Azərbaycanda artıq uşaqların hüquqlarını xüsusi məhkəmələr qoruyacaq. Belə ki, Azərbaycanda uzun müddətdir müzakirəsi gecikən hüquq ilə bağlı yeni qanun layihəsi yaz sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq.
Verilən məlumatda "Yuvenil ədliyyə haqqında” adlı yeni qanun layihəsi yaz sessiyasının iş planına daxil edilib.
Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri də cəlb edilib. "Yuvenil ədliyyə” uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını, uşaq cinayətləri üzrə məhkəmə, prokuror və vəkillərin ixtisaslaşdırılmasını nəzərdə tutur.
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev məsələyə fundamental yanaşılmalı olduğunu bildirib: "Yuvenil ədliyyə” məsələsi dünyanın bir çox ölkələrində ciddi müzakirə olunur. Və bir çox ölkələrdə "Yuvenil ədliyyə”yə qarşı çıxılır. Müəyyən dövlətlər düşünürlər ki, uşaqların hüquq və azadlıqlarını təmin etmək üçün və yaxud pozularkən onlara səmərəli hüquqi müdafiə mexanizmlərinin tətbiqini həyata keçirmək üçün ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac var.
Bu məsələ ilə məşğul olan şəxslərin fərqli yanaşmaları var. Azərbaycanda da qeyd olunan məsələ ilə bağlı uzun müddətdir müzakirələr gedir. Bir qrup şəxs ayrı-seçkiliyin güclənməsinə gətirib çıxaracağını düşünür. Digər qruplar "Yuvenil ədliyyə”nin qəbul edilməsinə ehtiyacın olmadığını bildirirlər. Zərərli nəticələrə gətirib çıxaracağını söyləyənlər də var. Hər halda daha çox fikirlər "Yuvenil ədliyyə”nin tətbiq olunmasına yönəlib. Çünki uşaqlarla bağlı onların hüquq və azadlıqları ilə bağlı spesifik yanaşmaq lazımdır. İxtisaslaşma lazımdır. Bu baxımdan da uşaqların hüquq və azadlıqlarının daha güclü şəkildə qorunması üçün bizim kimi cəmiyyətlərdə qorunması çox vacib məsələdir. Məhz bu baxımdan da belə bir tətbiqi prosesinə keçidlə bağlı düşünürlər.
Amma düşünmürəm ki, bütün səviyyələrdə buna keçməyə ehtiyac var. Yaxşı olardı ki, adıçəkilən qanun layihəsi pilot olaraq həyata keçirilərdi. Mövcud ədliyyə və məhkəmə sistemi çərçivəsində bir neçə məhkəmədə ixtisaslaşmış hakimlər olardı. Qeyd olunan işlərə bir neçə regionda baxılardı. Daha sonra ümumiləşdirməyə ehtiyac var idi və bunun nəticəsində artıq qərar qəbul edilə bilərdi ki, bütün ölkə milli səviyyədə buna keçsin və yaxud keçməsin. Qanun layihəsinin hansı müsbət tərəfləri var? Nəticələr nədən ibarət oldu? Nə kimi pozitiv nəticələrə gətirib çıxartdı? Bütün deyilən məsələləri öyrənmədən, diqqətlə araşdırmadan müəyyən təcrübi nəticəni əldə etmədən, digər ölkələr keçdiyinə görə biz də tətbiqinə keçməməliyik. Hesab edirəm ki, adıçəkilən qanuna keçidə tam sistemli yanaşma deyil. Ola bilər, nəzəri tərəfi öyrənilib, ancaq praktik tərəfi nədən ibarət olacaq? Azərbaycan cəmiyyətinin mental, milli xususiyyətləri nəzərə alınmalıdır. Cəmiyyətimizdə uşaq münasibəti kimi detallar nəzərə alınmalı idi. Uşaqların valideynlərinə münasibəti ciddi surətdə öyrənilməlidir. Ciddi tədqiqatlara ehtiyac var. Pilot layihə kimi tətbiq olunması daha yaxşı olardı.
"ASAN” Xidməti kimi ilkin olaraq sınaq layihə kimi həyata keçirilsin. Daha sonra tam keçmək olar”.
Vüqar Şahinoğlu