyə dəstəyi ayırmalı və Təhsil Nazirliyinə əlavə səlahiyyətlər verməlidir. Özü də dini dərslər könüllü formada deyil, icbari şəkildə tədris olunmalıdır. QMİ-nin cəmiyyətdəki rolunu artırmaq lazımdır. Quruma qarşı əsassız ittihamlardan vaz keçilməlidir. Dini liderlərin bilərəkdən nüfuzdan salınması xarici kəşfiyyatın oyunudur. Onların dəyirmanına su tökməməliyik”.

İsmayıl