2014-cü ildən etibarən SMART və "Android” telefonlarının Nazirlər Kabinetində, Milli Məclisdə və digər dövlət aparatlarında qadağan edilməsi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Sonuncu adıçəkilən qurumun mətbuat sözçüsü Akif Əli "Axar.az”a açıqlamasında bildirib ki, qərarın hansı əsaslara dayanaraq verilməsi barədə mətbuat xidmətində heç bir məlumat yoxdur: "Bizə bu tapşırığı veriblər. Ancaq onun səbəbini açıqlamayıblar. Sadəcə, onu deyiblər ki, bu, təhlükəsizlik ilə bağlıdır. Daha heç bir detalı açıqlamayıblar”.
2 ay bundan qabaq həmin tipli telefonlardan istifadə edənlər mobil cihazlarını əvəzləyiblər.
Qeyd edək ki, qadağalar həmçinin adları qeyd olunan dövlət qurumlarına daxil olan jurnalistlərə, deputatlara və digər şəxslərə şamil edilib.
Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz "Şərq”ə danışarkən qadağanın internet, fotoçəkiliş və diktofon imkanları olan telefonlara aid edildiyini qeyd edib: "Qaydaların tətbiqinin təhlükəsizliklə bağlı olduğunu bildirirlər. Fikrimcə, kifayət qədər anlaşılmaz və hətta deyərdim ki, təhlükəli bir addımdır. Nə üçün? İlk öncə düşündürücüdür ki, görəsən, hansı təhlükəsizlikdən söhbət gedir? Mobil telefonlarla təhlükəsiz danışıq və ya təhlükəsiz informasiya
mübadiləsi, yoxsa binanın daxilində foto-video çəkilişlə bağlı təhlükə? Əgər söhbət ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Snouden məsələsindən sonra MKİ-nin ən müxtəlif markalı İOS, "Android” və "Blakberry” əməliyyat sistemlərinə uzaqdan müdaxilə edərək dinləmə həyata keçirəcəyindən ehtiyatlanılırsa, onda bunun da qarşısının alınmasının telefon yığılmasına aidiyyəti yoxdur”.
Onun sözlərinə görə, dövlət məmurlarının və ya deputatların informasiya təhlükəsizliyini qorumaq istəyirlərsə, onda bunun yolları tamam başqadır. Əminəm ki, aidiyyəti qurumlar bilməmiş də deyillər. Bunun üçün ya xidməti mobil telefonlar sifariş etməlidirlər, ya da özəl informasiya mübadiləsi - məktublaşma proqramları, özəl əməliyyat sistemləri hazırlamalıdırlar. Təhlükəsiz danışıq və təhlükəsiz məktublaşma kanallarının yaradılması və s.
Aidiyyəti qurumlar öz məhdud imkanlarını Prezident Fərmanında göstərildiyi kimi dövlət orqanında adi daxili elektron məktublaşma sisteminin, idarələrarası elektron məktublaşma sisteminin qaydaya salınmasına yönəltsələr, daha doğru olardı. Deputatlara hansı mail sistemindən harada (xaricdə və ya daxildə) olarkən istifadə edilməsi və necə istifadə olunması ilə bağlı XDMX saytında göstərilənlərin izahı daha düzgün addım olardı.
Əgər hələ indiyədək ölkədə dövlət məmurları və dövlət qurumları arasında təhlükəsiz informasiya mübadiləsi sistemi qurulmayıbsa və təhlükəsizliyin qarşısını "kəndçi qaydasında” telefonu əldən almaqla edilirsə, bunun izahı yoxdur.
Binanın daxilində hansısa foto və ya videoçəkilişdən söhbət gedirsə, bu da kifayət qədər normaldır. Axı MM hərbi-kəşfiyyat obyekti deyil ki, belə məsələlər qadağan olunsun. Əksinə, MM rəhbərliyi həm deputatlara, həm də jurnalistlərə hər cür şərait yaratmalıdır ki, MM-in fəaliyyəti şəffaf olsun, informasiyalı olsun, əlçatan olsun.
Milli Məclis rəsmiləri deyirlər ki, dünyada belə praktika var. Bildiyim qədəri ilə belə praktika heç yerdə yoxdur. Yalnız bir neçə ölkənin və yalnız hərbi obyektlərində bu tip qadağalara rast gəlmək olar.
Deputatlar həmişə məlumatlı və əlçatan olmalıdırlar. Deputatın istənilən an informasiya vasitələrinə, sosial mediaya çıxışı olmalıdır. Ətrafda nə baş verdiyini bilsin.
Mobil telefonun olmaması deputatın iclasdan və parlamentdən kənara çıxmasına da şərait yaradardı.
Ümumiyyətlə, indiki zamanda deputatın hər an mobil telefonunun - dolayısı ilə internetin, "facebook”un, "twitter”in yanında olması həm də onun ictimai nəzarət altında olması deməkdir ki, bu da deputatın statusu baxımından çox faydalıdır.
Xatırlayıram ki, xeyli müddət öncə xarici ölkə parlamentlərinin birində "noutbuk” gətirməyi qadağan etmişdilər. Səbəb isə bizdəkilərin dediyi kimi "təhlükəsizliklə” bağlı deyil, sadəcə, "noutbuk”la yazarkən klavişlərin ətrafa səs-küy salması və "noutbuk”un ventilyatorunun səsi ilə bağlı olub.
Bu qadağaya etiraz edən deputatlar isə ertəsi gün parlamentə keçmişdən qalan yazı makinası ilə gəlmişdilər”.
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə "xüsusi telefon təminatı olan telefonların istehsalı ilə bağlı hökumətə təkliflər paketi hazırlana bilərmi” sualımıza isə bunun nəzərdə tutulmadığını vurğulayıb: "Gələcəkdə necə tənzimlənə bilər, onu demək çətindir. Bugünün mövzusu deyil”.
Həmin qurumun Hüquq Şöbəsinin müdiri Bəxtiyar Məmmədov müasir "smartfon” tipli telefonların istifadəsinə qadağa qoyulması istiqamətində korporativ şəbəkələrdə tendensiya olunduğunu deyib: "Sinxronizasiya nəticəsində həmin işçi kompyuterlərə qoşulan qurğularda telefonlardan istifadələr, məhdudiyyətlər özəl qurumlarda da qoyulub. Sinxromlar nəticəsində telefonlar vasitəsilə bazada olan informasiyalar oğurlana bilər. Yaponiyalı mütəxəssislərlə söhbət zamanı onlar özləri də etiraf etmişdilər ki, ən qabaqcıl texnologiyalar belə informasiya təhlükəsizliyinə zəmanət verə bilmir. Buna görə də işçi kompyuterlərin telefon kimi qurğulara qoşulmasının qarşısı alınmalıdır.
Hətta Amerika səfirliyinə daxil olan zaman təhlükəsizlik xidmətinin əməkdaşı telefonu alıb özündə saxlayırdı. Bir çox ölkələrdə belə təcrübələr var. Burada problem görmürəm. Məsələnin bu qədər ictimailəşməsinə heç bir əsas yoxdur”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə "Şərq”ə danışarkən konstitusiyanın 50-ci maddəsini rəhbər tutaraq hər kəsin məlumat əldə etmə və yaymaq hüququnun təmin altında olduğunu önə çəkir: "Bu o deməkdir ki, açıq informasiya açıq mühitdə, yəni qapalı obyekt olmayan yerdə hər kəs informasiyanı ala və yaya bilər. Parlament və hökumət binası qapalı obyektlər deyil. Hər hansısa hərbi obyekt olarsa, üzərinə giriş qadağandır yazılsa, bu başqa məsələdir. Amma dünyanın heç bir yerində parlamentlər, ümumiyyətlə hökumət binaları qapalı obyektlər deyil. Azərbaycanın qoşulduğu Avropa Şurasının bununla bağlı bir çox sənədləri var. İnformasiya azadlığı deyiləndə, eyni zamanda açıq hökumətin və toplantıların dəstəklənməsi də hökumətin öhdəliyidir. Yəni parlament açıq bir mühitdir. Parlamentdə bu və ya digər formada kim hansı informasiya daşıyıcısı ilə olur-olsun. Bu istər, "smartfon” və ya "android”, istər "iphone” olsun. İstənilən telefon modeli ola bilər.
Adıçəkilən avandanlıqlarla hökumət binasına və ya parlamentə daxil ola bilər. Hüquqən məhdudiyyət ola bilməz. Hansısa plenar və yaxud komitə iclasında telefon danışıqlarını məhdudlaşdıra bilər. Burada balaca bir lövhə yerləşdirərək "telefonla danışmaq qadağandır” kimi yazılar yazmaq kifayətdir. İnsanlar telefonu səssiz və uçuş rejiminə çevirsinlər və prosesi davam etdirsinlər.
Bu zaman telefon danışığının önünə keçilmir. Bilavasitə informasiya qəbuledici və yayıcısı olan avadanlığın keçirilməsinə məhdudiyyət qoyulur. Bu, həmin qurumun profili ilə informasiya azadlığı anlayışı ilə ziddiyyət təşkil edir. Xaricdə istehsal edilən telefonların imkanları geniş olduğundan müəyyən kateqoriyadan məmurların danışığına məhdudiyyət qoyula bilər. Məsələn, Rusiya deyir ki, ancaq Rusiya istehsalı olan ağıllı telefonlar istehsal edin. Onun mərkəzi nəzarət sistemi xaricdə olmasın. Əslində bu da düzgün qərar deyil. Bütün ağıllı telefonlar qadağan deyil. Sadəcə, müəyyən ölkədə istehsal edilmiş markalara aid edilir. Misal üçün, "iphone” arxa batereyası çıxarılmır. Buna görə də həmin telefon modeli hər zaman dinlənmə qurğusu kimi istifadə oluna bilər. Başadüşüləndir.
Bizdəki tənzimləmə isə heç bir hüquqi məntiqə sığmır. Ümumiyyətlə, ağıllı telefonları hər kəsə qadağan edəsiniz. Başa düşürəm ki, dövlət qulluqçusuna dövlət telefon verirsə, özünün yüklədiyi proqramı içərisində məhdudiyyət gətirə bilər. Amma dövlət qurumunun nə işinə qalıb ki, jurnalist nə daşıyır? Jurnalistin telefonunun dinlənib-dinlənməməsindən asılı olmayaraq nə zərəri var? Media işçisinin telefonunun dinlənmə təhlükəsizliyini özü düşünməlidir”.
Vüqar Şahinoğlu