Gözünüz aydın!

Kart sistemi sürücülərin 20 qəpikdən asılılığına son qoyacaq


Dünəndən etibarən paytaxtda hərəkət edən ictimai nəqliyyatda kart sisteminin tətbiqinə başlanıb. Fevralın sonunadək isə bu yeniliyin 36 marşrut xətti üzrə 250 avtobusda tətbiq olunacağı planlaşdırılır.

Kart sisteminin tətbiqinə isə ilkin olaraq 10 və 95 saylı marşrutlarda start verilib.

Kartın qiymətinin 3 manat olduğunu deyən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, onun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa gediş haqqı kimi yüklənilir.

450 minə yaxın kartın artıq hazır olduğunu vurğulayan NN sözçüsünün sözlərinə görə, 1 milyona yaxın kart da sifariş edilib. N.Həsənov bildirib ki, proses 2014-cü ilin sonunadək başa çatdırılacaq.

Əhalinin yeni sistemə münasibətini öyrənmək üçün bir neçə ictimaiyyət üzvü ilə əlaqə saxladıq. Hələlik sistemin işə düşməsi çox yeni olduğu üçün nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sistemin fəaliyyəti ilə bağlı konkret fikir söyləmədi. Ancaq Ə.Hüseynov avtobuslarda kart sisteminin tətbiqinə başlanmasının təqdirəlayiq olduğunu vurğulayıb: "Kart sistemi gələcəkdə bütün Bakı şəhərini, onun ətrafını və rayonları əhatə edəcəksə, bu, müsbət haldır. Onun sözlərinə görə, burada bir çox incəliklər ortaya çıxacaq, şəffaflıq yaranacaq və hər bir vətəndaş kart sisteminin müsbət tərəflərini görəcək. Sərnişinlər kart sisteminin üstünlüklərindən yararlana biləcəklər. Belə ki, kart sistemi işə düşdükdən sonra sərnişinlər şəffaflığı, sürücü etikasını, mədəniyyətini, sərnişin-sürücü münasibətlərinin yüksəlməsini müşahidə edəcəklər. Gələcəkdə isə sürücünün əmək hüquqlarının qorunması, onların əməkhaqqı problemi aradan qaldırılacaq. Bu sistemdən sonra sürücü əvvəlcədən ona təyin olunmuş əmək haqqısını müəyyən edəcək və sürücülərin 20 qəpikdən asılılığına son qoyulacaq. Sözsüz ki, kart sistemi tətbiq edildikdən sonra sürücü-sərnişin münasibətlərindəki gərginlik aradan qalxacaq. Sərnişinlərin təhlükəli vəziyyətlərlə qarşılaşması problemi aradan qaldırılacaq. Çünki bu gün sürücülər verməli olduqları gündəlik planı ödəmək üçün müxtəlif yollara əl atırlar. Kart sisteminə keçid zamanı bu hal aradan qalxacaq və sürücü onun gəlməli olduğu vaxta işləyəcək”.

Kart sisteminin tətbiqinə bir az kövrək yanaşdığını deyən ekspert Azərbaycanda bu sistemi tam uğurla həyata keçirməyin o qədər də real olmadığı qənaətindədir: "Bu sistemin bütün şəhər üzrə tətbiqindən sonra sərnişinlər bir kartla şəhərin istənilən ərazisinə gedib-gələ biləcək. Bu isə Azərbaycanda marşrut xətlərinə nəzarət edənlər üçün müəyyən çətinliklər yaradacaq: "Bilirsiniz ki, avtobuslar ayrı-ayrı şirkətlərin nəzarətindədir. Bu baxımdan kart sisteminin həmin şirkətlər arasında mübahisə yaradacağını güman edirlər. Əslində məbləğin hansı şərtlərlə bölüşdürüləcəyi mənim üçün maraqlıdır. Digər tərəfdən də bu sistem onları əlavə gəlirdən məhrum edəcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bu sistemin istənilən şəraitdə tətbiqinin vacibliyini vurğulayıb:

"Nəzərə alsaq ki, dünyanın bütün normal ölkələrində, say etibarilə əksər ölkələrdə kart sistemi tətbiq olunur, Azərbaycan da kart sisteminə birmənalı şəkildə keçməyə məcbur ölkədir. Bu baxımdan bəzi narazılıqlar olsa belə, bütün hallarda kart sisteminin tətbiqi vacibdir. Amma əsas məsələ sürücülərə təklif edilən əməkhaqqının məbləğidir. Əgər normal məbləğ təklif olunarsa, sürücülər bu əməkhaqqı ilə fəaliyyət göstərməkdə maraqlı olacaqlar. Burada əsas məsələ sürücülərin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq və onlara təklif edilən

əməkhaqqının onların yaşayışı üçün uyğun olmasıdır. Biz həmişə bu sistemin tətbiqinin tərəfdarıyıq. Nəqliyyatda normal sivil münasibətlərin tətbiq edilməsinə ehtiyac var. Bu məsələ isə birbaşa kart sisteminin tətbiqindən keçir. Nəqliyyat sektorunda fəaliyyət göstərən digər şirkətlər də çalışmalıdırlar ki, sürücülərə uyğun əməkhaqqı təklif etsinlər. Belə olarsa, məncə, hər hansı narazılığın olmasından söhbət gedə bilməz. Amma əks halda sürücülərin etiraz edəcəyi ehtimalı kifayət qədər yüksəkdir”.

Şəymən