Son dönəmlər Rusiya və Gürcüstan arasındakı münasibətlərdə yumşalma müşahidə olunur. İki ölkə arasındakı buzun əriməsinin işartıları hələ parlament seçkilərində Bidzina İvanişvilinin "Gürcü Arzusu” koalisiyasının qalib gəlməsi anında görünürdü. Bu yaxınlarda sözügedən ölkədə keçirilən prezident seçkilərində İvanişvili tərəfdarı Georgi Marqvelaşvilinin liderlik sükanını ələ keçirməsi həmin ehtimalları doğrultdu.
Rusiya prezidenti Vladimir Putin isə jurnalistlərlə görüşündə Gürcüstanla münasibətlərindəki gərginliyin aradan qaldırılması istiqamətində müəyyən addımların atıldığını söyləyib. Kreml rəhbəri qeyd edib ki, viza rejiminin sadələşdirilməsi barədə gürcü hökuməti rəsmi Moskvaya mesajlar verir. Məlumdur ki, sabiq prezident Mixeil Saakaşvilinin seçkidə məğlubiyyətindən sonra Gürcüstan hökuməti şimal qonşumuzla münasibətlərin tənzimlənməsinə ciddi cəhdlərlə səy göstərib. Belə ki, rəsmi Tiflis Rusiya üçün hava məkanını açır. Gürcüstan mətbuatının verdiyi məlumata görə, yanvarın 20-də Rusiyanın SU-27 qırıcı təyyarələri Gürcüstanın üzərindən uçacaq. Məlumatda bildirilib ki, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.
O da qeyd olunub ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib. Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər.
Xatırladaq ki, Rusiya hərbi təyyarələrinin Gürcüstan hava məkanından uçuşu 2008-ci ilin avqustundan sonra həyata keçirilən ilk uçuş olacaq.
Rusiya-Gürcüstan münasibətlərində yaranmış istiləşməni şərh edən fəlsəfə elmləri doktoru, politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında söyləyib ki, bu hal Gürcüstan milli ləyaqətinin və qürurunun rus işğalçılarının ayaqları altına atılması deməkdir. Onun sözlərinə görə, burada yaxın qonşuluq əlaqələrinin bərqərar olunmasından söhbət belə gedə bilməz: "İşğalçı dövlət Gürcüstanın ərazilərini, Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlayır. Belə olan halda hava məkanının açılması Gürcüstana edilə biləcək təhdidlərin ən pisidir. Bu işin başında İvanişvili və onun biznes maraqları dayanır. Burada Rusiyanın barmaq izləri də var. Baxın, İvanişvilinin nə həddi vardı ki, Rusiya kimi imperialist bir ölkəyə qarşı çıxsın. Bunlar hamısı bir ssenarinin ayrı-ayrı səhnələridir ki, zaman-zaman həyata keçirilir. Öncə ticarət əlaqələri bərpa olundu. Ardınca viza sistemi aradan qaldırıldı. İndiki halda isə hava məkanı məsələsi gündəmə gətirilib”.
Siyasi təhlilçinin fikrincə, bu məsələ separatçı Ermənistanın blokadasını yumşalda bilər: "Zənnimcə, Gürcüstan hökumətinin addımı Azərbaycana qarşı atılmış ən neqativ addımlardan biridir. Bunun müqabilində ölkəmiz adekvat addımlar atmalıdır. Məsələn, biz nəyə görə Gürcüstana qazın kubmetrini 120 dollara satmalıyıq? Nəyə görə Bakı-Tbilisi -Ərzurum dəmir yolu xətti üçün faizsiz kredit verməliyik? Düşünürəm ki, Azərbaycan adıçəkilən ölkə ilə münasibətlərinə bir daha baxmalıdır”.
Ekspertin qənaətinə görə, Gürcüstanın itirilmiş ərazilərini geri qaytaracağı inandırıcı görünmür: "Qərb ölkələri onların ərazi bütövlüyünü tanıyırdı. Nə olsun ki? İşğal olan torpaqlarda yaşayanlar aborigen xalqlardı. Onlar da bildirirlər ki, öz müqəddəratını həll ediblər. Qeyd edirlər ki, dövlətlərini yaradıblar və könüllü şəkildə Rusiyanın tərkibinə qatılıblar. Bundan sonra Gürcüstanın ərazilərini geriyə qaytarması mümkün görünmür”.
Ayyət Əhməd