Bakıda ikinci əl dərman satılır

Mənşəyi məlum olmayan dərmanların açıq havada və səyyar köşklərdə satılması təhlükəlidir



Saxta, vaxtı keçmiş, keyfiyyətsiz dərmanlar problemi uzun müddətdir narahatlıq yaradır. Bu cür dərmanlardan istifadə bir çox problemlərə, hətta insan tələfatına səbəb olur. Hər il saxta dərmanlar səbəbindən onlarla vətəndaşımız həyatını itirir. Azərbaycan bazarında satılan dərmanların ən azı 30 faizinin saxta olduğu ehtimal edilir. Xəstələrə yazılan firma dərmanlarının çoxu heç bir effekt vermir. Bir çox hallarda mənfi fəsadlar törədir. Dərmanların saxlanma müddətinə və şəraitinə əməl olunmur.

Ona görə də insanlar dərman alarkən diqqətli olmalıdırlar. İstər efir məkanları, istərsə də media orqanları dəfələrlə çağırış edib ki, açıq qutularda və lisenziyasız səyyar köşklərdən dərman preparatı almaq olmaz. Dərman alındıqdan sonra həkimə göstərilməlidir. Bu çağırışlara isə məhəl qoyan və əməl edənlərin sayı azdır desək, yanılmarıq. Çünki bu günlərdə əməkdaşımızın Sabunçu bazarı yaxınlığında yerləşən Rus bazarı adı ilə tanınan məkanda hazırladığı reportajda Vera Məmmədovanın açıq havada, az istifadə olunmuş, lakin yararlılıq müddəti keçməyən dərman satması faktı ortaya çıxıb. Maraq doğuran məsələ odur ki, satıcı dərmanları qonşuluğunda yaşayan tibb bacısından alırmış. Sözsüz ki, bu cür arzuolunmaz hallar insanlarda çox ciddi fəsadlara yol açır. Məhz bunun nəticəsidir ki, ölkədə dərmanlardan zəhərlənənlərin, əlil və sonsuz olanların, ölənlərin sayı get-gedə çoxalır.

Mənşəyi məlum olmayan dərmanların açıq havada və səyyar köşklərdə satılmasını dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bunların yolverilməz olduğunu söyləyib: "Xəstələrin həkim məsləhəti olmadan, hər hansı bir dərman preparatını istifadə etməsi düzgün deyil. Dünyanın hər yerində dərmanlar həkimlərin resepti əsasında buraxılır. Kənar yerlərdə, yarımçıq qalmış, saxlama qaydaları haqqında məlumat olmayan dərmanlardan istifadə insan sağlamlığına ciddi təhlükədir”.

Professorun qənaətinə görə, dərmanların bazarlara çıxarılmasından tutmuş istifadəsinə qədər olan proseslər xüsusi protokol əsasında həyata keçirilir: "Elə dərmanlar var ki, soyuqda saxlanılmalıdır. Bəziləri buz üstündə saxlanılır. Elə dərmanlar da mövcuddur ki, işıqdan müdafiə olunmalıdır. Saxlama qaydası pozulan dərmanlar ən yaxşı halda təsirini itirir. Ən pis halda isə xəstənin zəhərlənməsi ilə nəticələnir. Ona görə də insanlar diqqətli olmalıdırlar. Sağlamlıqlarının qeydinə qalmaq üçün həkimə müraciət etməlidirlər. Özbaşına dərman qəbul etmək doğru deyil. Həkim məsləhəti mütləqdir”.

Tibb işçilərinin dərmanların pərakəndə şəkildə satışına imkan yaratmasına münasibət bildirən A.Qeybulla bunun Dərman Təhlükəsizliyi Konsepsiyasının təməl prinsiplərinə zidd olduğunu vurğulayıb: "Buna haqq qazandırmaq mümkün deyil”.

Həmsöhbətimiz bildirib ki, bu cür dözülməz halların qarşısının alınmasına Dövlət Reyestri, Səhiyyə Nazirliyinin Dərman Maddələri Qeydiyyata alan analitik şöbəsi və vergi ilə məşğul olan təşkilatlar nəzarət edə bilərlər: "Bu işdə insanların özləri də düşünməlidirlər. Bilməlidirlər ki, mənşəyi məlum olmayan dərman maddələrini almaq olmaz”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də, zəngimizə cavab vermədi.

Ayyət Əhməd